Azərbaycanda noyabrın 6-dan qaz plitələri, kombilər və su qızdırıcıları üçün yeni təhlükəsizlik tələblərinin qüvvəyə minməsi nəzərdə tutulur. Dəyişikliklər bazara daxil olan qaz cihazlarının təhlükəsizliyinin təmin edilməsinə yönəlib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakupost”a bildirib ki, əvvəllər təhlükəsizliyi təmin olunmalı malların siyahısı Nazirlər Kabinetinin 343 saylı qərarı ilə tənzimlənirdi. 2021-ci ildə həmin qərar ləğv edilib və onun əvəzinə məhsulların təhlükəsizliyini təmin edən texniki reqlamentlərin hazırlanmasına başlanılıb.
Onun sözlərinə görə, qaz cihazları ilə bağlı yeni tələblər Azərbaycanın əmtəə bazarına təhlükəli məhsulların daxil olmasının qarşısını almaq baxımından mühüm addımdır. Yeni qaydalar bazara çıxarılan cihazların təhlükəsizlik standartlarına uyğunluğunu təmin etməyə xidmət edir.
Eyyub Hüseynov qeyd edib ki, mövcud köhnə qaz cihazlarından istifadənin qadağan olunması barədə məlumatı yoxdur. Vətəndaşlardan hazırda istifadə etdikləri cihazları məcburi şəkildə dəyişdirmələri də gözlənilmir. Prosesin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.