Liderlər bir-bir hədəfdə: İran təslim olmaq üzrədir? - ŞƏRH


ABŞ ilə İran arasında uzun müddətdir davam edən gərginlik artıq açıq hərbi qarşıdurma mərhələsinə keçib və regionda vəziyyət getdikcə daha da kəskinləşir.

Son günlər qarşılıqlı hava zərbələri, raket hücumları və strateji obyektlərin hədəfə alınması münaqişənin miqyasının genişləndiyini göstərir.

Müharibənin gedişatı göstərir ki, tərəflər yalnız hərbi üstünlük əldə etməyə deyil, eyni zamanda siyasi nəticələrə nail olmağa çalışır. ABŞ və İsrailin koordinasiyalı əməliyyatlarına İranın cavab zərbələri regionu genişmiqyaslı qarşıdurma riskinə daha da yaxınlaşdırır.

ABŞ prezidenti Donald Tramp isə açıqlamalarında İranın artıq təslim olmağa yaxın olduğunu bildirib və yalnız “şərtsiz təslimiyyət” variantını qəbul edəcəyini vurğulayıb . Bununla yanaşı, o, İranın müharibəni dayandırmaq istədiyini, lakin təklif olunan şərtlərin kifayət qədər uyğun olmadığını da qeyd edib.

Maraqlıdır, görəsən İran həqiqətən təslim olmağa yaxındırmı? Turkustan.az bu sualla politoloq Məhəmməd Əsədullazadəyə müraciət etdi.

ABS Cinden sonra Rusiyani "qasindirmaga" calisir:

Məhəmməd Əsədullazadə

ABŞ–İsrail–İran arasında davam edən qarşıdurma fonunda İranın təslim olması məsələsi hazırda gündəmdə deyil. İran müqavimətini davam etdirir və görünən odur ki, ABŞ da bölgədə hərbi dəstəyini artırır. Hətta istisna edilmir ki, müəyyən ərazilərdə quru qoşunlarının yerləşdirilməsi də gündəmə gələ bilər. Ehtimal olunur ki, tərəflər arasında müəyyən konfidensial danışıqlar aparılır və ABŞ öz şərtlərini İran tərəfinə qəbul etdirməyə çalışır. İranın isə öz şərtləri və mövqeyi var.

Burada müəyyən güzəşt və təzyiq məsələləri də rol oynayır. Hazırkı mərhələdə İran mövqeyində qalmağa çalışır. ABŞ isə İranı danışıqlar masasına gətirməyə cəhd edir. Xüsusilə Hörmüz boğazı ilə bağlı məsələlər və Donald Trampın siyasəti, eləcə də bəzi ölkələrin koalisiyaya qoşulmaması İranın mövqeyinin müəyyən qədər qorunmasına təsir edən faktorlar kimi qiymətləndirilir. Buna görə də hazırda İranın təslim olması barədə danışmaq mümkün deyil.

Lakin Tramp atəşkəs təklifini gündəmə gətirərsə, İran üçün də belə bir razılaşma maraqlı ola bilər. Çünki son günlər İranın hərbi, iqtisadi və infrastruktur obyektlərinə edilən zərbələrin sayı artmaqdadır. Bu zərbələr uzun müddətdə İranın iqtisadi vəziyyətini daha da ağırlaşdıra bilər. Başqa sözlə, İran artıq əvvəlki İran deyil və bu amil də nəzərə alınmalıdır. Bununla belə, İran hələ də müdafiə mövqeyindədir və Körfəz regionundakı bəzi ərəb ölkələrinin də İsrail və ABŞ-la bağlı müxtəlif addımları regiondakı vəziyyəti daha da mürəkkəbləşdirir. Bu səbəbdən İran hakimiyyətinin təslim olması məsələsi hələlik real gündəm mövzusu deyil.

Digər tərəfdən, İran rəhbərliyindəki bəzi şəxslərin və təhlükəsizlik strukturlarının çıxışları da kifayət qədər sərt və radikal xarakter daşıyır. İsrail tərəfi isə bəzi hadisələr və itkilərlə bağlı hələlik rəsmi və açıq məlumat vermir. Məsələn, ötən gün Təhlükəsizlik Şurasının iclasında müdafiə naziri sədr kimi çıxış edib, halbuki adətən iclasa baş nazir rəhbərlik edirdi.

İranın İsrail ərazisində müəyyən strateji və hərbi obyektlərə zərbələr endirməsi fakt kimi göstərilir. Lakin bəzi yüksək rütbəli şəxslərin öldürülməsi ilə bağlı məlumatlar hələ də tam təsdiqini tapmayıb və suallar doğurur.

İran tərəfi bəzi çıxışlarında müəyyən liderlərin öldürüldüyünü və ya ağır yaralandığını iddia etsə də, İsrail bu məlumatları rəsmi şəkildə təsdiqləmir və məsələyə dair açıqlamaları məhdud saxlayır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ