ABŞ–İran anlaşmasının pərdəarxası: Həllini tapmayan 3 məqam


ABŞ və İran arasında 28 fevralda başlayan müharibənin təxminən iki ay davam edən kövrək atəşkəsdən sonra əldə olunan razılaşma ilə başa çatdığı açıqlanıb.

Turkustan.az xəbər verir ki, razılaşmanın iyunun 19-da İsveçrədə imzalanması gözlənilsə də, onun əsas müddəaları hələ ictimaiyyətə açıqlanmayıb. Xüsusilə Hörmüz boğazına çıxış, İranın nüvə proqramının gələcəyi və regional təhlükəsizlik məsələləri ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır.

ABŞ Prezidenti Donald Tramp və İran rəsmiləri müharibənin başa çatdığını bəyan ediblər. Tramp bildirib ki, “neft yenidən region və dünya bazarlarına axacaq”. Bununla belə, tərəflərin konkret hansı məsələlər üzrə razılığa gəldiyi və memorandumun yekun mətni hələ də açıqlanmayıb.

Hörmüz boğazı

Razılaşma ilə bağlı ən çox diqqət çəkən mövzulardan biri Hörmüz boğazının gələcəyidir. Tramp əvvəlcə ABŞ-ın dəniz blokadasının dərhal qaldırılacağını və boğazın açılacağını bəyan etsə də, daha sonra bunun iyunun 19-da planlaşdırılan imzalanma mərasiminin uğurla başa çatmasından asılı olduğunu bildirib. Onun sözlərinə görə, bu müddət ərzində mina təmizləmə işləri aparılacaq.

Diqqət çəkən məqamlardan biri də Pakistanın Baş naziri Şahbaz Şərifin ilk açıqlamasında Hörmüz boğazından bəhs etməməsi olub. İranın Mehr agentliyi isə iddia edib ki, razılaşma memorandumunda boğazın İranla əldə edilən razılaşmalar çərçivəsində 30 gün ərzində yenidən açılması nəzərdə tutulur.

ABŞ administrasiyası uzun müddətdir ki, gəmiçilik üçün hər hansı tranzit rüsumlarına qarşı çıxır. Tramp daha əvvəl “Hörmüz hər kəs üçün açıq olacaq və onu heç kim idarə etməyəcək” bəyanatını vermişdi.

Böyük Britaniya, Fransa, Almaniya və İtaliyadan ibarət E4 qrupu da boğazın qeyd-şərtsiz açılmasının və beynəlxalq dəniz naviqasiyası azadlığının qorunmasının vacibliyini vurğulayıb. Bütün qeyri-müəyyənliklərə baxmayaraq, razılaşmanın elanından sonra qlobal neft qiymətlərində nəzərəçarpacaq enmə müşahidə olunub.

Livan məsələsi

Danışıqlar prosesində əsas mübahisə mövzularından biri Livanın mümkün razılaşmaya daxil edilib-edilməməsi idi. İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi əldə olunan anlaşmanın Livan da daxil olmaqla bütün cəbhələri əhatə etdiyini bildirib.

Pakistanın Baş naziri Şahbaz Şərif də tərəflərin Livan da daxil olmaqla bütün istiqamətlərdə hərbi əməliyyatların dərhal və birdəfəlik dayandırılması barədə razılığa gəldiyini açıqlayıb.

Bununla belə, İsrailin bölgədə İran və ona bağlı qruplara qarşı hərbi əməliyyatları davam etdirməsi ehtimalı razılaşmanın gələcəyi ilə bağlı suallar yaradır. Məlumata görə, sazişin elanının bazar günü İsrailin Beyruta endirdiyi zərbə səbəbindən bir neçə saat təxirə salındığı bildirilir.

İranın nüvə proqramı

Razılaşmanın ən mürəkkəb və həlledici istiqamətlərindən biri İranın nüvə proqramı olaraq qalır. Tramp bir daha vurğulayıb ki, “İran heç vaxt nüvə silahına malik olmayacaq”.

Lakin Pakistan rəsmilərinin məlumatına görə, nüvə məsələsi üzrə danışıqlar qarşıdakı 60 gün ərzində davam etdiriləcək. Tramp həmçinin bildirib ki, Tehran Vaşinqtonla yeni nüvə sazişinə nail ola bilməsə, ABŞ hərbi əməliyyatları bərpa edə bilər.

E4 qrupu da yaydığı bəyanatda İranın nüvə proqramı ilə bağlı aydın və yoxlanıla bilən addımlar atacağı təqdirdə sanksiyaların yumşaldılmasına hazır olduqlarını bəyan edib.

İran isə nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını bildirir. Bununla yanaşı, ötən il ABŞ hücumları nəticəsində zərər görmüş nüvə obyektlərində saxlanıldığı iddia edilən zənginləşdirilmiş uran ehtiyatlarının taleyi barədə Tehran hələlik açıq öhdəlik götürməyib.

Analitiklər hesab edirlər ki, ABŞ-ın 2018-ci ildə 2015-ci il İran nüvə sazişindən çıxmasından sonra yaranan etimad böhranı fonunda uran zənginləşdirmə fəaliyyəti və mövcud ehtiyatların gələcəyi qarşıdakı danışıqların əsas gündəm mövzusu olacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ