İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Ali Lider Müctəba Xamenei hökumətə ABŞ-la müharibə riskini dialoq yolu ilə aradan qaldırmaq üçün müəyyən səlahiyyətlər verib.
Turkustan.az xəbər verir ki, Pezeşkian bu barədə qubernatorlar və merlərlə keçirilən, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələlərinin müzakirə olunduğu görüşdə danışıb.
Prezident qeyd edib ki, İran xalqın dəstəyi və əməkdaşlığı ilə ölkənin üzləşdiyi çətinliklərin və böhranların öhdəsindən gəlməlidir.
“Biz problemi dialoq yolu ilə həll etməyə çalışırıq. Bu baxımdan, Rəhbər (Müctəba Xamenei) hökumətə bəzi səlahiyyətlər də verib”, – deyə Pezeşkian bildirib.
Müharibədə heç kimin qalib gəlməyəcəyini vurğulayan İran Prezidenti düşmənlərin ölkəni müharibə yolu ilə ram edə bilməyəcəyini iddia edib.
“Düşmənlərimizin yalanlarına və həddindən artıq tələblərinə qarşı möhkəm dayanacağıq. Bu prosesdə insanların dözümlülüyünü artırmağa, onların narahatlıqlarını və qayğılarını azaltmağa çalışmalıyıq”, – deyə Pezeşkian əlavə edib.
Aytən Yaşar/Turkustan.az