“ABŞ hegemonluğunu itirə bilər” – Beynəlxalq investordan ilginc iddia


Məşhur amerikalı makro investor, maliyyə eksperti və “Bridgewater Associates” fondunun meneceri Reymond Dalio bildirib ki, ABŞ dolların dominantlığı təhlükə altındadır. Onun təhlilində ən diqqət çəkən məqamlardan biri neft ticarətində dolları keçmək ssenarisi idi.

Turkustan.az “Bloomberg”ə istinadən xəbər verir ki, investor “Substack” postunda yazır ki, əvvəllər ABŞ-nin dünya nizamında dominant güc olaraq qalacağı qəbul edilirdi. Lakin II Dünya Müharibəsindən sonra baş verən hadisələrin yığılmış təsiri – o cümlədən Vyetnam, Əfqanıstan, İraq müharibələri və indiki İran konflikti ABŞ-ın qlobal liderlik mövqeyini riskə atır. O, vurğulayır ki, bu proses dünya güc balansını yenidən formalaşdıra və ABŞ-ın uzunmüddətli hegemonluğunu sarsıdacaq. Beynəlxalq investroun sözlərinə görə, dolların ehtiyat valyutası statusunu itirməsi ABŞ-ın borclarını maliyyələşdirə bilməməsi və qlobal gücün birdən yox olması demək ola bilər.

Bu iddia barədə BakuPost.az-a münasibət bildirən iqtisadçı ekspert İlham Şaban sözlərinə görə, bu heç bir mənası olmayan bir fikirdir:

“Dolların dünyadakı hegemon mövqeyini itirməsi ilə bağlı deyim ki, təkcə İran yox, beşinci ilə keçən Rusiya-Ukrayna müharibəsi ABŞ valyutasına heç bir təsir göstərmir. İran müharibəsindən əvvəl dollar avroya nisbətdə 1.83 idisə, indi 1.15-dir. Yəni Amerika valyutası yarım ay ərzində ciddi dəyər qazanıb. İkincisi, ABŞ-nin İrana müharibəsində xərcləri bir ay üçün təqribən iyirmi beş milyard ola bilər. Bu xərc 24 trilyon büdcəsi olan ölkəyə dərəcədə öldürücü zərbə vura bilər”.

ABŞ-li maliyyə eksperti hesab edir ki, əgər İran və ya regiondakı digər aktorlar Hörmüz boğazından keçid üçün Çin yuanı kimi alternativ valyutalar tətbiq etsələr, bu, “neft dolları” sistemini çökdürəcək. Bu iddiaya İlham Şaban istehza ilə cavab verdi:

“Bu bilirsiniz nəyə bənzəyir? Məsələn, Nardaranlılar çıxıb deyir ki, “SEA Breeze”ə getmək üçün adama beş manatdan bizə pul verin. Yəni bu iddia kimin ağlına gəlir?”

“Amerikanın süqut eləməsinin birinci şərti kütləvi borc və pul çapıdır” deyən Dalio fikrini əsaslandırır ki, ABŞ-ın davamlı olmayan borc yükü və dolların alıcılıq qabiliyyətinin azalması bu çöküşü sürətləndirəcək.

“Bunları eşidəndə elə bil ki, hansısa Afrika ölkəsində oturan adam ABŞ iqtisadiyyatından nəsə yazır. Heç birinin əsası yoxdur. Bir misal deyim ki, Tramp 2025-ci ildə ancaq o gömrük tarifini dəyişməklə Amerika büdcəsinə 600 milyard dollar əlavə pul gətirib”, – deməklə “Caspian Barrel”in direktoru ABŞ-li investorun iddiasını gülünc hesab etdi.

Neftin qiymətlərinin yenidən 100 dolları aşmasını dəyərləndirən ekspert İlham Şaban bildirdi ki, bahalaşırsa, deməli gəlirimiz artır: “Başqa bir tərəfdən biz yüksək oktanlı benzin idxal edirik. Ola bilsin hökumət bunun da qiymətini artıracaq. Yəni, qiymət artımı, Azərbaycan Prezidenti İlham Əliyevin 13-cü Qlobal Humanitar Forumda səsləndirdiyi kimi, elə qəbul olunmamalıdır ki, neft satanlar xoşbəxtdir. Buna enerji inflyasiyası deyirlər. Dünyada enerji hər şeyə təsir göstərir və digər malların da qiyməti artır. Bir tərəfdən qazanırsan, digər tərəfdən xərclərin də çoxaldır. Ona görə qlobal strateji əhəmiyyəti olan məhsulun sabit, əlçatan qiymətdə olması dünya iqtisadiyyatına xeyirdir. Müharibədən əvvəl və indiki qiymətlərə baxsaq, xam neftin satış qiymətində 43 faiz artım müşahidə olunur. Əlbəttə ki, bu insanlara və iqtisadiyyata neqativ təsir edir. Ona görə də bütün ölkələr istəyir ki, bu münaqişə tezliklə başa çatsın. Çünki bu hamının marağındadır”.


MANŞET XƏBƏRLƏRİ