İNAM ATA (ASİF ATA) - Dünyayla görüş



İşıqlı Atalı

İnsan ana bətnindən dünyaya uçuruma düşən kimi düşdü. Yadlıq, naməlumluq, məchulluq onun qəlbini qorxuyla, təlaşla doldurdu. Uzaqlığın sehri insanda həm də dərin və gözlənilməz bir heyrət oyatdı.

Dünya insana yad idi, ancaq bu yadlıqda anlaşılmaz bir cazibədarlıq vardı.

Dünyayla ilk görüşdə yadlıq insana dəhşətli göründü. O, dünyaya gəlməsini müdhiş çığırtı ilə bildirdi. Bu çığırtıda acı fəryad da var idi, sonsuz maraq da.

Uçurum qorxunc idi, ancaq həm də cazibədar, əfsunlu, möcüzəli idi. İnsan dünyada yaşadı və böyüdükcə dünyaya münasibəti də böyüdü. İnsanı yalqızlıq fəlakətindən ANA qurtardı. O, balasını bağrına basdı, əzizlədi, sevdi və insan anasını dünya saydı. Uçurumun dəhşəti yox oldu, cazibədarlığı qaldı. Ana bətnindən qopub dünyaya düşmüş insan ana məhəbbətində öz ilkin mənəvi məskənini tapdı və bu məskəni ağlında, təxəyyülündə yenidən yaratmağa başladı.

Dünyayla ilk təmasda qəlbində yaranan maraq, heyrət duyğusu çiçəkləndi. Ana adlanan adi varlıq yerə-göyə sığmayan qüdrətə çevrildi.

Anayla görüşməklə insan dünyayla görüşdü. Ananın üzündə, təbəssümündə, nəvazişində dünya başlanırdı və qurtarırdı.

İnsan anladı ki, ana dünyası möcüzəli dünyadır. Ananın əlləri adi əl deyil, gözləri adi göz deyil, analıqda sonsuz gözəllik var. Deməli, insanın düşdüyü uçurum da adi uçurum deyil və dünya insana yad deyil, dünya ilə insan birdirlər. Ana ilə bala bir olan kimi. Dünyayla insan arasında münasibətin mənasını həssas uşaq qəlbi çox tez duydu. Ana adi qadındırmı? YOX. Deməli, dünya da adi dünya deyil. Ana övladından ayrıdırmı? YOX. Deməli, dünya da insandan ayrı deyil. Ana hamının gördüyü, bildiyi adamdırmı? YOX. Anayla balanın təmasda olduğu otaq hamının gördüyü, bildiyi otaqdırmı? YOX. O, nağıldır, sehrdir, möcüzədir. Dünyanın əsil mənasını bala anasında tapdı.

Sonralar o, böyüdü, yetkinləşdi, dünyada yalan, ədalətsizlik, eybəcərlik, qəddarlıq, məkr, riya gördü, qəmləndi, göz yaşı tökdü, ancaq dünyanın ana ülviyyətindən əl çəkmədi! İnsanlara biganə dünya – dünya deyil! – dedi. Alçaqlara meydan verən dünya – dünya deyil! – dedi. Yalanı taxta mindirən dünya – dünya deyil! – dedi. Hər görünən dünya – dünya deyil! – dedi. Hər yaşayan dünya – dünya deyil! – dedi.

Əgər insanların göz yaşı dənizin sularından çoxdursa, əgər coşğun arzular insana səadət yox, fəlakət gətirirlərsə, əgər dünyanın yaratdığı insanın ürəyi çirkabla doludursa, əgər məzlumlar cəlladlara səcdə qılırsa, əgər naşılıq müdrikliyi üstələyirsə, əgər məkr sədaqəti lağa qoyursa, deməli, dünya – dünya deyil!

Uçurumun dünya olduğunu biləndən sonra insan uçuruma bənzər dünyanı dünya saymadı! Çünki o, dünyanın əsil mənasına qovuşdu. Analıq şəfqəti İnsanı dünyayla aşina etmişdi.

İnsan anladı ki, onu əhatə edən dünya əsil dünyanın özü deyil!

Burada əsil dünyanın yalnız ayrı-ayrı nişanələri var. Ülvi məhəbbət adlanan nişanəsi! Qəhrəmanlıq, fədakarlıq adlanan nişanəsi! Gözəllik adlanan nişanəsi! İdrak eşqi adlanan nişanəsi!

İnsanın gerçəklikdə yeni yadlığı başladı. O, başqasıyla tam mənəvi vəhdətə can atdı, ancaq bacarmadı, mütləq mənəvi vəhdət yaranmadı, yadlıq aradan qalxmadı. İnsan həqiqət yolu tutdu, ancaq həqiqətpərəstlik sevilmədi, yalan həqiqəti əvəz etdi. İnsan sədaqət istədi – ona xəyanət bəxş etdilər, məhəbbət istədi – nifrət verdilər, səmimiyyət istədi – məkrlə öyündülər. Vəhşilik, yırtıcılıq, şəhvanilik, zalımlıq yerə-göyə sığmadı! Ürəklə ürək arasında uçurum yarandı! Dünyadan qorxdular, küsdülər, qaçdılar!

“Bu, dünya deyil!” – deyə İnsan dilləndi! Dünyanı özündə axtar!

Dünya murdardır, sən murdar olma! Dünya naşıdır, sən naşı olma! Dünya çirkindir, sən çirkin olma! Özünü xalisləşdir, ülviləşdir, dünyalaşdır! Naqis dünyanı qanınla təmizlə! Öl – dünyanı diriltmək üçün! Qoy səni çarmıxa çəksinlər, qoy dərini boğazından çıxartsınlar, bədənini tonqallarda yandırsınlar! Bununla sən əsil dünyanı təsdiq edəcəksən! Torpağı, yeri, göyü, çəməni, çayı şeirinlə bəzə, ilahiləşdir, musiqinlə əsil dünyanın səsini eşit.

İnsan ətrafındakı dünyanın dünya olduğuna inanmadı, gerçəkliyə sığmadı. Həyatda yalnız o, bircə dəfə dünyaya sığmışdı: Anasının qucağında. Ancaq onda dünya adi dünya deyildi, ondan hədsiz dərəcədə böyük, ali, əsrarəngiz idi!

Bir sözlə, İnsan dünyaya öz dünyasını özüylə, ruhunda gətirmişdi.

İnsan dünyaya atılmışdı. Gerçəklikdə o, heç vaxt yadlıqdan ayrıla bilməmişdi. Ancaq yadlıq onu məhv etməmişdi. Çünki öz dünyası vardı. Gerçəkliklə insan döyüşmüşdü, onun üzərində qələbə çalmışdı, ancaq dünya yadlığından tam ayrıla bilməmişdi.

(1980)

(Ardı var)

***

İNAM ATA

İNSANİLİK MƏRASİMİ ÜSTƏ MÜTLƏQLƏ TƏMAS

Dünyanın Dünyadan Yüksək Mənasını özündə daşıyan.

Həyatın Həyatdan Yüksək Mənasını özündə daşıyan.

Özünün Özündən Yüksək Mənasını özündə daşıyan.

Gerçəklikdən yüksək olan!

Cəmiyyətdən yüksək olan!

Şəraitdən Yüksək olan!

Mühitdən Yüksək olan!

Mütləqə can atan!

Mütləqləşməyə Qadir olan!

Mütləq İnam daşıyan!

Mütləq İdrak daşıyan!

Mütləq Mənəviyyat daşıyan!

Mütləq İradə daşıyan İnsan!

Sənə çatmalıyam!

***

İnsanlığın bayram edilməsi Bəşərin bayram ənənəsində ilkdir, bənzərsiz əməldir.

İNSANLIQ BAYRAMI QUTLU OLSUN.

***

İŞIQLI ATALI

YOLÇU YOLA ÇEVRİLƏNDƏ

Yolçu Yolun özünə çevriləndə - Yaşama (Həyata), Yollaşan ömrünə, başqalarının da ömrünə işıq saça bilir...

***

Başqası sayılanda yaşayan, yeriyən, düşünən insani, kutsal duyğularım var...

***

Özüylə üz-üzə qalmaq ənənəsi yaranmalıdır. İnsan içdən təmizlənməsə, var ola bilməyəcək. Özünün mənəvi həkimi olmaq.

Özünü yaratmaq, var olmaq. Aqibətini yaratmaq.

***

Dünyanı gözəllik (çeşidləri) indiyə kimi xilas edə bilməyib. Çağımızda bu istək təəssüf ki, adiləşməkdədir. Dünyanı yalnız İnsanlığa uyğun yaşayan İnsanlar xilas edə bilər. Hər birimizdə örnək olmaq imkanı var. İnsanlıq imkanımızın aşkarlanacağına, var olacağımıza inamımız bir an belə sönməsin...

Əslində ən böyük gözəllik - İnsanlığa uyğun yaşamaqdır.

***

Ruhun üçün qazandığın Bədəninin də dərmanıdır.

***

Mənasızlıq hər an insanı ağuşuna almaq istəyir, alır da. Yalnız güclü insan mənasızlığın etkisinə düşmür.

***

Özündən ayrılmaq - Halına yiyə olmamaq.

***

Hər kəs öz taleyinin yaradıcısıdır. İnsanlığa uyğun olan duyğuları artırmaq, böyütmək, uyğun olmayanlardan dərs almaq, təkrarlamamaq.

***

İnsan özüylə üz-üzə, tək qala bildiyi, səhvlərindən arındığı, özünü yarada bildiyi dərəcədə insandır.

***

İnsan kədərindən güc, tənhalığından dərs alanda yenilməz olur.

***

Əgər İnsan yaşamaq istəmirsə, deməli, yaşaya bilmir. İnsanı ümidləndirmək, onu özüylə - Ruhuyla üz-üzə qoymaq gərək. Hər şeyi öyrənən, bilən İnsan özünü öyrənməyib, bilməyib.

Hər halda tarix boyunca özünü öyrənən, bilən çox az olub. Yaşamaq - İnamına, İdrakına, Mənəviyyatına, İradənə yiyə durmaq, bir sözlə, içindəki İnsanlıq imkanını aşkarlamaq deməkdir.

İnsana qüdrət imkanını soraq vermək ağgünlükdür.

***

Hər kəsin içində İnsanlıq imkanı var. Onun aşkarlanması mənəvi borcdur.

***

Bir var Ruhun halı, bir də var Bədənin halı. Ruhu kökləmədən Bədəni kökləmək olmur.

***

Özü olmaq, özü olmamaq: İnsan haqqına yetmək və yetə bilməmək var - udmaq-uduzmaqdan çox-çox üstün...

***

Müdriklik - əxlaqlı olmaqla təndir.

Əxlaqlı olmayanın müdrikliyinə inanmıram.

***

Günüm fərəhlə açıldı. Fərəhimi özüm yaradıram.

Bütün məqamlarda təbiətdən ayrılmadım.

Kəndçiliyimi içimdə göz-bəbəyim kimi qorudum.

Yaşamımda minimala və halallığa əsaslandım.

***

Fikir - Söz birliyi: Aydın fikir qısaçılıqla təndir.

***

İnsanın qüdrəti Göylə təndir: orta hal yoxdur.

***

Ruhsal, yəni İnsani olan gözəldir.

***

Özüylə-ruhuyla üz-üzə qalmaq tələbi, hər an içdən təmizlənmək gərəkliyi...

***

Odlanmaq - İşıqlanmaqdır, içdən qüdrətli olmaqdır. İşıqlanmaq - İnamına, İdrakına, Mənəviyyatına, İradənə yiyə durmaqdır.

***

Qədimlərdən bəri od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu günə kimi gəlib çıxıb. Odun müqəddəs sayılması ilə insanın hər cür pisliklərdən, Şərdən təmizlənəcəyinə, Xeyirin qələbə çalacağına inam ifadə olunub.

Adət-ənənələrimizin zirvəsində Sabahımızda yeni bayram yaradıcılığı üçün imkan daşıyan - qədimliyimizi, ucalığımızı, idrakımızın ənginliyini, ruhumuzu özündə yaşadan Novruz bayramı durur. Novruz bayramı ulusal ruhumuzu təsdiq edir, ona görə bizə belə doğmadır.

İnam Atanın (Asif Atanın) Novruz bayramına ayrıca yanaşması var. O, “Novruzluğumuz” (1990) adlı fəlsəfi-bədii məqamda Zərdüştlüyümüzü “Oda tapınmağımız, işıqlanmağımız, təzələnməyimiz, təmizlənməyimiz” kimi qiymətləndirir, özünün müəyyənləşdirdiyi 7 böyük Ulusal Dəyərimizdə Od amilinin müqəddəsliyini, yaşarılığını, birxətliyini əsaslandırır:

“Novruzumuzdan Zərdüşt İşığı götürün, Dədə Qorqud Ağsaqqallığı götürün, Babək Hünəri götürün, Nəsimi Vüqarı götürün, Füzuli Heyrəti götürün, Muğam Hikməti götürün, Saz Mətanəti götürün”.

Ulusal dəyərlərimizin özülündə Zərdüştdən gələn, mənalandırılan İşıqçılıq durur.

Ulusal ruhumuzda olan ülvi, gözəl nə varsa, hamısı ulusumuzun yaranmasına, əbədi var olmasına xidmət etməlidir. Novruzu türk idrakından gələn, cilalanan bayram kimi sevirik, dəyərləndiririk. Novruz ayrı-ayrı xalqların yaşamında var. Başqa yandan, Novruz qədim çağların bayramıdır, dünyagörüşüdür. Bayramın özülündə duran həqiqi elm, fəlsəfə adamların təsəvvüründə demək olar, yoxa çıxıb. İndi bayramın yalnız “bədii” hissəsi qalıb. Bu hissədəki əyləncələr isə onu adiləşdirir.

Novruzu Ata-Ocaq bayramlarının doğması sayıram. Dünyanın hər mənada tükəndiyi bir çağda özümüzə və dünyaya təqdim edilən İnsanilik, Xəlqilik, Şərqilik, Bəşərilik bayramları Sabahımızda Ulus olaraq möhtəşəm yaradıcılığımızın sübutu kimi dərk, təsdiq olunacaq. Bayramların hamısı İnsanla bağlıdır.

***

Martın 14-də Babək Xürrəmdinin qətlindən 1188 il ötdü. Onun qəhrəmanlığı bütün zamanları aşır. Onun Azadlıq eşqinin ucalığı, aliliyi, Vətəndən – Azərbaycandan uca varlıq tanımaması mahiyyətcə torpağın kutsallaşdırılması deməkdir.

Babəkin yenilməzliyi, ucalığı onun aqibətində özünü göstərdi.

Bu gün də onun uca xatirəsi ürəklərdə yaşayır, bizimlə birgə əbədi sabahlara yol alır.

İnam Ata (Asif Ata) yazır: “Dövrana Məna verən Babək oldu, – Xəlifəlik Boşluğunu Yenilməzlik və Müdrikliklə dolduran, Xürrəmi Fəlsəfəsini yaradan, 23 Spartakımız, daxilində Şirvin gəzdirən, ənəlhəqdən əvvəlki ənəlhəqqimiz; həm sərkərdə, həm filosof, həm cəngavər, həm təlimçi, bütün dünyada Xəlifətə qarşı duran yeganə Qüvvət, azadlıqdan böyük tanrı tanımayan; İşğalçı nifrəti qazanan; qolu kəsilən, ayağı kəsilən, xatirəsi şaqqalanan, Yağı lənətiylə şərəfləndirilən, həlak olan – Yenilməyən, tarixi xəttə, səddə çevrilən…”

Asif Ataya görüşlərin birində Babəkin məğlubiyyətinin əsas səbəbinin nədən ibarət olması ilə bağlı ona sual verildi. Atanın cavabı konkret oldu: “Ruhaniyyatına bərabər siyasətinin olmaması!”


MANŞET XƏBƏRLƏRİ