Müharibə necə sonluqla bitəcək?


“Müharibənin gedişatı ABŞ və İsrailin istədiyi kimi getmir. Böyük ehtimalla, bu müharibə bir müddət də davam edəcək”.

Bu sözləri Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu “Cebheinfo.az”-ın İranla müharibənin hansı sonluqla bitəcəyi ilə bağlı sualını cavablandırarkən bildirib. O qeyd edib ki, müharibənin hansı sonluqla bitəcəyini indidən söyləmək çox çətindir:

“Fevralın 28-də İrana qarşı başladılan hücum əməliyyatları nə ABŞ, nə də İsrailin gözləndiyi kimi getmir. İsrail gözləyirdi ki, İrana qarşı müharibə başlayan kimi ölkəni kütləvi etirazlar bürüyəcək və nəticə etibarı ilə rejim çökəcək. Bu baş vermədi. Burada digər önəmli məqam isə Trampın bazar günü verdiyi açıqlamalardır.

Tramp qeyd edib ki, ABŞ NATO-da müttəfiqlərini 40 il bəsləyib və onlara hər cür dəstək verib, amma müttəfiqlər bu müharibədə ABŞ-ı yalnız buraxdı. Müharibənin gedişatında İsrail və ABŞ hələ ki, istədiyi nəticələri əldə etməyib. Buna baxmayaraq, İrana maksimum zərbələr davam etdiriləcək”.

Digər tərəfdən, İsrailin zamanında istifadə etmək istədiyi kürd kartı da qeyri-müəyyən səbəblərdən təxirə düşüb:

“Tramp da gələn həftə Çinə gözlənilən rəsmi səfərini təxirə salıb. Bu baxımdan, müharibənin sonu barədə proqnoz vermək o qədər də asan görünmür. Amma əmin olun ki, münaqişə tərəfləri məğlub olsalar belə, onlar öz zəfərlərini elan edəcəklər.

Həm ABŞ-İsrail cütlüyü, həm də İran özünü bu müharibədən qalib çıxmış kimi göstərəcək. Xüsusi bir məqamı da vurğulayım ki, böyük ehtimalla, bu müharibədə İranın proksi qüvvələri, xüsusilə də Livanda Hizbullah struktur baxımından tamamilə dağıdılacaq”.

R.Hazfizoğlu vurğulayıb ki, bu məsələ barədə konkret yanaşma irəli sürmək olmur:

“Çünki bu məsələ təkcə İranla bitmir, burada İraq və Körfəz ölkələri, hətta ABŞ-nin NATO-dakı müttəfiqləri faktorunu da nəzərə almaq lazımdır. Körfəz və Qərb ölkələrinin də bu müharibəyə qoşulmasını istəyirlər”.


MANŞET XƏBƏRLƏRİ