Kamil Şahverdi
(əvvəli BU LİNKDƏ)
Sultan Səlim Təbrizdən nələr apardı?
1514-cü ilin avqustunda Azərbaycan və Türkiyə tarixinin ən faciəli hadisəsi-Çaldıran döyüşü baş verdi. Döyüşdə qalib gələn Sultan Səlim Yavuz həmin ilin sentyabr ayında Təbrizə daxil olur. Osmanlı sultanı I Səlim Təbriz qəniməti olaraq Şah İsmayılın qızılbaş tacını, əlbəsələr və ziynət əşyalarını, Səfəvi səltənətini əks etdirən qızıl-altın örtüklü, qiymətli daşlarla bəzədilmiş taxtı, minlərlə xəzinə mülkünü, tarixi sənədləri, üzəri qızıl naxışlarla, ləl-cəvahiratla bəzədilmiş şəxsi qılıncları, ox və kaman qabları, döyüş zirehləri və dəbilqələri, saray ziyafətində istifadə edilən, üzərində incə işləmələr olan qızıl camları, sürahiləri, gümüş məcməyiləri, yaqutla bəzədilmiş qədəhləri, Səfəvi saray xəzinəsinə məxsus olan, qızıl saplarla toxunmuş ipək xalçaları, bahalı parçaları, şah ailəsinə aid qiymətli getimləri, Şah İsmayılın rəsmi fərmanlara və məktublara vurduğu qızıl və qiymərli daşlardan hazırlanmış dövlət möhürünü ələ keçirmişdir. Bundan başqa Səfəvi saray kitabxanasında qorunan, dövrün ən ustad xəttatları tərəfindən yazılmış və görkəmli rəssamlar tərəfindən işlənib hazırıanmış qiymətli kitablar, "Şahnamə" nüsxələri, Qurani-Kərimlər, elmi əsərlər, minlərlə sənət əsərləri və digər qiymətli mal-mülk karvanlarla İstanbula daşınmışdır.
Səfəvilər dövlətində Qorçubaşı (hərbi nazir)
O dövrdə Təbriz bütün Şərqin mədəniyyət və elmi mərkəzi sayılırdı.Səfəvi saray kitabxanasında minlərlə alim, ustad xəttatlar, rəssamlar çalışaraq dövrün ən qiymətli kitablarını hazırlayırdılar. Saray ədəbi məclisində ən məşhur şairlər, musiqiçilər fəaliyyət göstərirdi. Sultan Səlim Təbrizi Şərqin elmi və mədəniyyət mərkəzinə çevirən ən məşhur alimləri, şairləri, rəssamları, xəttatları musiqiçiləri və başqa sənət ustalarını da özü ilə İstanbula, Osmanlı sarayına aparmışdır. Akademik Həmid Araslının qeyd etdiyinə görə şair Həbibi 1514-cü ildə Təbriz ələ keçirildikdən sonra Osmanlı sulranı I Səlim tərəfindən Konstantinopola gətirilmiş 1700 incəsənət xadimindən biri idi. (Cengiz Sadıkoğlu. Habibi. İslam Ansiklopedisi (türk). İstanbil: Türkiye Diyanet Vakfı)
Həbibidən başqa Şah İsmayıl ədəbi məclisinin üzvü olan şairlərdən Şahi, Matəmi və başqa şairlər də İstanbula aparılanlar arasında olmuşdur. Görkəmli miniatür ustası rəssam Şahqulu da İstanbula aparılmış və Osmanlı sarayının baş rəssamı təyin olunmuşdur. Təbrizdən İstanbula gətirilən məşhur alimlər, naqkaşlar, rəssamlar, xəttatlar, kitabxana və əlyazma mütəxəssisləri, cildçilər, zərgərlik və memarlıq ustaları və digər sənətkarlar Osmamlı saray imcəsənətinin əsasını qoymuş və klassik Osmanlı üslubunun formalaşmasında birbaşa dönüş nöqtəsi olmuşdur. Təbrizli rəssamlar, xəttatlar, nəqqaşlar Osmanlı sarayının xüsusi incəsənət emalatxanası olan "Nakkaşhane-i-Amire" (Saray Nəqqaşxanası) daxilində çox mühüm vəzifələrə gətirildilər.
Nizaminin "Sirlər xəzinəsi" əsərinə çəkilmiş miniatür
Səfəvi sarayının incə, dinamik və rəngarəng miniatür ənənəsi Osmanlı sarayınınn daha realist, sənədli üslubu ilə birləşdi. Bu iki fərqli baxışın vəhdətindən "Klassik Osmanlı Miniatür üslubu" yarandı.
Səfəvi sarayında hökmdarların qəhrəmanlıqlarını kitab halına gətirmək ənənəsi var idi. İstanbula gətirilən Təbriz ustaları Osmanlı sultanlarının yürüşlərini və saray həyatını qeydə alan "Süleymannamə" və "Şahənşahnamə" kimi möhtəşəm miniatürlü əsərlər ərsəyə gətirdilər.
Təbrizli xəttatlar o dövrdə Səfəvi coğrafiyasında çox populyar olan zərif və axıcı Nəstəliq xətt növünü Osmanlı sarayına və elmi mühitinə daxil etdilər. Bu xətt növü sonradan Osmanlı divan ədəbiyyatı və şeir kitablarının yazılmasında əsas xəttə çevrildi.
Kitabların üz qabıqlarının dəri üzərində incə naxışlarla bəzədilməsi, səhifə kənarlarının qızıl suyu ilə bəzənməsi (tezhib) sənəti Təbrizli ustaların sayəsində Osmanlıda ən yüksək səviyyəyə çatdı.
Təbrizli memar və ustalar İstanbul və Bursadakı məscidlərin, türbələrin daxili bəzədilməsində Səfəvi memarlığına xas rəngli şüşəli kaşı və kəsmə daş texnilasından istifadə etdilər. Bir çox tarixi binanın mehrabında "Amel-i Ustadan-i Tabriz" (Təbriz ustalarının işi) yazısına rast gəlinir.
Nizaminin "Sirlər xəzinəsi" əsərinə çəkilmiş miniatür
Osmanlı sarayında klassik türk musiqi ənənələrinin yaranması və inkişafı Təbrizdən gəlmiş musiqiçi və bəstəkarların fəaliyyıti ilə sıx bağlıdır.
Beləliklə, əminliklə deyə bilərik ki, Şah İsmayıl dövrünün Təbriz incəsənəti olmaysaydı, bu gün heyranlıqla baxdığımız Topkapı Sarayı miniatürləri və Osmanlı kitab sənəti, ümumiyyətlə Osmanlı incəsənəti tam fərqli bir formada inkişaf edə bilərdi.
Düşünürəm ki, tarixi hadisələri tənqid etmək, məzhəbçilik mövqeyindən təftiş etmək doğru deyil. Tarixi hadisələrə elmi və siyasi qiyməti tarixçilər verməlidir. Özü də sırf tarixşünaslıq mövqeyindən.