Ermənistanda seçkilərdən sonra siyasi gərginlik daha da artır.
Musavat.com xəbər verir ki, erməni kiv-lərində ölkənin ikinci prezidenti Robert Köçəryanın İrəvandakı Zvartnots hava limanında olduğu anları əks etdirən videokadrlar yayılıb. Görüntülər onun ölkəni tərk etməyə çalışdığı vaxt lentə alınıb.
Xatırladaq ki, bu gün Köçəryanın ofisi onun şəxsi xarakterli səfərlə üç günlük müddətə ölkədən ayrıldığını açıqlamışdı. Lakin bir müddət sonra Ermənistan mediasında yayılan məlumatlarda Köçaryanın ölkədən çıxışına icazə verilmədiyi və hava limanında saxlanıldığı bildirilmişdi.
Görüntülər Ermənistanın siyasi gündəmində geniş rezonans doğurub.
Qeyd edək ki, parlament seçkilərinin başa çatdığı gecə Baş nazir Nikol Paşinyan müxalif düşərgəyə qarşı sərt bəyanatlar səsləndirmiş, Robert Köçəryanın, Qaqik Sarukyanın və Samvel Karapetyanın məsuliyyətə cəlb olunacağını bildirmişdi.
