Köçəryan Paşinyana qarşı HƏRƏKƏTƏ KEÇDİ - Ermənistanda kim baş nazir olacaq?


Ermənistanda siyasi gündəm yenidən qızışıb. Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” blokunun baş nazirliyə namizəd kimi irəli sürülməsi ölkədə daxili siyasi balansın necə dəyişəcəyi ilə bağlı müzakirələri aktuallaşdırıb. Bu addım müxalifətin güclənməsi cəhdi kimi qiymətləndirilsə də, hakimiyyətin mövqeyi fonunda nəticələrin necə olacağı sual doğurur. Maraqlıdır, onun seçilmə ehtimalı nə dərəcədə realdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, hazırkı mərhələdə Köçəryanın seçilmə ehtimalı zəif görünür.

Ermənistan üçün məşhur 'X

“Köçəryan 2021-ci il seçkilərində təxminən 270 min səs toplasa da, parlament mübarizəsində uğur qazana bilməyib.
Hazırda ölkədə hakim Vətəndaş Müqaviləsi Partiyası kifayət qədər güclü ictimai dəstəyə malikdir və fəaliyyətini uğurla davam etdirir. Bu isə müxalifətin hakimiyyətə gəlmək imkanlarını xeyli məhdudlaşdırır”.

Ə. Əlibəylinin fikrincə, Köçəryanın qalib gəlməsi üçün əsasən iki dayağı var: təhlükəsizlik və mühafizəkarlıq üzərindən formalaşan ənənəvi elektorat.

“Bundan əlavə, onun uzun illər hakimiyyətdə olması və Rusiya ilə əlaqələri də müəyyən siyasi üstünlüklər yaradır. O, həmçinin Daşnaksütyun Partiyasının dəstəyinə arxalana bilər.
Hazırkı baş nazir Nikol Paşinyanın yürüdüyü siyasət, xüsusilə antimüharibə tezisləri cəmiyyətdə geniş dəstək qazanıb. Bu amil isə müxalifətin hakimiyyətə gəlməsini çətinləşdirən əsas faktor kimi qiymətləndirilir”.

Nəticə etibarilə, siyasi müşahidəçilərin fikrincə, Ermənistanın daxili siyasi səhnəsində rəqabət artsa da, mövcud şəraitdə Köçəryanın hakimiyyətə qayıdışı real görünmür.


MANŞET XƏBƏRLƏRİ