Milli Məclisin deputatı Vüqar Bayramov bu gün sosial media hesabında yazıb ki, kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutulan hallar baş verən zaman ödənilə bilməyən borcun üçüncü tərəfin vəsaiti hesabına bağlanması nəzərdə tutulacaq.
“Mərkəzi Bank tərəfindən artıq qaydalar hazırlanıb və qısa müddətdə tətbiqi gözlənilir. Borcalanların həyatı, ölümü və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması artıq tətbiq olunur və bu Mərkəzi Bankın qaydaları ilə tənzimlənir. Yeni qaydalar isə birbaşa kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanmasını nəzərdə tutur. Bəzi hallarda vətəndaşlarımız kredit götürürlər, amma onlardan asılı olmayan səbəbdən həmin kreditin ödənilməsində çətinlik yaranır. Vətəndaşımızın iş yeri bağlanır və ya işdən azad olunur, və yaxud bir sıra digər birbaşa onun özündən asılı olmayan hallar baş verir və nəticədə həmin kreditin geri qaytarılmasında çətinlik yaranır. Kreditin və ya kredit riskinin sığortalanması belə hallar baş verən zaman öhdəliyin sığorta şirkəti tərəfindən ödənilməsinə imkan verəcək. Kredit risklərinin sığortalanması həm vətəndaşları maliyyə baxımından qoruyacaq, həm də bankların risklərini azaldacaq. Yeni sığorta növü yalnız qüvvədə olan əmək müqaviləsi əsasında işləyən şəxslərə şamil ediləcək. Bu zaman şərtlərin “İşsizlikdən sığorta” haqqında qanunun tələblərinə uyğun olacağı gözlənilir. Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi şəkildə təklif edilməsi planlaşdırılır. İstehlak krediti götürən şəxslərin bu sığorta xidmətindən istifadə etməsi könüllü olacaq, yəni müştəri seçim etməkdə sərbəstir" - deputat deyib.
Onun sözlərinə görə, sığorta hadisəsi baş verən zaman kreditin tam və ya qismən sığorta şirkəti tərəfindən ödənilməsi həyata keçiriləcək: "Bu zaman qanunvericilikdə nəzərdə tutulan sığorta halları nəzərə alınacaq. İş yerinin ləğvi, ştatların ixtisar olunması, əmək müqaviləsinin müddəti qurtarması, müəssisənin mülkiyyətçisinin dəyişməsi, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması və s. sığorta hadisələri siyahısındadır.
Aydındır ki, sığortadan istifadə etmək kredit götürən üçün əlavə xərc deməkdir və yalnız sığorta ödənişləri həyata keçirildiyi halda sığorta hadisəsi baş verən zaman öhdəliklər qarşılana bilər. Bu, kredit götürən şəxslərin məşğulluğunu itirmə hallarında sığortalanmasıyla yanaşı, kreditin xərc strukturunun dəyişməsi, onların kredit ödənişlərinin sığorta tərəfindən qarşılanması, öhdəliklərin kredit götürən və bank arasında bölüşdürülməsi və eləcə də məşğulluğun itirilməsi riskinə qarşı sığortanın tətbiqinin kredit bazarına təsirinin qiymətləndirilməsini də aktuallaşdırır. Azərbaycanda kredit faizlərinin yüksək olduğunu nəzərə alsaq, banklar müəyyən faiz azalmalarına getməklə bu sığorta növünün tətbiqi halında kredit xərclərindəki artımı kompensasiya edə bilərlər. Bu halda kredit götürən üçün ciddi xərc yaratmadan bu sığorta növünün tətbiqi mümkündür. Mərkəzi Bankın da son açıqlamaları göstərir ki, bu sığorta növü tətbiq olunan zaman banklar kreditlər üzrə faizi azalmasına gedəcəklər. Çünki, kredit risklərinin sığortalanması bankların birbaşa və eləcə də dolayı xərclərinin azalmasına gətirib çıxarır. Yəni, işsizlikdən sığortanın tətbiq olunduğu kreditin faizi dərəcəsi adi kreditlərin faizindən aşağı olacaq. Bu isə sözügedən sığorta növündən istifadəni stimullaşdıracaq”.

Azərbaycan İstehlakçılar Şurasının sədri, vəkil Roman Qaraşov hesab edir ki, işsizlikdən sığorta mexanizminin tətbiqi kredit faizlərini avtomatik olaraq aşağı salmayacaq.
O, Musavat.com-a şərhində bildirib ki, əsas məntiq ondan ibarətdir ki, borcalanın işsiz qalması riski qismən sığorta şirkətinin üzərinə keçdikdə bankın kredit üzrə risk yükü azalır: “Bu da müəyyən hallarda kreditin faiz dərəcəsinin aşağı salınmasına imkan verə bilər. Amma istehlakçı üçün əsas göstərici nominal faiz deyil, kreditin ümumi faktiki dəyəridir. Əgər bank faizi müəyyən qədər azaldır, amma bunun əvəzində sığorta haqqı əlavə olunur və nəticədə borcalanın ümumi ödənişi əvvəlkindən çox olursa, o zaman bunu real ucuzlaşma hesab etmək olmaz. Mülki Məcəllənin istehlak krediti ilə bağlı normalarının mahiyyəti də məhz budur ki istehlakçıya kreditin yalnız faiz dərəcəsi deyil, faktiki illik faiz dərəcəsi bütün komissiyalar və əlavə xərclər əvvəlcədən və aydın şəkildə göstərilməlidir. Təcrübi baxımdan bu mexanizm düzgün qurularsa, həm bank həm də borcalan üçün faydalı ola bilər. Bunun üçün sığorta həqiqətən könüllü olmalı, sığorta haqqı ayrıca göstərilməli, sığortanın hansı hallarda ödəniş etdiyini və hansı hallarda etmədiyini müştəri əvvəlcədən bilməlidir. Məncə ən vacib tələb budur ki müştəriyə sığortalı və sığortasız kreditin ümumi dəyəri yanaşı təqdim edilsin. Əgər sığorta hesabına bankın riski azalırsa, bunun müəyyən hissəsi faiz endirimi şəklində istehlakçıya qaytarılmalıdır. Əks halda kredit faizinin aşağı salınması görüntü xarakteri daşıya bilər və xərc sadəcə faizdən sığorta haqqına keçirilə bilər. Beynəlxalq təcrübə də göstərir ki, kreditlə bağlı sığorta məhsulları düzgün tənzimlənmədikdə yüksək komissiya və yanlış satış riskləri yaradır. Ona görə Azərbaycanda bu mexanizmin uğuru faiz endiriminin real olub olmamasından, sığorta haqqının şəffaflığından və istehlakçının seçim azadlığının qorunmasından asılı olacaq”.