Türk sivilizasiyasının qədim dövrü


Faiq Ələkbərlinin həyatı və əsərləri | TURAN+AZERBAYCAN

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

Turan və Hind-Avropa qövmlərinin müxtəlif yerlərdə (Anadolu­da, Qara dənizin quzey tərəflərində, Qafqazda, Orta Asiyada, Ön Asiyada və b.) biri-biriylə qarşlaşdıqları, hətta təfriq ediləməyəcək qədər ixtilaflara girdikləri görülməkdədir. Qobi vahələrində; İran qapılarından və Kaşğardan, Hutandan Koçaya və Turfana qədər bütün Çin Türkistanında Turanilərin arasında və ya yanında Hind-Avropalılara rastlanır. Türklərlə Hind-Avropalıların dünyagörüş mübadilələri, o cümlədən dil və mədəni əlaqələri m.ö. II minilliyin ortalarından başlayaraq miladın IX əsrinə qədər davam etmişdir. Alman alimləri Turanilərin Hind-Avro­palı, fransız alimləri isə Türk olduqlarını zənn edirlər.[1]

Turan-İran problemiylə bağlı üç müddəaya (arilərlə turan­lılar bir-birinə yad xalqlardır, arilərlə turanlılar bir-birlərinə doğ­ma irqin aşağı-yuxarı budaqlarıdır və Turan coğrafiya, ölkə adıdır) diqqət yetirdikdən sonra iki məsələnin: 1) bugünkü coğra­fiya­mızda Turan-İran xalqlarının üz-üzə gəlməmişdən öncə var olmuş Turan İmperiyasının və Turan mədəniyyətinin varlığının, eyni zamanda onun Sami və başqa xalqlara təsrinin, 2) ilk Turan/ Türk-İran/Ari xalqlarının qarşılaşması və onun doğurduğu mədəniyyət mübadilələri nəticələrinin aydınlaşmasını vacib hesab edirik.

Hər halda, son zamanlarda miladdan öncə II minilliyin sonu, I minilliyin əvvəllərinə qədər, yəni Ön Asiya və Orta Asiyada İran/Ari xalqlarının izi-tozu belə olmadığı dövrlərdə, onlardan fərqli olaraq Turan/Türk xalqlarının həmin ərazilərin aborigenləri olması, hətta burada Turan imperiyasını qurmalarıyla bağlı mülahizələr geniş yayılmışdır. Bu cür mülahizələrə görə, həmin dövrə qədər də Ön Asiya, Orta Asiya və Kiçik Asiyada Türklərin/ Turanlıların bu və ya digər dərəcədə təmasda olduqları Sumer (onlar da türk mənşəli idilər), Sami, Dravid, Elam (türkmənşəli olması haqqında mülahizələr var), Fin-uqor, Qafqaz-Hurri xalqları olmuşlar. Başqa sözlə, Turan-İran xalqları bir-biriylə qarşılaşma­mışdan öncə, yəni m.ö. II minilliyin sonu, I minilliyin əvvəllərinə qədər özəlliklə, Ön Asiya və Orta Asiyanın, o cümlədən Xəzər dənizinin hər iki tərəfində, yəni həm şərq tərəfi olan Türküstanın, həm də qərb tərəfi olan Azərbaycanın əsas yaşayanları Turan/Türk mənşəli xalqlar olmuş, bu ərazilərdə də onlar Turan İmperiyasını qurmuşlar. Miladdan öncə IV-II minilliklərdə Xəzər dənizinin Qərbi ilə Güney-Batısında, yəni Böyük Azərbaycanda, o cümlədən Quzey-Doğusunda, yəni Qıpçaq çöllərində və Şərqində, yəni Türküstanda yaşayan bütün xalqlar da Turan imperiya­sının tərkib hissəsi olmuşlar.

Turan imperiyasının, Turan/Türk uyğarlığının varlığı haqqın­da bir neçə nəzəriyyə mövcuddur. Bəzi müəlliflər ilk Böyük Turan İmperiyasının Nuh peyğəmbərdən öncə, Mu qitəsinə aid Günəş İmperiyasının süqutundan sonra var olduğunu və Tufan nəticəsində aradan qalxdığını iddia edirlər. Buna nümunə kimi də, Ceyms Çörçvordun “Batmış qitə Munun uşaqları” kitabında Günəş İmperiyasının süqutundan sonra, vaxtilə onun müstəmləkə­çiliyi altında yaşayan Uyğurların Böyük Uyğur İmperiyasını yaratmasıyla izah edirlər. Böyük Uyğur İmperiyasını ilk Böyük Turan İmperiyası kimi eynilşədirən müəlliflərə görə, paytaxtı Xora-Xota (Qor Ata) olan bu imperiya təxminən XX-XVII minil əvvəl Asiyanın Sarı dəniz sahillərində yaranmış və Avropaya qədər genişlənmişdir.[2] Çörçvordun bu nəzəriyyəsini müdafiə edən Azərbaycan Türk alimi Qara Namazova görə qədim Azərbaycan əraziləri də Böyük Uyğur İmperiyasının tərkib hissəsi olmuşdur ki, Nuh peyğəmbərin dövründə bu imperiyada baş verən “Tufan”ın izləri Quzey Azərbaycan ərazisindəki Qobustan və Gəmiqaya qayaüstü abidələrində də təsvir olunmuşdur: “Tufandan qalma təsvirlərlə Qobustan və Orta Asiya təsvirləri bir-biri ilə çox səsləşir və belə deməyə əsas var ki, Qobustan təsvirlərinin də ən qədim nümunələri elə Uyğur qayaüstü təsvirlərinin demək olar ki, eynidir... Hətta, yer adları da biri-birlərinə bənzəyirlər. Bu maddi mədəniyyət abidələrinin eyniliyi də bu torpaqlarda hələ XX min il əvvəl Uyğrların-Türklərin yaşadıqlarını təsdiqləyən faktlardır... Bu səsləşmələr bir-birini tamamlayırsa, deməli, bizim arxeoloqlarımızın təxmin etdiyi Qobu­stan abidələri 5,8 min il əvvəl yox, daha qədimlərə-Uyğur İmperi­yasının yaşadığı dövrlərə gedib çıxır. Bu yöndə uyğurların, yəni Türklərin Güney Qafqazda XX min il öncə bir imperiya kimi yaşamaları nəticəsinə gəlinməlidir”.[3]

Nuh peyğəmbərin dövründə baş vermiş “Tufan”a, yəni Yer kürəsinin ərazisinin xeyli bir qisminin su altında qalmasına qədər mövcud olan ilk Turan İmperiyası haqqında hansısa elmi faktlardan çıxış etmək çox çətin görünsə də, bu məsələnin ciddiyə alınması və araşdırmaların davam etdirilməsi düşüncəsindəyik. Hər halda “Tufan”a qədərki xalqlar və onlara məxsus dövlətlər haqqındakı bilgilərin çoxalması daha çox Türklərin qədim tarixinə işıq tutmaqdadır. Özəlliklə, türklərin Mu qitəsinin Günəş İmperiyasıyla ondan sonrakı Uyğur/Turan İmperiyası dövründə ortaya qoyduqları milli-dini dəyərlər (Tanrıçılıq inancı, Günəş inancı və b.), dövlətçilik ənənələri (ədalətlilik, sosial bərabərlik, Turan taktikası və b.), elmi nailiyyətlər tamamilə məhv olmamış, daima öz nüvəsini qoruyub saxlamışdır.

Bizcə, Nuh peyğəmbərin dövründə baş vermiş “Tufan”dan sonra da Türklər/Turanlılar Orta Asiya və Ön Asiyada, özəlliklə Xəzər dənizini də öz içinə alan “Turan ovalığı”nda məskunlaşaraq ikinci Böyük Turan İmperatorluğunuqurmuş,eyni zamanda yeni mədəniyyət ortaya qoyaraq, onu dünyada yaymağa başlamışlar. “Tufan”dan sonra ilk mədəniyyət mərkəzinin m.ö. X-VI minilliklərdə “Turan ovalığı”nda, yəni Türküstanda yarandığını iddia edən Aydın Mədətoğlunun gəldiyi nəticə də odur ki, ““Tufan”dan sonrakı mədəniyyət tarixi eradan əvvəl III minillikdə şəhər dövlətləri yaratmış Şumerlərlə deyil, eradan əvvəl X-VI minilliklərdə Çayhun və Sayhun çayları ətrafında yaşamış Böyük Turan İmperatorluğunun xələfi və Şumerlərin ulu babaları olan Turanlılarla başlayır”.[4]Əslində bəzi Azərbaycan Türk alimləri bununla demək istəyirlər ki, “Tufan”dan sonra dünyada mövcud olan ilk dövlətçilik və mədəniyyət ənənələri ilk olaraq m.ö. X-VI minilliklərdə əsasən Orta Asiyanı əhatə edən Turandan başlamış, ikinci dəfə m.ö. VII-II minilliklərdə Böyük Azərbay­canda da yayılmış və üçüncü olaraq m.ö. IV-II minilliklərdə Dəclə-Fərat çayları arasındakı Şumerlərlə və başqa mədəniyyətlərlə davam etmişdir.[5] “Turan dövlətinin yaranma tarixini müəyyən etməyə çalışsaq, Anavda mövcud olmuş yüksək inkişafa malik şəhər mədəniyyətini istinad nöqtəsi kimi qəbul edə bilərik. Anavda və Türkistanda ona bənzər m.ö. V minilliyə aid Namazqa təpə, Qazaxıstanda m.ö. III minilliyə aid Botay, Özbəkistanda Kelteminar, Əfrasiyab kimi qədim mədəniyyət mərkəzlərinin mövcudluğu Turanda ilkin dövlət təşkilatı rüşeyminin əsasının 8-7 minilliklərdə qoyulduğunu sübut edir”.[6]

Bütün hallarda dünya mədəniyyətinin ya da uyğarlığının ilk başlanğıcı tarixçilərin əksəriyyəti tərəfindən m.ö. IV minilin ortalarında İkiçayarasına Mərkəzi Asiyadan gəlmə sayılan, ancaq hardan gəldikləri bəlli olmayan Şümerlər deyil, onlar üzərində böyük təsiri olmuş ya da Şümerlərə qohum olmuş Ptototürk­lər/Turanlılardır. Hər halda Ptototürklərin/Turanlıların Sumerlərlə münasibətlərinin olmasını bütün Türk alimləri qəbul etdikləri halda, ancaq Şumerlərin türklüyü məsələsində fikirlər haçalanır. Məsələn, O.N.Tuna, M.T.Zəhtabi, R.Rəisniya, Ə.Elçibəy, O.Süley­menov, Y.Yusifov, S.Əliyarlı və başqaları birmənalı şəkildə Şumer­ləri Türk hesab etdiyi halda,[7] M.İsmayılov,[8] F.Ağasıoğlu[9] və digərləri bu fikrə qatılmır, sadəcə, türklərlə Şumerlər arasında sosial-mədəni münasibətlərin olduğunu qəbul edirlər. Ancaq ilk dəfə Şumerlərin türk ola biləcəyini əcnəbi alimlərdən J.İpor, Fritz Hommel və başqaları irəli sürmüşdür. Hətta, Hommel Sumerləri Ural-Altay dil ailəsindən hesab etmişdir. Hommelin fikrincə, Orta Asiyadan Ön Asiyaya gələn Türklərdən bir hissəsi Mesopotomiyada Şumerləri təşkil etmişdir.[10] Bundan çıxış edən Z.V.Toğan,[11] O.Süleymenov, M.T.Zəhtabi[12] isə daha inamlı şəkildə Şumerlərin Türk mənşəli olmasını müdafiə etmişdir. “Bibilya Ensiklopediya Sözlüyü”ndə də yazılır ki, İkiçayarası ya da Babilistan mədəniyyətinin ən əski qurucuları məhz Türk-Tatarlar olmuşlar.[13]

[1] Ülken H.Ziya. Türk tefekkür tarihi. Istanbul, Yapı Kredi Yayınları, 2013, s.71-72

[2] Çörçvörd Ceyms. Batık Kita Munun çocukları. İzmir, 2008, s.187

[3] Namazov Qara. C.Çörçvördun tarixi kəşfləri. Bakı, 2010, s.98-99

[4] Mədətoğlu Aydın. Türklər (tarixi oçerk). “E.L.” NPŞ MMC, Baki, 2012, s.33

[5] Elçibəy Əbülfəz. Bütöv Azərbaycan yolunda. Bakı, “Nurlar”, 2004, s.23-24

[6] Siyablı Ələsəgər. Dünya tarixinin Turan dövrü (tarixi xülasələr və tarixşünaslıq). Bakı, “Köhlən” Nəşriyyatı, 2021, s.112

[7] Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci ilə qədər). Bakı, «Çıraq», 2009, s.158

[8] İsmayılov M.Ə. Azərbaycan tarixi. Bakı, 1993, s.5

[9] Ağasıoğlu F. Azərbaycan Türklərinin İslamaqədər tarixi. I Bitik: Tarixi qaynaqlar. Bakı, Ağrıdağ, 2014, s.172-174

[10] Hommel Fritz. Zweihundert sumero-türkische Wortvergleichungen. München, 1915, s.35

[11] Toğan Zeki Velidi. Umumi Türk Tarihine Giriş. İstanbul, Enderun, 1981, s.13-15

[12] Zəhtabi M.T. İran Türklərinin qədim tarixi. Bakı, “Şəms”, 2010, s.46

[13] Bibileyskiy Ensiklopediçeskiy Slovar. Toronto, 1989, s.56-57


MANŞET XƏBƏRLƏRİ