ABŞ və İran arasında əldə olunan razılaşma bölgədə uzun müddətdir davam edən gərginliyin azaldılması və davamlı sülhə nail olunması istiqamətində yeni diplomatik prosesin başlanğıcı kimi qiymətləndirilir.
Turkustan.az xəbər verir ki,Türkiyə rəsmiləri, xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan tərəfindən verilən açıqlamalarda razılaşma alqışlanıb. Bununla yanaşı, prosesin təxribat cəhdləri ilə üzləşə biləcəyi ehtimalına qarşı ehtiyatlı olmağın vacibliyi vurğulanıb.
Prezident Rəcəb Tayyib Ərdoğan sosial media hesabında paylaşdığı açıqlamada ABŞ və İran arasında əldə olunan razılaşmanı alqışladıqlarını bildirib. O qeyd edib ki, bu addım bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasına töhfə verə bilər.
Ərdoğan razılaşmanı regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm inkişaf kimi qiymətləndirib. O, tərəfləri razılaşmanın imzalanmasına qədər gərginliyi artıracaq bəyanat və addımlardan çəkinməyə çağırıb, eyni zamanda mümkün təxribat cəhdlərinə qarşı ayıq-sayıq olmağın vacibliyini vurğulayıb.
Türkiyə Prezidenti həmçinin Pakistan, Qətər və Səudiyyə Ərəbistanının prosesə verdiyi diplomatik dəstəyə görə təşəkkür edib. O bildirib ki, Türkiyə bundan sonra da bölgədə sülhün, sabitliyin və dialoqun təşviqinə yönəlmiş səylərini davam etdirəcək.
Aytən Yaşar/ Turkustan.az