Nurlana Qasımlı Mustafayeva,
filologiya elmləri doktoru, dosent,
Bakı Slavyan Universiteti
Balkanşünaslıq kafedrasının müdiri
I Türkoloji Qurultayın iştirakçılarının repressiyası: səbəb nədir?
Fərqli coğrafiyalarda qədim tarixi torpaqlarında yaşayan türklərə qarşı törədilən soyqırımlar, repressiyalar və zorla köçürülmələr bir sual üzərində dərindən düşünməyə vadar edir: zəngin dünya mədəniyyəti yaradan türklərin yaşadığı bölgələrdə tarixin müxtəlif dövrlərində baş vermiş qanlı hadisələr təsadüfdürmü, yoxsa bir-biri ilə bağlılığı vardır və müəyyən siyasətin nəticəsidir?
Xronoloji ardıcıllıqla nəzər yetirdikdə bir-biri ilə müəyyən siyasi və ideoloji bağlılığı olan iki repressiya hadisəsi diqqəti cəlb edir. Bunlardan biri Bakıda 1926-cı ildə keçirilən I Türkoloji qurultayın iştirakçılarının, ikincisi isə 1948-ci ildə Yuqoslaviyanın tərkibində olan Makedoniyada Yücel Təşkilatı üzvlərinin repressiyasıdır. Aparılan araşdırmalar hər iki repressiyanın təsadüfi deyil, yürüdülən ümumi siyasətin nəticəsi olduğunu göstərir.
Məlum olduğu kimi, sovet hakimiyyətinin qərarları ilə Bakıda 1926-cı ilin 26 fevral-6 mart tarixlərində keçirilən və əsas məqsədi türk xalqlarının dili, ədəbiyyatı, tarixi və ortaq mədəni irsinə dair elmi müzakirələrin aparılması olan I Türkoloji Qurultay Türk dünyasının elmi və mədəni tarixində xüsusi əhəmiyyətə malik hadisə kimi yadda qalmışdır. Azərbaycan, Türkiyə, Orta Asiya, Volqaboyu, Krım, Qafqaz və digər bölgələrdən olan alim və ziyalılar iştirak etdiyi bu toplantı türk dillərinin inkişafı, ortaq əlifba məsələsi, elmi terminologiyanın formalaşdırılması və türk xalqları arasında intellektual əlaqələrin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyan hadisə olmuşdur. Stenoqramlarında 131 iştirakçının olduğu qurultay türk xalqlarının alimlərini, dilçilərini, tarixçilərini və ziyalılarını bir araya gətirən ilk genişmiqyaslı elmi toplantı kimi tarixə keçmiş, Türk dünyasında ortaq elmi düşüncənin formalaşmasına kömək etmişdir. Lakin həmin dövrün siyasi reallıqları nəzərə alındıqda, qurultayın təşkili sovet hakimiyyətinin türk xalqları üzərində ideoloji nəzarət mexanizmlərindən biri idi.
Qurultayda müzakirə edilən ən vacib məsələlərdən biri əlifba idi. Əlifba islahatı məsələsini hələ çarizm dövründə, XIX əsrdə böyük mütəfəkkir Mirzə Fətəli Axundov qaldırmışdı.
Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildikdən bir neçə il sonra əlifba məsələsi yenidən gündəliyə gətirilmişdi. Azərbaycan Sovet Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsi sədrinin müavini Səmədağa Ağamalıoğlu 1921-ci ildə yaradılmış Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin sədri kimi latın qrafikalı əlifbaya keçid prosesinin təşkili və həyata keçirilməsi üçün böyük səylər göstərmişdi. Azərbaycan Sovet Sosialist Respublikasında rəsmi olaraq ərəb qrafikalı əlifbadan latın qrafikalı əlifbaya 1923-cü il oktyabrın 20-də keçilmişdi.Sovet hakimiyyəti əlifbanı dəyişməklə Azərbaycan xalqını köklərindən ayırmaq və ərəb qrafikalı əlifbanın işləndiyi Türkiyə ilə əlaqələrini kəsmək məqsədi güddüyündən Azərbaycanda bəzi ictimai-siyasi xadimlər bunun əleyhinə çıxmışdılar.
Sovet hakimiyyəti SSRİ-nin türk xalqlarının dil və yazı birliyinin yaradılması üçün ortaq əlifbanın qəbul olunması zəruri hesab edilirdi. Bu istiqamətdə fəaliyyət göstərən şəxslərdən biri qurultayın əsas təşkilatçılarından olan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu idi.
Əlifba məsələsini sovet hakimiyyətinin gündəliyə gətirməsi səbəbsiz deyildi. Hər şeydən əvvəl, Səməd Ağamalıoğlu yeni əlifbaya keçidi yalnız texniki dəyişiklik kimi deyil, mədəni inqilabın mühüm mərhələsi kimi qiymətləndirirdi. O, yaxşı anlayırdı ki, əsrlər boyu istifadə olunan ərəb qrafikasından imtina edərək latın qrafikalı əlifbaya keçmək böyük ictimai və mədəni dəyişiklik tələb edir.
Qurultayda çıxış edən bir çox alim latın qrafikasına keçidi bəzi səbəblərlə əsaslandırdılar. Onların fikrincə, ərəb qrafikası türk dillərinə uyğun deyildi, savadsızlığı azaltmaq, təhsili asanlaşdırmaq lazım idi. Bu dəlillərdə həqiqət payı olsa da, sovet hakimiyyətinin əsas məqsədi türk xalqlarını köklərindən ayırmaq və Türkiyədən uzaqlaşdırmaq idi.
Qurultayında müzakirə edilən məsələlər digər türk coğrafiyalarına, xüsusilə türk dünyasının tək müstəqil dövləti olan Türkiyədə də böyük təsir göstərdi. Bakı qurultayı Türkiyədə həyata keçirilən 1928-ci il Hərf İnqilabına ideoloji və elmi baxımdan müəyyən zəmin yaratdı. Həmin il noyabrın 1-də Türkiyə Böyük Millət Məclisini “Türk əlifbasının qəbulu haqqında qanun”u qəbul etməsi ilə ərəb qrafikalı Osmanlı əlifbası ləğv edildi və latın əsaslı yeni türk əlifbası rəsmi şəkildə tətbiq olundu.
Türkiyədə latın qrafikalı əlifbaya keçid yenidən SSRİ-nin türk, müsəlman xalqları ilə mədəni yaxınlığının möhkəmləndirilməsi demək idi. Yeni əlifbaya keçid Türk dünyasında yazı sisteminin modernləşdirilməsi prosesinə təkan verdi. Türk xalqları arasında ortaq milli kimlik ideyasının güclənməsi mərkəzləşdirilmiş sovet hakimiyyəti üçün potensial təhlükə kimi qəbul edilirdi. Ona görə də 20-ci illərin sonlarında SSRİ-Türkiyə münasibətləri soyuqlaşan zaman 1930-cu ildə Azərbaycanda və SSRİ-nin türk, müsəlman xalqları kiril qrafikalı əlifbaya keçirildi. Bu, mahiyyətinə görə, türk, müsəlman xalqlarını köklərindən ayırmağa, rus mühitində assimilyasiya etməyə yönəlmişdi.
Sovet hakimiyyəti təkcə bu qərarla kifayətlənmədi. 1926-cı ildə eyni masa arxasında toplaşan türk xalqlarının bütün alim və ziyalıları 1937-1938-ci illərin sovet lideri Stalinin repressiyasına məruz qaldılar. Nəticədə Qafqazda, xüsusilə Azərbaycanda, eləcə də Orta Asiya respublikalarında yüzlərlə alim, yazıçı, müəllim və ictimai xadim “millətçi”, “pantürkçü”, “Turançı”, “Türkiyə agenti” və “antisovet fəaliyyət” kimi ittihamlarla həbs edildilər, sürgün olundular və ya güllələndilər. Türk xalqlarının milli düşüncə sisteminin formalaşmasında mühüm rol oynayan bir çox ziyalının məhv edilməsi intellektual inkişaf prosesini ciddi şəkildə zədələndi.
Repressiya dalğası yalnız Azərbaycanda deyil, digər türk xalqlarının nümayəndələri arasında da geniş yayıldı. Krım tatar ziyalısı Rifat Qasprinski, Tatarıstanlı dilçi Qazibəy Alparov, qazax maarifçisi Əhməd Baytursunov, Krım tatarı dilçi professor Bəkir Çobanzadə, azərbaycanlı alim Vəli Xuluflu, pedaqoq və jurnalist Fərhad Ağazadə, tənqidçi və biblioqraf Hənəfi Zeynallı, mətnşünas Salman Mümtaz, dilçi Xalid Səid Xocayev, dövlət xadimi Ruhulla Axundov kimi bir çox tanınmış şəxsiyyətlər repressiya qurbanları oldular. Bundan əlavə, milli ədəbiyyatın və milli düşüncənin görkəmli nümayəndələri olan Hüseyn Cavid, Mikayıl Müşfiq və Əhməd Cavad kimi ziyalılar da repressiyaya qurban getdilər. Onların əsas “günahı” milli kimliyi qorumaq, türkçülük ideyasını yaşatmaq və milli-mənəvi dəyərləri müdafiə etmək idi. Repressiyaya məruz qalanların bəzilərinin məzarlarının yerləri məlum deyildir.
Beləliklə, I Türkoloji Qurultay türk xalqlarının elmi və mədəni birliyinə doğru atılan böyük addım olsa da, sonrakı illərdə baş verən siyasi hadisələr bu prosesin davam etməsinə ciddi maneələr yaratdı. Bununla belə, qurultay türk dünyasının tarixində mühüm intellektual hadisə, türk xalqlarının ortaq dil, mədəniyyət və tarix üzərində düşünmək cəhdinin rəmzi oldu, gələcək nəsillər üçün milli kimlik və mədəni birlik ideyasının mühüm mərhələlərindən biri kimi tarixdə öz yerini tutdu.
Repressiyaları yalnız sovet hakimiyyəti həyata keçirmədi. Türklər yaşayan digər coğrafiyalarda da belə qanlı əməllər törədildi.
Makedoniyada repressiya
XX əsrin ortalarında türk və müsəlman xalqlarına qarşı repressiyalar SSRİ-nin təsiri altında olan Balkan yarımadası ölkələrində də törədildi. Məlum olduğu kimi, Balkan yarımadası uzun əsrlər boyu Osmanlı dövlətinin hakimiyyəti altında olduğundan burada böyük türk və müsəlman əhalisi formalaşmışdı. Balkanlarda türk varlığının üzləşdiyi ilk böyük sarsıntı 1877-1878-ci illər Osmanlı-Rusiya müharibəsi zamanı baş verdi. Müharibədən sonra Balkanlarda yeni siyasi sərhədlər müəyyən edildi. Osmanlının Balkanlardan çıxması nəticəsində türk və müsəlman əhalisi ciddi təzyiqlərlə qarşılaşdı. Yarım milyondan çox insan zülmə məruz qaldı, yüz minlərlə insan isə Rumeli və Anadolunun müxtəlif bölgələrinə köç etməyə məcbur oldu. Sonrakı illərdə də bu miqrasiya prosesi davam etdi. 1923-1945-ci illər arasında Balkanlardan təxminən 1,5 milyon insan ağır sosial və siyasi şərait ucbatından Anadoluya köç etdi. Balkanları tərk etməyən türklər üçün ağır bir dövr başladı. Onlar öz milli kimliklərini qorumaq və gələcək nəsillərə ötürmək kimi mürəkkəb bir vəzifəni yerinə yetirməli idilər.
Qəddar repressiya aktlarından biri hələ 1372-ci ildə Osmanlı tərəfindən fəth edilmiş Makedoniyada (Makedoniyanın adı Şimali Makedoniya Respublikası ilə əvəz olunmuş, dəyişdirilməsi rəsmi olaraq 2019-cu ilin 12 fevral tarixində qüvvəyə minmişdir – N.Q.M.) yaşayan türklərə qarşı XX əsrin 40-cı illərində törədildi. İkinci Dünya müharibəsi illərində Yuqoslaviya və tərkibində olduğu hələ Makedoniya faşist Almaniyasının işğalı altında olarkən 1941-ci ildə türk gəncləri milli kimliyi, adət-ənənələri qorumaq məqsədi ilə fəaliyyətə başladılar. Şuayip Aziz, Şərafəddin Fərid, Nəzmi Ömər, Muzaffər Əhməd, Fəttah Süleyman Pasiç və Məhməd Dalip kimi ziyalılar Yücəl Təşkilatını qurdular. Bu şəxslər təşkilatın fəaliyyətində mühüm rol oynadılar. Yücel uca, ulu, yüksək, seçkin mənasını daşıyırdı. Təşkilat türk dili, mədəniyyəti və təhsilinin qorunması uğrunda mübarizə aparırdı. Müəllimlər, hüquqşünaslar, mətbəəçilər, sənətkarlar və müxtəlif sahələrdən olan ziyalılar Yücel Təşkilatı ətrafında birləşərək türk toplumunun milli-mədəni varlığını qorumağa çalışırdılar. Təşkilatın üzvlərinin sayı təxminən 500 nəfərə yaxın olsa da, aktiv fəaliyyət göstərən üzvlərin sayı təxminən 50 nəfər idi.
Yücəl hərəkatının fəaliyyəti əsasən Skopye (Üsküp) və Köprülü şəhərlərində yürüdülürdü. Təşkilat siyasi çevriliş və ya hərbi məqsəd olaraq seçməmişdi. Yücəlçilər əsasən milli, dini, mədəni və ədəbi fəaliyyətlə məşğul olur, Balkan türk ədəbiyyatının yaşadılması və türk kimliyinin qorunması istiqamətində çalışırdılar. Onlar türk ədəbiyyatının klassik nümayəndələrinin əsərlərini regionda yaymağa xüsusi diqqət yetirirdilər. Məhmət Akif Ərsoy, Namiq Kamal və Yəhya Kamal Bəyatlı kimi tanınmış türk şair və yazıçılarının əsərləri Makedoniya türklərinə çatdırılır, onların milli şüurunun gücləndirilməsindən ötrü istifadə olunurdu. Bu fəaliyyətlərin nəticəsi olaraq regionda türk dilində mədəni həyatın canlandırılması istiqamətində bir sıra vacib təşəbbüslər həyata keçirildi.
Belə təşəbbüslərindən biri 1884-cü ildə Osmanlı dövründə Üsküpdə “Təfəyyüz İbtidai Məktəbi” adı ilə fəaliyyətə başlayan məktəbin, 21 dekabr 1944-cü ildə türk dilində tədrislə yenidən “Təfəyyüz Məktəbi” olaraq qapılarını açmasıdır. Türk dilində təhsil verən ilk müasir təhsil müəssisələrindən biri kimi böyük əhəmiyyət daşıyan bu məktəb Makedoniya türklərinin ana dilində təhsil almaq hüququnun qorunması və gələcək nəsillərin milli kimliklə yetişdirilməsi baxımından mühüm rol oynadı. “Təfəyyüz” məktəbi yalnız təhsil müəssisəsi deyil, həm də milli-mədəni dirçəlişin rəmzi idi. Burada türk dili, ədəbiyyatı və tarixinin tədrisinə xüsusi diqqət verilirdi. Məktəbin fəaliyyəti sayəsində Makedoniya türkləri öz ana dillərində təhsil almaq imkanı əldə etdilər və türk dilinin və mədəniyyətinin qorunması üçün mühüm bir platforma yarandı.
Bir digər təşəbbüs isə 1944-cü il dekabrın 23-də “Birlik” qəzetinin nəşrə başlaması oldu. Qəzet Makedoniya türkləri arasında milli şüurun gücləndirilməsini və türk dilinin qorunmasını qarşısına məqsəd olaraq qoymuşdu. Lakin bu fəaliyyət sosialist rejimini narahat etdiyindən qəzet cəmi dörd nömrədən sonra ciddi nəzarətə götürüldü.
Müharibə başa çatdıqdan sonra Balkanlarda SSRİ-nin yaratdığı sosialist dövlətlərin ərazisində, o cümlədən Yuqoslaviyada əsrlə boyu tarixi torpaqlarında yaşayan türklər daha ağır repressiyalara məruz qaldılar. Yücəl hərəkatının mədəni və maarifçi fəaliyyəti İosif Broz Titonun rəhbərlik etdiyi sosialist Yuqoslaviyası hakimiyyəti tərəfindən təhlükə kimi qiymətləndirildi. Makedoniyada yaşayan türk, müsəlman əhalisinin Osmanlı dövründən qalan mədəni və sosial təsiri yeni hakimiyyət üçün müəyyən narahatlıq doğururdu. Rejim bu təşkilatı “xarici təsirlərlə əlaqəli millətçi təşkilat”, “dövlətə qarşı fəaliyyət göstərən qurum” kimi təqdim etməyə başladı.
Yücəl Təşkilatının üzvlərinə qarşı 1947-ci ilin avqust ayında kütləvi həbslər başladı. Uzun sürən istintaqdan sonra 1948-ci il yanvarın 19-da məhkəmə prosesi keçirildi. Təqsirləndirilən şəxslərə yanvarın 25-də hökm elan edildi. Məhkəmənin qərarına əsasən dörd nəfər ölüm cəzasına məhkum edildi, yüzdən çox təşkilat üzvü isə uzunmüddətli həbs cəzası aldı.
Yuqoslaviya hakimiyyəti bununla da kifayətlənmədi. 1948-ci il fevralın 27-də növbəti repressiya aktı həyata keçirildi. Yücəl Hərəkatının üzvləri Şuayip Əziz İshak, Əli Əbdürrəhman Əli, Nazmi Ömər Yaqub və Adəm Əli Adəmə qarşı cinayət işi açıldı. Onlara “dövlət əleyhinə təşkilatlanma”, “xarici qüvvələrlə əlaqə” və “rejimi devirməyə cəhd” kimi ittihamlar elan edildi. Bunlar sırf siyasi motivli iddialar idi. Məhkəmənin qərarı ilə ölüm hökmü verilən bu şəxsləri güllələdilər. Bir çox digər repressiya qurbanları, Azərbaycanda repressiya edilən şəxslər kimi Yücəlçilərin də məzar yerləri bu günə qədər tam məlum deyildir.
Yücəl Təşkilatının qəddar repressiyası Balkan türklərinin siyasi və ictimai fəaliyyətinə mənfi təsir göstərdi. Regiondakı türk icması uzun müddət təşkilatlana bilmədi. Bu repressiya Makedoniya türklərinin kollektiv yaddaşında dərin bir yara kimi qaldı.
Yücəl hərəkatının adı XX əsrin 80-ci illərinin sonlarına qədər – təxminən 40 il açıq şəkildə çəkilə bilmədi. Bu mövzu uzun illər boyu məxfi saxlanıldı. Soyuq müharibə başa çatdıqdan və Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində sosializm sistemi dağıldıqdan sonra Yücəl Təşkilatı haqqında tarixi gerçəklər üzə çıxdı.
Repressiya edilsələr də, Yücəl hərəkatının böyük tarixi əhəmiyyəti vardır. Öz həyatları bahasına milli mübarizədən geri çəkilməyərək Balkan türklərinin tarixində silinməz iz qoymuş və gələcək nəsillər üçün milli kimlik, mədəniyyət və dil uğrunda mübarizənin rəmzinə çevrilmiş Yücəl Təşkilatının üzvlərinin fəaliyyəti örnəkdir. Rejimin assimilyasiya siyasətinə qarşı dini, milli, mədəni və ədəbi fəaliyyətləri vasitəsi ilə mübarizə aparmış və türk kimliyinin qorunmasına töhfələr vermiş Yücəl hərəkatı Balkan türklərinin milli kimlik mübarizəsində mühüm bir mərhələdir. Hərəkatın təməlini qoyduğu “Təfəyyüz” məktəbi bu gün də fəaliyyət göstərir və Şimali Makedoniyada türk dilində təhsilin davam etdirilməsində mühüm rol oynayır. Bu məktəb Yücəl Təşkilatının Makedoniya türklərinə qoyduğu ən qiymətli mədəni və mənəvi miraslardan biridir.
Yücel hərəkatı iştirakçılarının repressiyası türklərə qarşı edilən sonuncu fəaliyyətlər olmadı. Sonrakı illərdə də bu siyasət davam etdirildi.
Türkiyə türk kimliyinin rəmzi, türk dünyasının tək müstəqil dövləti, türk dünyasının mədəni mərkəzi, tarixi və mənəvi dayaq rolunu oynadığından və onlara təsir göstərdiyindən SSRİ və digər Balkan dövlətləri müharibədən sonrakı bütün illərdə türk xalqlarını Türkiyə ilə əlaqələrdən uzaqlaşdırmağa çalışırdılar. Bu siyasət dil, əlifba və mədəniyyət sahələrində müxtəlif məhdudiyyətlərlə müşayiət olunurdu. Belə vəziyyət Todor Jivkovun rəhbərlik etdiyi Bolqarıstanda özünü qabarıq şəkildə göstərirdi. 1980-ci illərdə Bolqarıstanda türklərə qarşı qəddar repressiyalar həyata keçirdi. Türklərin ad və soyadları, yaşayış yerlərinin adları dəyişdirildi, türk dilinin istifadəsi məhdudlaşdırıldı, milli kimliyin ifadəsi qadağan edildi (Musa Qasımov (Qasımlı). Türklər niyə köçürlər? – “Kommunist” qəzeti). Türk əhalisinin assimilyasiyasına yönəlmiş və ciddi sosial gərginlik yaradan, müxtəlif siyasi və etnik təzyiqlər nəticəsində Balkanların türk əhalisi kütləvi şəkildə Anadoluya köç etməyə məcbur oldu. Bu köçlər əsasən, Bolqarıstan, Yuqoslaviya və Yunanıstandan gəlirdi. Bu miqrasiyalar həm Balkanların demoqrafik mənzərəsini dəyişdirdi, həm də qədim və zəngin türk tarixi və mədəniyyətinin itirilməsinə yönəlmişdi.
Lakin repressiya aktlarını törədənlər öz məqsədlərinə çata bilmədilər. Soyuq müharibənin başa çatması, Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində kommunist rejimlərinin çökməsi və SSRİ-nin dağılması ilə türk xalqları azad nəfəs aldılar. Yaranan yeni müstəqil türk dövlətləri və xalqları üçün yeni imkanlar meydana çıxdı.
Repressiya edənlər istəklərinə
çata bildilərmi?
XX əsrdə türk xalqlarına qarşı təkcə Azərbaycanda və Makedoniyada deyil, digər ölkələrdə də qanlı repressiya aktlarını həyata keçirənlər məqsədlərinə nail ola bilmədilər. Yeni müstəqil türk dövlətlərinin qurulması ilə türk xalqlarının milli-mənəvi dirçəlişinə və ortaq mədəni dəyərlərin inkişafına əlverişli imkanlar yaratdı. Türk dünyasını Türkiyə ilə birləşdirən körpü olan Azərbaycan Respublikası tarixin bütün zamanlarında olduğu kimi, müstəqillik illərində türk xalqlarının birliyi üçün əməli addımlar atdı. Nitqlərinin birində Türkiyə və Azərbaycanın münasibətlərini “bir millət, iki dövlət” kimi qiymətləndirən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Türk dünyasının möhkəmlənib inkişaf etməsi ilə bağlı deyirdi:
“Bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.
Əsası Naxçıvanda qoyulmuş Türk Dövlətlər Təşkilatı (TDT) ilə əlaqələrinə xüsusi diqqətlə yanaşan Azərbaycan Respublikası bu istiqaməti öz xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan TDT-nin nüfuzunun artırılması və bu çərçivədə ciddi nailiyyətlərin əldə olunmasında geniş fəaliyyətlər həyata keçirir.
Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” şüarını inkişaf etdirən Prezident İlham Əliyevin 2024-cü il 14 fevral tarixində andiçmə mərasimində dediyi aşağıdakı sözlər bütün Türk dünyasının gələcəyini müəyyən etdi:
“Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Türk dövlətləri ortaq əlifbaya keçid üçün mühüm işlər görürlər. Qeyd etmək lazımdır ki, ortaq türk əlifbasının 34 hərfdən ibarət olması razılaşdırılmışdır.
Azərbaycan, Türkmənistan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Qırğız Respublikası, Macarıstan və Şimali Kipr Türk Respublikasının liderlərinin iştirakı ilə TDT-nin 2025-ci il 7 oktyabr tarixində Qəbələdə keçirilən 12-ci Zirvə Toplantısında etdiyi nitqində Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi:
“Türkiyə ortaq əlifbaya doğru ilk addımı atır, Çingiz Aytmatov və Oğuznamələr haqqında ortaq əlifbada əsər nəşr etdirir. Bu gün liderlərin hər birinə bundan birini təqdim edirik”.
Nitqində Rəcəb Tayyib Ərdoğan həmçinin 15 dekabr tarixinin “Ortaq Türk Dili Günü” kimi qeyd olunmasını təklif etdi. UNESCO-nun 2025-ci ildə Səmərqənddə keçirilən 43-cü sessiyada "Dünya Türk Dili Ailəsi Günü" (World Turkic Language Family Day) olaraq qəbul edildi.
Beləliklə, türk dilinə mane olmağa çalışanlar, türkün dilini kəsməyə cəhd edənlər istəklərinə nail ola bilmədilər. Hər il 15 dekabr Dünya Türk Dili Ailəsi Günü kimi qeyd edilir.
I Türkoloji Qurultayı unutdurmağa çalışanlar da niyyətlərinə çata bilmədilər. Prezident İlham Əliyev türk xalqlarının tarixində mühüm yer tutmuş I Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması haqqında 2025-ci il oktyabrın 22-də imzaladığı sərəncam tarixi əhəmiyyət və rəmzi məna daşıyır. Bu, bir əsr əvvəl Bakıda keçirilmiş qurultaydakı ortaq tarix və zəngin mədəni irsinə ehtiram və qayğı olub, yeni şəraitdə yaşadılmasıdır. Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması çağırışı bütün türk dövlətləri tərəfindən dəstəkləndi. Və bu hadisə Türk dünyasında qeyd edilir.
Nəticə və ibarət dərsləri
Beləliklə, problemin araşdırılmasından aşağıdakı ümumiləşdirilmiş nəticələr çıxarmaq olar:
- fərqli coğrafiyalarda və fərqli siyasi rejimlərdə tarixi torpaqlarında yaşayan türk xalqlarının milli və mədəni təşkilatlanması bir çox hallarda hakim siyasi sistemlər tərəfindən təhlükə kimi qəbul edilmişdir;
- Bolşevik Rusiyası tərəfindən işğal edilmiş Azərbaycanda keçirilən I Türkoloji Qurultayın iştirakçılarının və sosialist Yuqoslaviyasının tərkibində olan Makedoniyada Yücel Təşkilatı üzvlərinin repressiya edilmələri oxşar taleləri göstərir;
- Türkoloji Qurultayın iştirakçılarının repressiya edilmələri, Yücəl Təşkilatı üzvlərinin güllələnməsi bir-birindən uzaq coğrafiyada baş versə də, daha geniş mənada bir tarixi və ideoloji kontekstdə türk xalqlarına qarşı yürüdülən vahid siyasətin tərkib hissələridir. Müasir siyasi tarix və sosiologiyada istifadə olunan “transmilli repressiya xətti” anlayışı hər iki repressiya hadisəsinin mahiyyətini, fərqli dövlətlərdə və fərqli siyasi sistemlərdə həyata keçirilən, lakin oxşar ideoloji təhlükə təsəvvürünə əsaslanan ardıcıl təzyiq siyasətini ifadə edir;
- bu repressiya aktları göstərir ki, türk xalqlarının ortaq kimlik axtarışı və milli-mədəni təşkilatlanması müxtəlif dövrlərdə ciddi sınaqlarla üzləşmiş, lakin bütün çətinliklərə baxmayaraq, bu ideya öz davamlılığını qoruyub saxlamışdır;
- soyuq müharibənin başa çatması, SSRİ-nin və Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində kommunist rejimlərinin çökməsi ilə yeni müstəqil türk dövlətlərinin yaranması Türk dünyası üçün yeni imkanlar yaratdı. Ümumtürk irsi dirçəldilir;
- I Türkoloji Qurultayın 100 illiyinin qeyd edilməsi, ortaq əlifbaya keçid istiqamətində görülən işlər, Şimali Makedoniyada “Təfəyyüz” məktəbinin bu gün də fəaliyyət göstərməsi türk milli iradəsinin yenilməzliyini, tarixin sınaqlarından şərəflə çıxdığını sübut edir;
- bir daha aydın olur ki, türk xalqlarını qətiyyən boyun əydirmək və tabe etdirmək mümkün deyildir, onlar öz hədəflərinə çatacaqlar;
- problemin araşdırılması bəzi ibrət dərsləri verir. Tarixin təcrübəsi göstərir ki, bir xalqın yaddaşı yalnız qələbələrlə deyil, həm də yaşadığı faciələrlə formalaşır. Bu faciələr isə gələcək nəsillərə həm ibrət dərsi, həm də xəbərdarlıq kimi ötürülür. Ona görə də hadisələri xatırlamaq, araşdırmaq və anlamağa çalışmaq yalnız keçmişi öyrənmək deyil, həm də gələcəyi daha düzgün qurmaq, tarixdən ibrət dərsi almaq üçün vacibdir. Ən mühüm məsələ isə tarixdə baş verən hadisələri unutmamaq, onları yalnız ağrı kimi deyil, həm də milli şüurun və birlik hissinin formalaşmasında mühüm bir yaddaş kimi yaşatmaqdan ibarətdir. Çünki tarixini bilən və ondan nəticə çıxaran xalqlar gələcəkdə eyni faciələrin təkrar olunmaması üçün daha güclü dayanmağı bacarırlar. Böyük türk şairi Mehmet Akif Ərsoy deyirdi ki, “...tarixi təkrar adlandırırlar. Əgər ibrət alınsaydı, tarix təkrar olardımı?.....” Böyük İsmayıl bəy Qaspıralı isə deyirdi ki, “Dildə, Fikirdə, İşdə Birlik”. Bu isə böyük Türk dünyasının dünənini formalaşdıran, bu gününü gücləndirən və sabahına yol göstərən ən əsas şüardır;
- gələcəkdə belə repressiyaların bir daha baş verməməsinin, türk millətlərinin kimliyinin, dilinin, mədəniyyətinin, ədəbiyyatının qorunmasının təməl şərti güclü müstəqil türk dövlətlərinin mövcudluğu, bir-biriləri ilə sıx əməkdaşlıq etmələri və yenilməz Türk dünyası ilə bağlıdır;
- gələcəyimiz Prezident İlham Əliyevin dediyi kimi, bizim tək evimiz olan türk dünyasının qüdrətli olmasındadır!