Yer kürəsinin ölçüsünü bilən adam


Samir Əsədli
BDU Coğrafiya Fakültəsinin məzunu

Dünyanın sürətlə inkişaf etdiyini, elmin və texnologiyanın insan həyatını necə dəyişdirdiyini aydın şəkildə görürük. İnsan hər gün yeni elmi-texniki nailiyyətlər qazanır, yeni kəşflər edir və daha yüksək səviyyəyə doğru irəliləyir. Lakin bütün bu uğurların arxasında böyük zəhmət və uzun illərin əməyi dayanır. Bu inkişafda ən böyük pay sahiblərindən biri isə müəllimlərdir. Çünki insanın ilk bilikləri əldə etməsində, dünyagörüşünün formalaşmasında və həyatda öz yolunu tapmasında müəllimlərin rolu əvəzsizdir. Onlar yalnız dərs keçən insanlar deyil, eyni zamanda bizə düzgün düşünməyi, yaxşı ilə pisi ayırmağı, məsuliyyətli və vətənə faydalı insan olmağı öyrədən yol göstərənlərdir.

Müəllim insanın yalnız ağlına deyil, taleyinə də istiqamət verən bir şəxsiyyətdir. Bəzən bir müəllimin dediyi bir cümlə illər sonra insanın həyat istiqamətini müəyyənləşdirir. Bəzən bir müəllimin inamı bir gəncin özünə olan inamını formalaşdırır. Buna görə də müəllim peşəsi sadəcə bir iş deyil – insan talelərinin formalaşdığı ən məsuliyyətli və ən müqəddəs missiyalardan biridir.

Müəllimlər illərlə böyük səbr, zəhmət və fədakarlıqla çalışaraq minlərlə insanın həyatına toxunurlar. Onların verdiyi bilik və dəyərlər şagirdlərin gələcəyinə istiqamət verir. Hər bir həkimin, mühəndisin, alimin arxasında vaxtilə ona ilk bilikləri verən, onu ruhlandıran bir müəllim dayanır. Buna görə də insan həyatda hansı mövqeyə yüksəlməsindən asılı olmayaraq müəllimini həmişə hörmət və minnətdarlıq hissi ilə xatırlayır. Çünki müəllim yalnız bilik öyrətmir, eyni zamanda insanın şəxsiyyət kimi formalaşmasına kömək edir.

Tarix boyu böyük şəxsiyyətlərin həyatına nəzər saldıqda bir həqiqət aydın görünür: onların hər birinin həyatında onları irəli aparan, düşünməyə və araşdırmağa ruhlandıran bir müəllim olmuşdur. Bu səbəbdən müəllim həm də cəmiyyətin, tarixi gedişatın gizli memarı sayılır. Onun qurduğu bu mənəvi memarlıq isə illər sonra cəmiyyətin inkişafında özünü göstərir.

Cəmiyyətin inkişafında elm adamlarının və alimlərin də rolu çox böyükdür. Onlar öz araşdırmaları, kəşfləri və elmi fəaliyyətləri ilə insanlığın inkişafına xidmət edir, yeni biliklərin yaranmasına töhfə verirlər. Alimlərimizin zəhməti nəticəsində elm sahəsində böyük uğurlar əldə olunur, cəmiyyətin intellektual səviyyəsi yüksəlir. Onlar yalnız elmi biliklər yaratmaqla kifayətlənmir, həm də gələcək nəsillərin düşüncə tərzinin formalaşmasına təsir göstərirlər. Elm adamı dünyanı yalnız olduğu kimi qəbul etmir. O, dünyanı anlamağa, ölçməyə, izah etməyə çalışır. Elmin gücü də məhz bundadır, insanı suallar verməyə, axtarmağa və həqiqəti tapmağa yönəldir.

Bizim alimlərimiz xalqımızın milli mənlik şüurunun formalaşmasında və inkişafında mühüm rol oynayıblar. Onların fəaliyyəti nəticəsində xalqımızın mədəni irsi, tarixi və dəyərləri daha dərindən öyrənilmiş və gələcək nəsillərə çatdırılmışdır. Bu da cəmiyyətin intellektual potensialının güclənməsinə və elmi düşüncənin inkişafına böyük töhfə vermişdir. Elmin və maarifçiliyin gücü yalnız laboratoriyalarda və kitabxanalarda deyil, insanların düşüncəsində və dünyagörüşündə öz əksini tapır. Bu səbəbdən alim və müəllim fəaliyyəti əslində bir-birini tamamlayan iki böyük missiyadır.

Beləliklə, həm müəllimlər, həm də alimlər cəmiyyətin inkişafında, insanların maariflənməsində və gələcəyin qurulmasında əvəzsiz rol oynayırlar. Onların zəhməti sayəsində yeni nəsil daha bilikli, daha düşüncəli və daha güclü formalaşır. Buna görə də müəllim və alim əməyinə hörmət göstərmək, onların zəhmətini qiymətləndirmək hər birimizin borcudur.

Məhz belə müəllimlərdən və alimlərdən birinin həyat yolundan söz açmaq istəyirəm.

20 Martın… Təbiətin yenidən nəfəs aldığı, torpağın oyanmağa başladığı gün. Baharın insan ruhuna hopduğu, zamanın sanki yenidən axmağa başladığı bir tarix. Bu gün yalnız fəsillərin deyil, talelərin də dəyişdiyi gündür.

Bahar təbiətin dirçəlişi olduğu kimi, bəzən bir insanın həyat yolunun başlanğıcına çevrilən tarix də olur. Bəzən zaman elə bir gün seçir ki, sonralar həmin gün yalnız bir doğum günü kimi deyil, bütöv bir elmi yolun başlanğıcı kimi xatırlanır. Elə həmin bahar səhərində, 1960-cı ildə Qazaxın Daş Salahlı kəndində dünyaya göz açan bir uşaq üçün bu tarix sonralar təsadüfi bir xatirə olmayacaqdı. Zaman keçdikcə həmin gün Yer kürəsinin ölçüləri, koordinatlar, peyk orbitləri, xəritə xətləri ilə birgə xatırlanacaqdı. Professor Məqsəd Qocamanovun həyat yolu elə ilk gündən dəqiqlik və məsuliyyət üzərində qurulmuşdu. Sanki tale ona əvvəldən ölçməyi, hesablamanı və dəqiqliyi tapşırmışdı.

Bəzən insanın taleyi onun seçdiyi peşə ilə elə uyğunlaşır ki, bu uyğunluq təsadüf deyil, sanki bir yazı kimi görünür. Məqsəd Qocamanovun həyatı da məhz belə talelərdəndir. Sadə kənd məktəbindən başlayan bu yol onu elmin ən mürəkkəb və məsuliyyətli sahələrindən birinə gətirib çıxardı. 1967–1977-ci illərdə Daş Salahlı kənd orta məktəbində təhsilini başa vuraraq daha böyük nailiyyətlər üçün ali təhsilə doğru addım atdı.

1977-ci ildə o, Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinə qəbul olundu. Bu seçim gələcək elmi taleyin möhkəm təməlini qoydu. 1982-ci ildə astronomik-geodeziya ixtisası üzrə ali təhsilini başa vurdu, əlavə olaraq dəniz geodeziyası sahəsində ixtisaslaşdı.

Yer səthinin ölçülməsi, koordinatların dəqiqliyi və kosmos texnologiyalarının geodeziya ilə əlaqəsi onun elmi maraqlarının əsas istiqamətlərinə çevrildi.

Elmi yol ardıcıl və prinsipial şəkildə davam etdi. 1986–1989-cu illərdə aspirantura təhsili zamanı dənizdə obyektlərin koordinatlarının müəyyənləşdirilməsi üçün Yerin süni peyk sistemləri ilə yerüstü radiogeodeziya sistemlərinin birgə istifadəsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi. Bu tədqiqatlar yalnız nəzəri əhəmiyyət daşımırdı. Onlar geodeziya ölçmələrinin dəqiqliyinin artırılması və müasir texnologiyaların tətbiqi baxımından mühüm elmi yeniliklər təqdim edirdi.

Daha sonra, 2002–2005-ci illərdə doktorantura mərhələsində dövlət geodeziya şəbəkələrinin ərazi xüsusiyyətləri nəzərə alınmaqla müasir peyk texnologiyaları əsasında yenidən qurulması problemini tədqiq etdi. Bu tədqiqatlar Azərbaycan geodeziya elminin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bununla da o, geodeziya və kartoqrafiya sahəsində ilk və yeganə azərbaycanlı texnika elmləri doktoru kimi elmi tarixə düşdü.

Bu nailiyyət təkcə şəxsi uğur deyildi. Bu, Azərbaycan elminin geodeziya və kartoqrafiya sahəsində beynəlxalq səviyyədə tanınmasına verilmiş mühüm töhfə idi. Məqsəd Qocamanovun elmi fəaliyyəti təkcə illərlə deyil, rəqəmlərlə də ölçülür. Onun qələmindən 160 elmi məqalə, 2 monoqrafiya, 3 ali məktəb dərsliyi çıxıb. 12 min termindən ibarət rusca–azərbaycanca geodeziya, kartoqrafiya və aerofototopoqrafiya terminləri lüğəti bu sahədə çalışan mütəxəssislər üçün əvəzsiz mənbəyə çevrilib.

Bu lüğət yalnız terminlərin izahı deyil, həm də Azərbaycan dilində geodeziya və kartoqrafiya terminologiyasının sistemli şəkildə formalaşdırılmasına verilmiş mühüm elmi töhfədir.

Əmək fəaliyyətinə 1982-ci ildə başlayan Məqsəd Qocamanov müxtəlif elmi və pedaqoji vəzifələrdə çalışaraq böyük təcrübə qazanıb. 1992-ci ildən Bakı Dövlət Universitetində fəaliyyət göstərən alim 2006-cı ildən professor, 2011-ci ildən isə Geodeziya və kartoqrafiya kafedrasının müdiri kimi çalışıb.

Bu illər ərzində minlərlə tələbə onun auditoriyalarında yalnız dərs deyil, elmi düşüncə mədəniyyəti öyrənib.

Biz universitetdə təhsil aldığımız dövrdə, ikinci kursa keçdiyimiz zaman Məqsəd müəllim Rusiyadan qayıtmışdı. Elə həmin dövrdən etibarən o, bizə dərs deməyə başladı.

Məqsəd müəllim yüksək alicənablığı, diqqətcilliyi və tələbələrinə göstərdiyi xüsusi münasibəti ilə seçilirdi. O, yalnız müəllim və alim kimi deyil, eyni zamanda insan kimi də hər kəslə elə ünsiyyət qururdu ki, hər bir tələbə onu özünə ən yaxın insanlardan biri kimi qəbul edirdi. O, auditoriyaya daxil olanda sanki sadəcə dərs yox, mənəvi bir rahatlıq gətirirdi. Onun ünsiyyət tərzi səmimi, anlayışlı və qayğıkeş idi.

Məqsəd müəllimin dərs dediyi tələbələrlə bu gün də dostluq münasibətləri davam edir. Bunun əsas səbəbi onun hər bir tələbəyə fərdi yanaşması, heç kəsi diqqətdən kənarda saxlamaması və hər kəsin bilik səviyyəsinin yüksəlməsi üçün səmimi şəkildə çalışmasıdır. Bu səbəbdən də Məqsəd müəllimin universitetdə, Coğrafiya fakültəsində, Geodeziya və xəritəçəkmə kafedrasında xüsusi hörməti vardır. O, təkcə müəllimlər və tələbələr arasında deyil, bütövlükdə universitet kollektivində böyük ehtiramla qarşılanan şəxsiyyətdir.

Onun rəhbərliyi və iştirakı ilə Şuşa şəhərinin üçölçülü modeli hazırlanmış, torpaqların kadastr qiymətləndirilməsi aparılmış, Azərbaycanın geodinamik və vulkanik aktivliyi üzrə mühüm tədqiqatlar həyata keçirilmişdir. Elm onun üçün kabinetlə məhdudlaşmır, Vətən torpağı ilə birbaşa bağlıdır.

Bu fəaliyyət göstərir ki, elm yalnız nəzəriyyə deyil, eyni zamanda ölkənin inkişafına xidmət edən praktik gücdür. Bu elmi yolun ayrılmaz hissəsi müəllimlik missiyasıdır. Çünki elm auditoriyaya daşınmadıqca, gənc nəslə ötürülmədikcə öz tam mənasını tapmır. Müəllimlik cəmiyyətin tərəqqisini təmin edən əsas sütunlardan biridir.

Müəllimin ömrü çox vaxt səssiz bir işığa bənzəyir. O, özü yanaraq başqalarının yolunu işıqlandırır. Bu işıq illər sonra tələbələrin həyat yolunda bələdçiyə çevrilir. Hazırda Məqsəd Qocamanov Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin dekanıdır və o, yalnız bir kafedranın deyil, bütöv bir fakültənin ən sevilən və ən hörmət edilən müəllimlərindən biridir. Bu hörmət və sevgi onun yüksək insani keyfiyyətlərindən, elmə, tələbəyə və cəmiyyətə verdiyi dəyərdən qaynaqlanır.

Onun yetişdirdiyi tələbələr bu gün müxtəlif elm və istehsalat sahələrində çalışaraq müəllimlərinin qoyduğu elmi ənənəni davam etdirirlər.

Bu gün Məqsəd Qocamanov üçün elm sadəcə peşə deyil, bir ömür yoludur. Yer kürəsinin ölçüsünü bilmək mümkündür. Amma elmə, müəllimliyə və insana həsr olunmuş bir həyatın ölçüsünü yalnız zaman müəyyən edir. Zaman isə belə ömürləri unutmur.


MANŞET XƏBƏRLƏRİ