Zenfira Nusalova: “Məzunlarımızın hər uğuru müəllim əməyinin ən qiymətli bəhrəsidir”


225 nömrəli tam orta məktəbdə keçirilən “Son Zəng” tədbiri təhsil həyatının bir mərhələsini uğurla başa vuran məzunların gələcəyə inamla yola salınması, müəllim əməyinə ehtiramın ifadə olunması və gənclərə ünvanlanan xeyir-dualarla yadda qalıb.

Tədbirdə çıxış edən məktəbin direktor müavini, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Professoru, Türk Dünyası Onur Medalı laureatı Zenfira Nusalova bildirib ki, “Son Zəng” yalnız məktəb illəri ilə vidalaşma deyil, həm də gənclərin həyatında yeni məsuliyyətlərə və böyük hədəflərə doğru atılan mühüm addımdır.

Onun sözlərinə görə, məktəb illərində qazanılan bilik, formalaşan dünyagörüşü, müəllimlərin aşıladığı mənəvi dəyərlər və vətənpərvərlik hissi gənclərin gələcək həyat yolunda ən etibarlı bələdçiyə çevrilir.

“Müəllim üçün ən böyük sevinc və qürur yetişdirdiyi şagirdlərin uğurlarını görməkdir. Bu gün məktəbimizi bitirən gənclər sabah Azərbaycanın elmində, təhsilində, iqtisadiyyatında, mədəniyyətində və dövlətçilik həyatında öz sözünü deyəcək vətəndaşlar olacaq. İnanıram ki, onlar harada yaşamalarından və fəaliyyət göstərmələrindən asılı olmayaraq, ölkəmizin adına layiq, milli-mənəvi dəyərlərimizə sadiq, dürüst və məsuliyyətli insanlar kimi cəmiyyətimizə töhfə verəcəklər”, – deyə Zenfira Nusalova vurğulayıb.

Qeyd olunub ki, məktəb yalnız bilik verən təhsil müəssisəsi deyil, həm də şəxsiyyət formalaşdıran, gəncləri həyata hazırlayan mühüm mənəviyyat ocağıdır.

Burada müəllimlərin zəhməti, valideynlərin etimadı və şagirdlərin əzmi birləşərək cəmiyyət üçün faydalı vətəndaşların yetişməsinə xidmət edir.

Çıxış zamanı məktəbin direktoru Sevda Eminova tərəfindən təhsil müəssisəsində yaradılmış sağlam təhsil mühiti, şagirdlərin hərtərəfli inkişafına göstərilən diqqət və məktəbin uğurlarının artırılması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyət yüksək qiymətləndirilib.

Tədbirin bədii hissəsinin hazırlanmasında və “Son Zəng” mərasiminin yüksək səviyyədə təşkilində əməyi olan Həmidə Hüseynova müəllimənin fəaliyyəti də xüsusi qeyd edilib. Bildirilib ki, onun peşəkarlığı və yaradıcı yanaşması tədbirə xüsusi rəng qataraq məzunlar və qonaqlar üçün yaddaqalan anlar yaradıb.
Sonda məzunlara müraciət edən Zenfira Nusalova onlara elmə bağlı, vətəninə sədaqətli, yüksək mənəvi keyfiyyətlərə malik vətəndaşlar kimi formalaşmağı arzulayıb.

“Məktəb illəri başa çatsa da, öyrənmək, inkişaf etmək və kamilləşmək yolu heç vaxt bitmir. Qoy hər biriniz həyat yolunda dürüstlüyü, zəhməti və insanlığı özünüzə rəhbər tutasınız. Uğurlarınız ailələrinizin, müəllimlərinizin və dövlətimizin qürur mənbəyinə çevrilsin. Siz Azərbaycanın gələcəyisiniz və biz sizə inanırıq”, – deyə o bildirib.

“Son Zəng” tədbiri məzunların çıxışları, bədii proqram və ənənəvi son zəng mərasimi ilə başa çatıb.


MANŞET XƏBƏRLƏRİ