Türk sivilizasiyasının qədim dövrü


Faiq Ələkbərlinin həyatı və əsərləri | TURAN+AZERBAYCAN

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

I Yazı

Türk sivilizasiyasını ifadə etmək üçün ilk növbədə, aşağıdakılara diqqət etməliyik:

1) Türk sivilizasiyası açısından Türk tarixi yenidən dəyərləndirilməli, Türk xalqlarının ortaq tarixi yazılmalı, məcburi olaraq orta və ali təhsildə yer almalıdır.Türk tarixi qələmə alınarkən də Avropa, ABŞ, Rusiya, İran, İsrail və digər xalqlara aid araşdırmaçıların əsərlərinin təsirindən uzaq durulması bir şərt oürk Ulusununun tarihi yazдьфджlmalı, əsasən Türk qaynaqlarına istinad edilməli­dir. Özəlliklə, son iki yüz ildə Türk tarixinin yadelli araşdırma­çılar tərəfindən saxtalaş­dırıl­ması nəzərə alınmalıdır.

2) Türk sivilizasiyasının özünəməxsusluğu önə çəkil­məklə yanaşı, Qərb sivilizasiyasına əsas alternativ olması da diqqətdə saxlanılmalıdır. Bu gün dünyada Türk sivilizasi­yası mədəni-fəlsəfi yükü baxımından özəl yerə malikdir. Türk-Turan siviliza­siyasının tarixi, mədəniyyət və elmi-fəlsəfi cəhətdən əsaslandırılması Qərb sivilizasiyasına qarşı ciddi bir alternativliklə yanaşı, Avropa mədə­niyyətinin perspektivsizliyini də aşkar edəcəkdir.

3) Burada başlıca meyarlardan biri də, Türk fəlsəfə­sinin, Türk fəlsəfi sisteminin ortaya çıxarılmasıdır.[1]

4) Türk sivilizasiyası açısın­dan Türk düşüncəsi olan Tanrıçılıq və ona yaxın digər təlimlərlə İslamlığın oxşar və fərqli cəhət­lərinin dəyərləndirlməsinə də ciddi ehtiyac vardır.Çünki bu gün də Türklük və İslamlığın biri-birinə zidd olması, İslam dininin Türk­lüyün inkişafında əngəl olması kimi fikirlər mövcuddur. Bir məqama diqqət yetirək ki, son əsrlərdə Türk mədəniy­yəti daha çox İslam mədəniyyətinin tərkib hissəsi kimi verilmişdir. Biz, bunu heç də doğru görmürük. Orta çağda İslam mədəniyyəti anlayışının içində Türk mədəniyyəti özünü yetərincə ortaya qoya bilməmişdir. Çünki Orta çağda İslam dininə daxil olan Türk xalqları müsəlman­lıqları ilə milli mənşəyini bərabər tutmuş, bu anlamda bir çox əməl­lərini İslam mədəniy­yətinin adına yazmışlar.

XX əsrin başlarında islam­lığın türklüklə eyniləşdirilməsi məsələsinə toxunan Azərbaycan Türk aydını Məhəmməd Əmin Rəsulzadə yazır­dı: “Türk­cə qəzetə çıxartdıq - adına müsəlman qəzetəsi dedik. Türkcə teatrlar, operalar düzəltdik - ünvanlarını müsəlman teatrosu və müsəl­man operası dedik. Məktəb açdıq - rus-müsəlman məktəbi adını verdik. Cəmiy­yət­lərimizin sifətləri yenə “müsəlman” kəlməsin­dən ibarət oldu. Halbuki elədiklərimizin hamısı türkcə olub və Türk asari-mədə­niyyəsini diriltmək üçün idi. Müsəlman­lığın ibtidai təsirin­dən gələrək biz özümüzü müsəlman adlandırdığımız­dan əsil milliyyəti­mizin ünvanını təşkil edən türklüyə əhəmiyyət verməmiş, həmən “müsəl­man” adına qənaət eləmişdik. Hələ, də etməkdəyiz”.[2]

Qeyd edək ki, burada mədəniyyət, kültür, sivilizasiya və multikulturalizm anlayışlarının izahı çox vacibdir. Bir şey dəqiqdir ki, kültür/kultur, mədəniyyət və sivilizasiya anlayışları nə qədər fərqli olursa-olsun, bir-birinə yaxın cəmiyyətlərdə onların oxşarlıq elementlərini tapmaq mümkündür. Hətta, fərqli dinlərə tapınan millətlər belə kültürə, mədəniyyətə aid bir çox ünsürləri ortaq şəkildə paylaşa bilərələr. Kültür, Mədəniyyət və Sivilizasiya anlayışları ilə bağlı ortaq fikrə gəlmək mümkün deyildir. Çünki hər bir millətin bu anlayışlara özünəməxsus münasibəti vardır. Hətta, eyni millətin aydınlarının belə mədəniyyət və sivilizasiya anlayışları ilə bağlı fərqli tərifləri mövcuddur.

Belə olduğu təqdirdə mədəniyyətlərarası, yaxud sivilizasiyalararası müharibəni müəyyənləşdirən amili yenə də fərqli ideyalarda, dünyagörüşlərdə, adət-ənənələrdə axtarmaq lazımdır. Bir şey dəqiqdir ki, mədəniyyət anlayışı nə qədər fərqli olursa-olsun, bir-birinə yaxın cəmiyyətlərdə oxşarlıq elementləri çox olur. Hətta, fərqli dinlərə tapınan millətlər belə mədəniyyətə aid bir çox ünsürləri ortaq şəkildə paylaşa bilərələr.[3]

Fransız sosioloqu Gustav le Bon yazırdı ki, mədəniyyəti, sivilizasiyanı əmələ gətirən müxtəlif elementlərə - dilə, təsisata, ideya­ya, etiqada, incəsənətə, ədəbiyyata millətin ruhunun təzahürü kimi baxılmalıdır: “Lakin dövrdən və irqlərdən asılı olaraq bu elementlərin hər hansı bir xalqın ruhunun ifadəsi kimi əhəmiyyəti çox müxtəlifdir. Əgər hər bir xalqın sivilizasiyasının yalnız onun bir elementini nəzərə almaqla tarixini yazmaq lazım gəlsəydi, bu element xalqlardan asılı olaraq müxtəlif olardı”.[4] İngilis alimi Arnold Toynbi sivilizasiyaların inkişafının mərhələləri üzrə sxemini qəbul edir və onu yaranma-inkişaf-çiçəklənmə-tənəzzül-dağılma dövrlərinə ayırırdı. Lakin onun fikrincə, bu sxem qaçılmaz deyil. Sivilizasiyaların məhvi ehtimaldır, lakin zəruri deyildir.[5]

Türk filosofu Ziya Gökalp “mədəniyyət” anlamını “kültür” və ya “hars”, “sivilizasiya”yanı isə “mədəniyyət”in sinonimi kimi işlətmişdir: “Kültür milli olduğu halda, mədəniyyət uluslararasıdır - beynəlmiləldir. Kültür yalnız bir millətin din, əxlaq, hüquq, ağıl, estetika, dil, iqtisadiyyat və texnika ilə bağlı yaşayışlarının uyumlu- ahəngdar bir bütünüdür. Mədəniyyət isə eyni inkişaf səviyyə­sində olan bir çox millətlərin kütləvi-ictimai həyatlarının ortaq bir bütünüdür”.[6]

Azər­bay­can Türk filosofu Əhməd bəy Ağaoğlu mədəniyyət və sivili­zasiya anlayışlarını eyni mənalı saymışdır: “Mədəniyyət - “Civilisation”deyiminə çeşidli təriflər verilmiş­dir. Biz bu deyimi, zənnimizcə, bütün tərifləri əhatə edən və bu kəlməyə ən geniş mənanı verən “həyat tərzi” olaraq qəbul edirik. Belə ki, mədəniyyət demək “həyat tərzi” deməkdir, yalnız həyat qavramını ən geniş və əhatəli bir mənada anlamaq­dır. Həyatın bütün təcəllilərini, maddi və mənəvi bütün olaylarını o qavram əhatə etməlidir”.[7]

Görünən odur ki, kültür, mədəniyyət və sivilizasiyayla bağlı Avropada iki düşüncə sistemi - Anqlo-Sakson və German-Alman geniş yayılmışdır. Deməli, Qərbdə çoxmədəniyyətlilik bu iki sistemin mahiyyətində gizlənmişdir. Amerikalı Samuel Hantinqton yazırdı ki, Almaniyadan başqa dünyanın hər tərəfində sivilizasiya mədəni bütövlük mənasında işlədilir. XIX əsr alman mütəfəkkirləri isə texnika, texno­logiya və maddi amilləri əhatə edən “sivilizasiya” anlayışı ilə, cəmiyyətin dəyərlər, ideallar və yüksək əqli, bədii, mənəvi keyfiyyətlərini nəzərdə tutan “mədəniyyət” anlayışı arasında kəskin sərhəd qoymuş­­dular. S.Hantinqton isə bu fikirlərlə razılaş­mayaraq bildirirdi ki, belə təsnifat Almaniyadan başqa heç bir ölkədə qəbul olunmur.[8]

Deməli, dünyada mədəniyyət və sivilizasiya, ya da multikulturalizm adı altında ən geniş yayılan Qərbin Anqlo-Sakson mədəniyyətidir. Bunun da, son yüzillikdə ən tanınmış nümayəndələri A.Toynbi, S. Hantinqton, F.Fukuyama və başqalarıdır. Onlar bütün dünyanı inandırmağa çalışırlar ki, çoxmədəniyyətlilik, ya da multikulturalizm “Qərb sivilizasiyası” və “Qərb demokratiyası”nın varlığı ilə bağlıdır. Çünki “Qərb sivilizasiyası” və “Qərb demokratiyası” (liberal-demokratizmi) tarixin pik nöqtəsidir. Arnold Toynbi “Qərb siviliza­siyası”nı şişirdərək, onu bütün dünyaya yayılan tək sivilizasiya kimi qələmə vermişdir.[9] Frensis Fukuyama, dünya tarixin sonunun çatmasının əsas amillərindən biri, bəlkə də birincisi kimi sivilizasiyalı dövlətdə ağa və qul məsələsinin aradan qaldırılmasını, bu anlamda azadlıq və bərabərlik ideya­lar­ının bərqərar olmasını göstərir. Onun fikirindən belə nəticə çıxır ki, demokratiya ağaların ağalıqdan əl çəkib qullarla eyni hüquqlara malik olmasıyla başlamışdır. Çünki azadlıq və bərabərlik ideyaları insan təbiətinin təməl prinsiplərini ifadə edir.[10]

Ümumiyyətlə, sivilizasiyanı ən yüksək dərəcəli sosial-mədəni ortaq dəyər və insanın mədəni identikliyinin ən geniş səviyyəsi kimi dəyərləndirən S. P. Hantinqtona görə o, “insanların ən böyük mədəni qruplaşmasıdır”.[11] Hantinqtonun fikirləri ilə əsasən razılaşan politoloq Bassam Tibi “sivilizasiya və mədəniyyət” anlayışlarını bir-birindən ayırır, sivilizasiya anlayışının daha yüksək, regional, yaxud da, qlobal səciyyə daşıdığını, eyni zamanda da, mədəniyyətin ona görə “yerli (dar) bir fenomen” məna kəsb etdiyini bildirir.[12]

Rahid Uluselin fikrincə, Türk sivilizasiyasına İslam sivilizasiyası daxilində baxılması doğru deyil, çünki Türk xalqlarının islamaqədərki dövründə ən azı minillik sivil­izasiya damğası vardır: “Yalnız dini oriyenta­siyasına görə dünya Türk milli dövlətlərinin və xalqlarının yaratdığı Türk sivilizasiyasının İslam sivilizasiyası tərkibinə daxil edilməsini elmi cəhətdən əsaslandırılmamış sayırıq. Çünki Türk sivilizasiyası və onu təşkil edən milli mədəniyyətlər İslam dünyası ilə nə qədər yaxın tarixi təmas, müştərək inkişaf ənənəsinə malik olsa da, həm identiklik, həm də universallıq keyfiyyətlərinə, dünyəvi-ümumtürk oriyenta­siyasına görə “İslam sivilizasiyası” çərçivəsinə sığmır”.[13]

[1] Maraş İbrahim. Türk düşünce tarihine giriş // Türk Düşünce Tarihi. El Kitabı. Toplu. Ankara, Grafiker yayınları, 2018, s.18-19; Kasabek A.K., Altaev J.A. Filosofiya tarixı. Almatı, 2017, s.11-12

[2] Rəsulzadə M.Ə. Əsərləri (1909-1914). II cild, Bakı: “Şirvannəşr”, 2001, s.469

[3] Xajıyeva Maksuda. İjtimoy falsafa. Тoshkent: “Lesson Press” MCHJ nashriyoti, 2023, s.199-202

[4] Gustav le Bon. Kütlə psixologiyası. Bakı, Zəkioğlu, 2006, s.71

[5] Тойнби A.. Цивилизация перед судом истории. Москва: Прогресс, 1996, s.45

[6] Gökalp Ziya. Türkçülüyün əsasları. Bakı: Maarif, 1991, s.47

[7] Ağaoğlu Əhməd. Üç mədəniyyət. Bakı: Mütərcim, 2006, s.24

[8] Хантингтон С. Столкновение цивилизаций. Москва: АСТ, 2003, s.76

[9] Toynbee Arnold J. Uygarlık yarğılanıyor. İstanbul, Örgün, 2011, s.90

[10] Fukuyama Frankis. Tarihin sonu ve son insan. İstanbul, Profil, 2014, s.85

[11] Хантингтон С. Столкновение цивилизаций. Москва: АСТ, 2003, s.36

[12] Çağlar Gazi. Uygarlıklar Arası Savaş Miti. Dünyanın Geri Kalan Bölümüne Karşı Batı. İstanbul: Bilge Yayınları, 2003, s.33

[13] Ulusel Rahid. Qloballaşma və Türk Sivilizasiyası. Bakı, Çaşıoğlu, 2005, s.15


MANŞET XƏBƏRLƏRİ