Dosent Şəmil Sadiq
Son PISA-2025 nəticələrinin açıqlanması Azərbaycan təhsilində bir sıra mühüm məsələləri yenidən müzakirəyə çıxardı. Məncə, burada diqqət çəkən məqamlardan biri Elm və Təhsil Nazirliyinin, xüsusilə nazirin nəticələri açıq şəkildə şərh etməsi, həm irəliləyişləri, həm də problemləri cəmiyyətlə bölüşməsidir. Təhsilin problemlərini etiraf etmək zəiflik deyil, əksinə, onların həllinə aparan ilk addımdır. Çünki problemdən birbaşaba birinci şəxs məlumatlıdır və bunun həlli yollarını da özü təklif edir.
PISA-nın fəlsəfəsi bizim üçün xüsusilə əhəmiyyətlidir. Çünki burada şagirddən sadəcə öyrəndiyini xatırlaması tələb edilmir. Qarşısına mətn, informasiya, problem və situasiya qoyulur, ondan oxuduğunu anlamaq, təhlil etmək, əlaqələndirmək, nəticə çıxarmaq və qazandığı biliyi yeni vəziyyətə tətbiq etmək gözlənilir.
Azərbaycanın, xüsusilə riyaziyyat üzrə irəliləyiş göstərməsi müsbət tendensiyadır. Elm və oxu istiqamətlərində də inkişaf əlamətlərinin görünməsi təhsil sistemində aparılan müəyyən dəyişikliklərin nəticə verdiyini göstərir. Lakin bu, bizi arxayınlaşdırmamalıdır. Çünki əsas məsələ təkcə əvvəlki nəticəmizlə müqayisədə nə qədər irəliləməyimiz deyil, şagirdlərimizin beynəlxalq orta göstəricilərlə müqayisədə hansı səviyyədə olmasıdır.
Ümumiyyətlə, PISA, PIRLS kimi beynəlxalq qiymətləndirmələrdə iştirak etmək, özünü dünya ilə müqayisə etmək cəhdi belə, yüksək cəsarət istəyir. Bu baxımdan ölkəmizi təbrik etmək olar. Bununla bərabər, PIAAC (böyüklərin oxu savadlılığı), EGRA (erkən siniflərdə oxu diaqnostikası) kimi beynəlxalq qiymətləndirmələrə də qoşulmağımız yaxşı olardı.
Mənim üçün isə bütün bu istiqamətlərin mərkəzində bir bacarıq dayanır – oxuyub-anlama. Ona görə də məhz PISA-2025 nəticələrinin oxu istiqamətini araşdırmaq arzusundayam.
PISA-2025 oxu savadlılığı üzrə Azərbaycan 91 ölkə arasında 374 balla 71-cidir; Bakı isə bu göstəriciyə görə 405 bal toplayıb.
Etiraf edək ki, İnsan oxuduğunu, gördüyünü və eşitdiyini düzgün anlayırsa, riyaziyyatda da, təbiət elmlərində də, tarixdə də, gündəlik həyatda da daha uğurlu qərarlar verə bilər. Riyaziyyat məsələsini həll etmək üçün əvvəlcə onun şərtini anlamaq lazımdır. Elmi mətndən nəticə çıxarmağa görə də oxuduğunu təhliletmə bacarığı vacib məsələdir.
Deməli, oxuyub-anlama ayrıca bir fənnin, hətta birbaşa təhsilin də problemi deyil. Məncə, bu, bütövlükdə cəmiyyətin porblemidir. Çünki riyaziyyatın qavranılması məktəbdə öyrədilmə və düzgün tədrislə mümkündürsə, oxuyub-anlama şagirdin söz ehtiyatı, danışıq qabiliyyəti, mütaliə mədəniyyəti, ailədəki ünsiyyət ilə də birbaşa bağlıdır.
Burda qarşımıza maraqlı bir sual da çıxır: “Əgər məntiqi-riyazi təfəkkürümüz yerindədirsə və ya yaxşılığa doğrudursa, onda bəs biz niyə oxuyub-anlamaqda çətinlik çəkirik?”
Bu suala yalnız imtahan texnikası ilə cavab vermək, əlbəttə ki, doğru olmazdı.
PISA tipli tapşırıqlar əzbərçiliyə yox, mətn üzərində düşünməyə əsaslanır. Şagirdə mətn təqdim edilir və ondan məlumatı tapmaqla yanaşı, müxtəlif hissələr arasında əlaqə qurmaq, müəllifin fikrini müəyyənləşdirmək, mətnaltı mənanı görmək, arqumentləri qiymətləndirmək və nəticə çıxarmaq tələb olunur. Belə bacarıq bir neçə ay ərzində PISA sualları işləməklə formalaşa bilməz. Onun təməli uşağın ilk məktəb illərindən qoyulmalıdır. Əgər biz yalnız 14-15 yaşlı şagirdə PISA formatlı testlər verməyə başlayırıqsa, problemin nəticəsi ilə mübarizə aparacağıq. Halbuki oxu mədəniyyəti, mütaliə vərdişi, söz ehtiyatı, mətnlə işləmək, sual vermək və nəticə çıxarmaq bacarığı ibtidai siniflərdən başlayaraq ardıcıl şəkildə formalaşdırılmalıdır.
Burada daha böyük bir məsələ ortaya çıxır – uşaqlarımız nə qədər kitab oxuyurlar? Bunu biləndən sonra da, onu “necə oxuyurun” cavabını axtararıq.
Azərbaycanda bir məktəblinin il ərzində neçə kitab oxuduğunu, gündə neçə dəqiqə mütaliə etdiyini, hansı janrlara üstünlük verdiyini göstərən davamlı və etibarlı milli statistikanın olmaması özü ciddi problemdir. Ölçmədiyimiz bir sahəni sistemli şəkildə inkişaf etdirmək də çətindir. Mən PISA-nın oxuyub-anlama nəticələri ilə cəmiyyətin mütaliə mədəniyyəti arasında ciddi əlaqə olduğu qənaətindəyəm. Çünki mütaliə yalnız söz ehtiyatını artırmır. Kitab uşağa uzun mətnlə işləməyi, hadisələr arasında əlaqə qurmağı, səbəb-nəticəni görməyi, başqa insanın mövqeyini anlamağı, müqayisə etməyi və nəticə çıxarmağı öyrədir. Bunlar isə PISA-nın ölçdüyü bacarıqların əhəmiyyətli hissəsidir.
Buna görə də düşünürəm ki, PISA qiymətləndirməsində nəticəmizin aşağı olmasının müxtəlif səbəbləri var:
1. Kurikulumumuzun və qəbul imtahan modelinin uzun illər yaddaş yönümlü olması, nəticədə əzbərçiliyə meylin güclənməsi;
2. Azərbaycan dili dərsliklərimizin nəzəriyyə yönümlü olması;
3. Məktəblilərimizin ilk yaşlardan kitab və ədəbiyyatdan uzaq düşməsi;
4. Kitabxana mədəniyyətimizin (Burada kitabaxana çalışanları da nəzərdə tutulur) olmaması;
5. Uşaq ədəbiyyatımızın zəif inkişaf etməsi;
6. Elmi-kütləvi əsərlərin nəşrinin həddindən az olması;
7. Müəllimlərimizin metodika və yanaşmasının düzgün olmaması.
8. Məktəblərin Naşir və yazıçılarla əməkdaşlıq etməməsinin
Bu sadaladıqlarımın olmaması, ya da çox zəif olması, oxuyub-anlamada geridi qalmağımızın səbəbidir. Heç kim deyə bilməz ki, zövq üçün belə olsa, çoxlu mütaliə edən şəxsin anlama porblemi böyük olar. Bu mümkün deyil, bəzən deyilir ki, oxuma iki cürdür, biri zöv üçün oxuma, biri də araşdırma, təhlil etmə və sairə. Sözsüz ki bu ədəbiyyatın növünə görə dəyişir. Amma istənilən şəxs zövq üçün oxuyursa, deməli onun zövq verdiyini anlayır, əgər onu anlayırsa, deməli anlamasında ciddi problem yoxdur. Əgər biri detektiv oxuyaraq anlayırsa, amma fəlsəfi əsərdə çətinlik çəkirsə, bəli bunlar arasında fərq ola bilər. Amma biri oxumur, biri isə oxumağı sevir və bacarırsa, deməli bunlar arasında da ciddi fərqlər var. Ona görə də uşaqlara ilk növbədə oxu vərdişi yaratmaq, oxuduğunu nə üçün oxuyuru dərk etdirmək və sevdirmək lazımdır. Necə ki, Azərbaycan dili dərsliklərimiz son zamanlar informativ mətn əsasında hazırlanır, elə bu mətnlərin böyük variantını da uşaqlara əlavə oxu kimi oxutdurmaq lazımdır.
Özümüzü başqa ölkələrlə müqayisə edəndə, əlbəttə, mənzərə bizi narahat etməlidir. Amma bu mənzərə o demək deyil ki, biz sükanı birbaşa PISA-ya tərəf çevirib nəyin bahasına olur-olsun, orda yüksək bal toplamağa çalışmalıyıq. Bunun özü də yanlış tendensiya olar. Məhz Sinqapur təhsilini araşdırarkən orada görüşdüyüm xeyli mütəxəssis ölkənin bu təhsil siyasətindən narazılığını ifadə edirdi. Onlar vurğulayırdı ki, məhz bu cür qiymətləndirmələrdə öndə olmaq üçün bütün təhsil PISA-ya köklənib, bu da əlavə hazırlıqların geniş vüsət almasına gətirib-çıxarır. Bütün məktəblər yarış içindədir, bu isə bizi təhsilin əsas hədəfindən yayındırır. Biz də bundan nümunə götürüb “hər şey PISA üçün” deyə bilmərik. Amma harada yanlış etdiyimizi düzgün təsbit edib, məhz o hissələri düzəltməliyik.
Mənə görə, məhz oxu savadlılığı üçün atmalı olduğumuz çoxlu addımlar var və bir neçəsini təklif kimi qeyd etməyi düşünürəm:
1. Məktəblə kitab arasındakı məsafəni azaltmaq
Rayon və kəndlərimizdəki xeyli kitabxananın müasir tələblərə uyğun olmaması, fondların yeni nəşrlərlə davamlı zənginləşdirilməməsi, məktəb kitabxanalarında müasir uşaq və yeniyetmə ədəbiyyatının kifayət qədər geniş təqdim edilməməsi ciddi maneələrdəndir. Sözsüz ki, burada yalnız bədii ədəbiyyatı nəzərdə tutmuram. Uşağın yaşına uyğun bədii, elmi-kütləvi, bioqrafiya, tarix, coğrafiya, texnologiya, təbiət və müxtəlif sahələrə aid ensklopedik nəşrlər onun dünyagörüşünün formalaşmasının mühüm vasitələridir.
Digər problem isə mövcud kitablarla necə işləməyimizdir. Kitabı kitabxanaya qoymaq hələ oxu mədəniyyəti yaratmaq anlamına gəlmir. Uşaq kitabı niyə oxumalıdır? Oxuyandan sonra onun haqqında kiminlə danışacaq? Hansı suallar veriləcək? Öz fikrini necə ifadə edəcək? Müəlliflə razılaşmadığı məqamı söyləyə biləcəkmi? Əsərin fərqli sonluğunu təsəvvür edə biləcəkmi?
Məhz bu mərhələdə sadəcə kitab oxumaqdan oxuyub-anlamağa keçirik.
2. “100 kitab” siyahısını hazırlamaq
İlk addımlardan biri kimi Elm və Təhsil Nazirliyi tərəfindən yaş qrupları nəzərə alınmaqla məktəblilər üçün tövsiyə edilən kitabların məktəblənin oxu kataloqunun hazırlanmasını təklif edərdim. Elə Sovet dövrünün “Məktəbli kitabxanası” adı ilə. Bəlkə bunu Elm və Təhsil nazirliyi siyahılaşdırıb sifarişlə belə çap etdirməli, kitabxanala verməli və mütailəsinin düzgün təşkilinə nəzarət mexanizmi qurmalıdır.
Şərti olaraq bunu “Məktəblinin oxumalı olduğu 100 kitab” adlandıra da bilərik. Bu, məcburi ədəbiyyat siyahısına çevrilməməlidir. Əksinə, Azərbaycan və dünya ədəbiyyatını, bədii və elmi-kütləvi əsərləri əhatə edən, yaş səviyyələrinə uyğunlaşdırılmış istiqamətləndirici oxu xəritəsi olmalıdır.
Eyni təşəbbüs müəllimlər üçün də düşünülə bilər: “Müəllimin oxumalı olduğu 100 kitab”. Çünki uşağa mütaliə sevgisini ötürəcək əsas insanlardan biri müəllimdirsə, onun özünün də kitabla əlaqəsi canlı qalmalıdır.
3. Hər məktəbdə “Ayın kitabı” layihəsi təşkil etmək
Məktəblərdə sistemli şəkildə tətbiq edilə biləcək ən sadə layihələrdən biri “Ayın kitabı” ola bilər.
Hər yaş qrupu üçün ay ərzində bir kitab müəyyənləşdirilir. Şagirdlər kitabı oxuyur, ayın sonunda isə müəllimin moderatorluğu ilə sinifdə müzakirəsi keçirilir. Burada məqsəd uşağa “kitabı oxudunmu?” sualını vermək olmamalıdır. Proses boyu kitab oxuma fəaliyyəti tədricən təhlil, müzakirə və düşünmə məşqinə çevrilməlidir.
4. Məktəbdə gündəlik oxu vaxtını müəyyənləşdirmək
Məktəbin həftəlik və ya gündəlik rejimində müəyyən müddətin sərbəst oxuya ayrılması da müzakirə edilə bilər. Bu saatda uşaq imtahan verməməli, qrammatika qaydası öyrənməməli, kitabın məzmununu əzbərləməməlidir. Sadəcə oxumalıdır. Çünki oxumağın özü də məşqdir. Sürətli və şüurlu oxu, diqqəti uzun müddət mətn üzərində saxlamaq, əsas informasiyanı seçmək və lazım gəldikdə mətnə geri qayıtmaq yalnız davamlı təcrübə nəticəsində formalaşır. PISA tapşırıqlarında zaman amili də var. Deməli, uşağın yalnız düzgün oxuması deyil, müəyyən müddətdə oxuyub məlumatı emal etməsi də vacibdir. Bunun yolu isə “sürətli oxu” adı altında sözləri mexaniki şəkildə tez keçmək deyil. Məqsəd oxu sürəti ilə anlama səviyyəsini birgə inkişaf etdirməkdir.
5. Qiraət və oxuyub-anlama yarışları keçirmək
Ölkə səviyyəsində oxuyub-anlama müsabiqələrinin keçirilməsini də faydalı hesab edirəm. Bu yarışlar ən çox kitabın adını əzbərləyən uşağı yox, oxuduğunu ən yaxşı anlayan şagirdi müəyyənləşdirməlidir. Rayon, şəhər və ölkə mərhələləri təşkil edilə bilər. Mətnlər bədii və elmi-kütləvi ədəbiyyatdan seçilə, tapşırıqlar isə PISA məntiqinə uyğun qurula bilər. Belə yarışlar kitab sərgiləri, müəlliflərlə görüşlər, məktəb kitab festivalları və kitabxana layihələri ilə əlaqələndirilsə, daha effektiv olar.
6. Məktəb fəaliyyətinin qiymətləndirilməsində mütaliəni də nəzərə almaq
Daha cəsarətli addımlardan biri məktəblərin illik fəaliyyətinin qiymətləndirilməsində oxu mədəniyyətinə də müəyyən yer ayırmaq olar. Məktəb il ərzində neçə oxu layihəsi həyata keçirib? Kitabxanadan istifadə səviyyəsi necə dəyişib? Şagirdlər neçə kitab müzakirəsi keçirib? Oxuyub-anlama göstəricilərində hansı inkişaf baş verib?
Belə göstəricilər məktəblər üçün əlavə motivasiya yarada bilər. Amma burada ciddi bir məsələ də ortaya çıxır – layihəni qətiyyən statistik hesabat yarışına çevirmək olmaz. “Bu il 500 tədbir keçirdik, 10 min kitab oxundu” kimi rəqəmlər real oxu mədəniyyətini göstərməyə bilər. Sözsüz ki, məqsəd tədbir keçirmək yox, uşağın oxu davranışını dəyişmək olmalıdır.
7. Birdəfəlik “Oxu günü” deyil, davamlı oxu strategiyası hazırlamaq
2019-cu ildə o zamankı Təhsil Nazirliyinin məktəblərdə mütaliənin təşviqi istiqamətində “Oxu günü” təşəbbüsümü rəsmiləşdirməsi diqqəti kitaba yönəltmək baxımından əhəmiyyətli addımlardan biri idi. Lakin belə layihələrin əsas problemi onların zamanla kampaniya xarakteri almasıdır. İldə bir dəfə uşaqları meydana toplamaq, kitab sərgisi keçirmək, foto və video çəkib dağılışmaq oxu mədəniyyəti yaratmır. Oxu günü, oxu ili yox, davamlı oxu strategiyası lazımdır.
8. Nəşriyyatlarla məktəblər arasında əməkdaşlıq qurmaq
Azərbaycan nəşriyyatları ilə məktəblər arasında əlaqənin gücləndirilməsi də vacibdir. Nəşriyyat yalnız kitab çap edib mağazaya göndərən müəssisə olmamalıdır. Məktəblə birlikdə oxu proqramlarının hazırlanması, yaş qruplarına uyğun kitabların seçilməsi, müəllif-şagird görüşlərinin təşkili, kitab klublarının yaradılması, elmi-kütləvi ədəbiyyatın artırılması istiqamətində əməkdaşlıq vacibdir. Azərbaycan Nəşriyyatlar Assosiasiyası olaraq biz də bu istiqamətdə pilot layihələrə başlamağa hazırıq. Məsələn, bir rayon, bir neçə məktəb və müəyyən yaş qrupları seçilərək bir neçə il davam edən “Oxuyan məktəb” modeli yaradıla bilər. Başlanğıcda şagirdlərin oxuyub-anlama səviyyəsi ölçülər. Məktəb kitabxanası zənginləşdirilər, “Ayın kitabı” proqramı tətbiq edilər, gündəlik oxu vaxtı ayrılar, müəllimlər üçün mətnlə işləmə təlimləri keçirilər, kitab müzakirələri və oxuyub-anlama müsabiqələri təşkil edilər. Bir və ya iki ildən sonra nəticələr yenidən ölçülər. Əgər model nəticə verirsə, onu ölkə üzrə genişləndirmək mümkündür.
Düşünürəm ki, cənab nazirin də dediyi kimi, PISA-ya hazırlaşmaq yox, onun ölçdüyü insanı yetişdirmək bizim üçün əsas piroritet olmalıdır. Məncə, əsas məsələ də budur. PISA-ya modelli suallarla hazırlaşmaqla onun nəticəsini müəyyən həddə qədər yüksəltmək mümkündür. Amma PISA-nın ölçdüyü düşünən, anlayan və nəticə çıxaran insanı yetişdirmək üçün illər lazımdır. Bu proses birinci sinifdən başlamalıdır.
Uşaq kitab oxumalı, oxuduğunu danışmalı, müəllimə sual verməli, müəlliflə razılaşmamalı, fikrini əsaslandırmalı, müxtəlif mətnləri müqayisə etməli və getdikcə daha mürəkkəb informasiyanı emal etməyi öyrənməlidir. Bunun üçün məktəb, ailə, kitabxana, nəşriyyat və dövlət eyni istiqamətdə işləməlidir. Çünki oxuyub-anlama yalnız PISA göstəricisi deyil. Oxuyub-anlama insanın dünyanı anlama qabiliyyətidir. Oxuduğunu anlamayan insanın riyaziyyatı, tarixi, elmi və hətta qarşısına çıxan gündəlik informasiyanı düzgün qiymətləndirməsi çətinləşir. Biz bu gün bunu sosial şəbəkələrdə daha dəqiq müşahidə edirik.
Ona görə də növbəti PISA nəticələrini gözləyib yenidən “Niyə nəticəmiz aşağıdır?” deməkdənsə, bu gündən daha fundamental sual verməliyik: “Azərbaycan məktəblisi hər gün nə oxuyur, nə qədər oxuyur və oxuduğundan nə anlayır?”
Bu suala doğru cavab tapdığımız gün, əmin olun ki, PISA nəticələrimiz də dəyişəcək.