Bir imza və bir şeir rubrikamızın bugünkü qonağı Azər Əhmədovdur
Xoş gördük, Azər bəy!
Xoş gördüm, səxavətli oxucum!
Biz poeziya deyəndə təkcə texniki təsvirləri və ya müntəzəm seçilmiş kəlmələrin yaratdığı o zahiri estetik ləzzəti nəzərdə tutmuruq, niyəki poeziya, sözlərin poetik pəncərəsindən bizi ideoloji uzaqlıqlara sovuran, bizi sistemli düşüncəyə və insanın gizli psixoloji qatlarına yönəldən bir hadisədir. Poeziyada biz insani hadisələrin daxili yaşayışını, yəni söz vasitəsilə təzahür edən və yenidən yaşanan taleyi ehtiva edirik.
Bəzən bu ağır fikir tək bir misrada belə özünü büruzə verir. Məsələn, biz deyəndə ki...yollar ayaqqabılarımızın evidir... bu, bir füsunkarlıq üçün seçilməyib. Nətəhər ki, bu misrada insan taleyi üçün seçilmiş yolun onun əzəli yurdu olması düşüncəsi hakimdir. Əgər taleyin müqəddəratına inanırıqsa, onda insan öz taleyini özü inşa etmir, əksinə, əvvəlcədən cızılmış o dairənin içindədir. İntihası, yol ayaqqabının evi olduğu kimi, insan taleyinin də ünvanıdır. Yəni insanın başına gələn və ya gələcək hadisələrin hamısı sanki əvvəlcədən onun üçün müəyyəndir. Bu baxımdan, sanki əvvəlcə yol var, sonra insan o yolda rəvan olur.
Bütün bunları ona görə xatırlatmalı oluram ki, biz simvolizm və ya formalizm deyəndə bunu təsvirçilik sənəti ilə iltibas etməməliyik. Bunların mahiyyəti əsla eyni sayılmaz. Formalizm daha çox mətnin quruluşu, sözlərin seçimi və poetik formanın öz daxili qanunauyğunluğudur. Təsvirçilik isə mətnin ideoloji, psixoloji və taleyüklü qatlarını inkişaf etdirməyə, onları açmağa meyllidir. O, poeziyanı daha geniş mənada insanın fərdi taleyi və ideoloji təfəkkürü ilə əlaqələndirir.
Siz buna ağ şeir deyirsiniz, siz buna təsvirçilik və ya imajinizm deyirsiniz. Amma mən buna daha çox həndəsi hərəkət, həndəsi şüur, həndəsi söz deyirəm. Mən buna göylərin ölçüləri, yəni kubizm deyirəm. Kubizm cərəyanı poetik mənzərənin yalnız bir tilini, ədəbi-psixoloji hadisənin bir ucudur. Bu, məşhur aysberq misalıdır, suyun üzərində yalnız kiçik bir zərrə görünür, amma onun əsl əzəməti suyun altında, o qaranlıq dərinlikdədir. Biz görünən o kiçik hissəni göstərərək bütöv aysberqi, suyun altında qalan o nəhayətsiz varlığı düşüncəmizdə canlandırırıq.
Poeziyada da belədir. Bir misra, bir obraz yalnız bir tərəfə işarədir, amma onun arxasında daha böyük psixoloji və estetik mənalar yatır.
Bütün bu danışdıqlarımı aşağıda danışacaqlarım haqqında bir metaforadır.
Elə isə müəllifin şeirini oxuyaq,
ƏLAQƏ
arvadım
nədir, indi boşanaqmı deyirsən
soruşur
və yadıma sən düşürsən
qonşumuzun evinin dalındakı
həyətin küncündə
dağdağanların
arxasında gizlənən
bəlkə məndən başqa
heç kimin toxunmadığı
yerə sürtülə-sürtülə
ağır-ağır açılan
taxta qapı
Və gördüyümüz kimi, az sözlərlə çox böyük bir mənzərəni müşahidə edirik. Bu mənzərə o qədər genişdir ki, onun haqqında istədiyimiz qədər publisistik məna yaza bilərik. Daha doğrusu mətn özü bu mənanı işarələrlə yazdırar.
Bəli, mən məhz buna görə bunu roman şeiri. Roman adlandırıram.
Və bütün bu fikirlərimi bir filoloq dostuma danışırdım ki, bu şeir haqqında həmsöhbətim sözümü kəsib bunları mənə dedi, bəli elə belə də demişdi,
–bax, bu yazılanlara baxanda adamın ruhu ağrıyır. Hardadır o Füzuli rəndəliyi, hardadır o Sabir qafiyəsi? Klassik poeziyanın bir vəhdəti, bir daxili nizamı olar. Şeir dediyin musiqidir, o oxunanda qulaqda bir əks-səda doğurmalıdır. Buradakı nədir bəs?
Bu, Nəzm Deyil, Söz Yığınıdır
Biz şeiri ona görə sevirik ki, o, hər adamın deyə bilmədiyi sözü xüsusi bir ölçüdə, bir ...nəzm.. içində bizə göstərsin. Amma bu ...Əlaqə...adlanan yazıda mən heç bir poetik nizam görmürəm. Sözlər elə bil kağızdan yerə tökülüb, necə düşübsə, eləcə də saxlanılıb. Sətirlər arasında nə bir qafiyə bağı var, nə də bir ritm ahəngi. Bu, şeir yox, eləcə bəsit bir məişət söhbətidir ki, sətirlərə bölünüb.
Ay oğul,
Klassik oxucu üçün sözün müqəddəsliyi var. ...Arvadım soruşur ki, boşanaqmı...Bu nə biabırçılıqdır? bu, poeziya dilidirmi? Bu, küçə dilidir, mətbəx söhbətidir. Şeir insanı gündəlik qayğılardan qoparıb estetik bir ucalığa qaldırmalıdır.
Burada isə biz əksini görürük, tam bir poetik çöküş. Şair əgər buna şair demək mümkünsə öz xatirəsini elə bəsit təqdim edir ki, orada nə bir ilahi eşq var, nə də bir dərin fəlsəfi arxetip.
Hər bir sənət əsərinin bir forması, bir layihəsi olmalıdır. Klassik ədəbiyyatda misraların sayından tutmuş hecaların bərabərliyinə qədər hər şey bir qanuna tabedir. İstər sərbəst şeirdə, istərsə də qafiyəli şeirdə. Bu mətndə isə nəzm deyilən anlayış ayaqlar altına atılıb. Söz ardıcıllığı o qədər pərakəndədir ki, oxuyanda insan harada dayanıb, harada nəfəs alacağını bilmir. Bu, formalist bir yanaşma deyil belə, bu, formasızlıqdır.
...Dağdağanların arxasında gizlənən taxta qapı...
–Yaxşı, bəs bunun şeiriyyəti harasındadır?
Mən şeirə təkcə qafiyə səsləşməsi kimi yanaşmıram, həm də fikir səsləşməsi kimi görmək istəyirəm ha! Bu, bir proza cümləsidir. Onu on yerə bölüb alt-alta yazmaqla şeir yaranmır.
Bizim üçün poeziya bir sənətdir, zərgər işidir. Bu isə sadəcə xam bir materialdır, hələ üzərində çox işlənməlidir ki, şeir adını qazansın.
Axı...mən...elə deməzdim...
Sağollaşdı mənimlə
Qəribə bir hiss tutdu məni,
Ağlımda işıq sürəti kimi axdı fikirlər,
Bir anlıq mən sözləri insana bənzətdim, onları insan gözündə gördüm. Heç istəmədim ki, bu böyürtikan koluna oxşayan ədəbiyyatşünaslıq terminləri üzərimdə fəlsəfənin manyaklığını yaysın. Axı necə ola bilər ki, insan faciələri qalaq-qalaq terminlərdən ibarət olsun? Hər tikan batanda zövq almaq, bunu mən manyaklıq adlandırıram. Şeirin elmi elə insan faciəsidir. Və bu faciənin qarşısını almaqdan ötrü insan psixologiyasına sözlərdən güzgü düzəltməkdir!
Təsəvvür edək, bir ana xərçəng xəstəsi olan övladına deyir ki,
Sənin saçların çox şabalıdır…
Kəsək onları, balam…
İndi alacaqlar,
Bu pul səni sağaldacaq.
İndi biz burda real hadisəni poetik olmadığını bildiyimiz üçün buna ədəbiyyat demirik.
Ya bu poetik bənd olsaydı nə edəcəkdik? ədəbi qəhramanlıq qazanacaqdıq? Onda insanlıq faciəsi böyük olacaqdır, yoxsa ədəbi terminlərin nəzakətli düzülüşü?
Ədəbiyyat yarış meydanı deyil, söz sənətindəki inqilabdır. Kim yaxşı yazır fikiri, qələmi toplumun oyuncağı edir.
Bəli, bəli hətta mənə elə gəlir ki, ədəbiyyatşünaslıq şeirin meyarını mövcud insanın indiki hisslərinin və ya psixi vəziyyətlərini canlı göstərməkdən çoxdan imtina edib, o bunu arxetip olmadan yəni, köhnə min il bundan qabaq yaşamış insanların hissləri və yaşayıb qurtardığı, o köhnə dünyanın alətləri ilə ölçür. Və belə olan halda da insan faicəsi zövq şəkilinə dönür. Ədəbiyyatın zövq gözü burdan formalaşır. Mən mətnlə insan arasındakı o uçurum sərhədində yaşamaq istəmirəm!
Və mənə elə gəlir ki, modern insan artıq arxetip nədir, Karl Yunqu oxumadan belə onu başa düşür, canlı yaşayır, bunun üçün də şeirə qalıq kimi baxır, canlılıq görmür,
Onu ədəbiyyatşünaslığın çürümüş terminlərində görəndə ürəyi bulanır. Bundansa, gerçək mənzərəyə baxmağı daha üstün tutur.
Nə isə qayıdaq şeirimizin təhlilinə,
arvadım nədir, indi boşanaqmı deyirsən soruşur
Bu misralarda şair, ailə institutunun və ümumiyyətlə cəmiyyətin konseptual ideyalarının dağılmasını simgələyir. Burada psixoloji azğınlıq və gerçək həyatın məhdud sığınacaqları üzərində mövcudluğun qırılmasına baxırıq. Müəllifin əsas məqsədi bu psixoloji gərginliyi, klassik təfəkkürün bərkimiş qaynaqlarından istifadə edərək, vizual və təsvirli vasitələrlə ifadə etməkdir.
Bu sual bir ayrılıq məramından çox, fərdin öz ontoloji bütövlüyünü itirmə qorxusudur!
və yadıma sən düşürsən ...
Yadıma sən düşərsən...
ifadəsi, şeir kontekstində kubizmin bir tilini göstərir. Burada xatirə və arxetip yaddaşın insan təfəkküründə necə möhkəmləndiyi, bir hadisənin necə təzahür etdiyi və cansız, əlbəttə ki... mövcud bir varlıq kimi yaşadığı vurğulanır. Əgər Günəşin xatirəsi obrazda yoxdursa, onun Günəşə olan sevgisi də mücərrəd bir boşluqdur.
qonşumuzun evinin dalındakı həyətin küncündə dağdağanların arxasında gizlənən
Fiziki olaraq dağdağan ağacı susuz yaşaya bilir, yəni o, yağışı gözləyənə qədər sağ qala bilir. Görünür, müəllif buradakı ağacı təsadüfən obraz seçməyib, bu canlılığın, dözümlülüyün imgəsidir.
Dağdağan ağacının möhkəmliyi və arxadayaq olmasının mənasızlığı, həmçinin başsızlığı, şeirdə simvolik bir boşluq və kollektiv xatirənin çöküşü kimi özünü tanıdır. Bu mənzərə vasitəsilə şair, izolyasiya effekti yaradır. Ekzistensial görüntü, ağacın möhkəmliyindəki ironik boşluqla birləşərək, obrazın daxili dünyasındakı marjinal tənhalıq hissini oxucuya çatdırır.
Burada psixoloji və metaforik qatlar bir-birinə qarışaraq şeirin vizualizasiyasını gücləndirir.
bəlkə məndən başqa heç kimin toxunmadığı yerə sürtülə-sürtülə ağır-ağır açılan taxta qapı
Bütün misraların sonunda cəmləşən fikir, bu gizlənmiş qapı ilə simvollaşdırılır. Bu qapı şüuraltı psixologiyanın, xatirələrin və fərdi həyatın arxaik qapısıdır. O, fikrin yalnız fərdi, daxili təcrübəsini açan canlı element kimi görsənmək niyyətindədir. Yerin dizlərinə sürtülən o ağır səs, ruhun stasiyonal əzabını pozan yeganə həqiqətdir.
Və burada bircə fikir var, bu qədər təsvirin içində yalnız bircə fikir mövcuddur. Həmin fikir şeirin özəyini təşkil edən, poetik görüntüsüdür, poetik şəklidir. Həmin şəkildə xatirələr, psixoloji hadisələr, həyatsal yaşantılar bizə canlı və estetik libas geyindirir. Bu simvol vasitəsilə biz insanın fərdi təcrübəsinin və kollektiv şüurun konturlarını görmə imkanı əldə edirik. Şeir həm vizual, həm də psixoloji təcrübəni birləşdirən eksiztensial bir axındır.
Oxu dərkində görüşmək ümidiylə
Müəllifə hörmətlə
Gələn görüşlərədək
Cavid Fərzəli