Qədim dövr Türk fəlsəfəsi: Tanrıçılıq və Oğuz Ata


Faiq Ələkbərlinin həyatı və əsərləri | TURAN+AZERBAYCAN

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

VII Yazı

Ən məşhur “Oğuznamə”lərin müəlliflərindən biri Fəzlullah Rəşiddədindir (13-14-cü əsrlər). Onun “Came-ət-Təvarix” adlı əsərinin “Tarixi-oğuzan və türkan və hekayəti-cahangiri-u” adlanan ikinci fəslini təşkil edən “Oğuznamə” əsaslı mənbələrdən biri hesab olunur. Fəzlullah Rə­şi­dəddin yazır ki, Tanrıçılıq-Göy Tanrı dinini Oğuz xan ya da Oğuz Ata for­ma­laşdırıb və türklər arasında yayıb.[1] Eyni zamanda, Xarəzmin (14-15-ci əsrlər), Salar Babanın (16-cı əsr), Nurməhəmməd Əndəlibin (18-ci əsr) [2] və başqalarının da qələmə aldığı, təqribən 25-ə qədər “Oğuznamələr” vardır.

Akademik İsa Həbibbəyliyə görə müxtəlif əsrlərdə ayrı-ayrı müəlliflər tərəfindən yazılmış “Oğuznamə” yaradıcılarının əsas vəzifəsi geniş mənada oğuz türklərinin meydana çıxması, formalaşması və inkişafı tarixi haqqında yayılmış rəvayətləri və tarixi məlumatları toplayıb müəyyən sistemə salmaq və özlərinə məxsusşərhlərlə tərtib etdirərək yazıya almaqdan və yaymaqdan ibarət olmuşdur.[3]

Turan və Hind-Avropa qövmlərinin müxtəlif yerlərdə (Anadolu­da, Qara dənizin quzey tərəflərində, Qafqazda, Orta Asiyada, Ön Asiyada və b.) biri-biriylə qarşlaşdıqları, hətta təfriq ediləməyəcək qədər ixtilaflara girdikləri görülməkdədir. Qobi vahələrində; İran qapılarından və Kaşğardan, Hutandan Koçaya və Turfana qədər bütün Çin Türkistanında Turanilərin arasında və ya yanında Hind-Avropalılara rastlanır. Türklərlə/turanlılarla Hind-Avropalıların dünyagörüş mübadilələri, o cümlədən dil və mədəni əlaqələri ünün qarşılaşmaları m.ö. II minilliyin ortalarından başlayaraq miladın IX əsrinə qədər davam etmişdir. Alman alimləri Turanilərin Hind-Avro­palı, fransız alimləri isə Türk olduqlarını zənn edirlər.[4]

Məsələn, hind-avropa mənşəli hesab olunan İran/Hind fəlsəfəsi insaniyyətçi və dualust xarakterli dəyərləndirilir ki, zaman zaman bu fəlsəfənin Türkün Tanrıçılıq fəlsəfəsinə təsir göstərməsi qaçılmazdır. Eyni zamanda Türkün həqiqətçi və gerçəkçi fəlsəfəsi də İran/Hind fəlsəfəsinə xeyli dərəcədə təsir göstərmişdir. İran hikməti, insanı aləmin mərkəzi və bütün əşyanın məna, qayəsi olaraq görür. Varlığın “hikməti vücud”u insandır. İnsanın qədəri, təbiət və əşyanın üstündə olub ona istiqamət və qiymət verir. Zərdüşt, Zənd-Avestda bizə insanın xeyirlə şər arasındakı mücadiləyə səhnə olan vicdanını və insan iradəsinin kainat içindəki yüksək mövqəyini göstərdiyi kimi; İslamdan sonrakı bütün İran ədəbiyatı da müxtəlif şəxsiyyət­ləriylə bu hikmətə nümunə təşkil edir. [5] Hilmi Ziya Ülkenə görə, İran hikməti insançı və utopistdir.

İran dualizmi özünü Zənd Avestada Hürmüz və Əhrimən formasında büruzə verir. Amma Saka, Midiya, Parfiya dönəmində Turanlıların Farslara-İrana güclü təsiri nəticəsində bu dualizm qismən zəifləmişdir. Zərdüştə görə, sonda Hörümüz Əhrimənə qalib gələcək ki, bununla da dünyada bir ahəng, sükunət olacaqdır. İran hikmətincə, insan Hörümüzlə Əhrimənin çarpışmasından ancaq son gündə qurtulacaqdır, o zaman həyatına inşirah vermək üçün daima son günü “Mehdi”yi gözləmək lazımdır. İran hikmətində “Mehdi”yi gözləmə Zərdüştlükdən irəli gələn bir inancdır. “Mehdi” əqidəsi İran hikmətində İslamdan öncə var idi. Məsələn, İslamdan öncəki İranda mağaraya saxlanıb qiyamətdə çıxacaq “Bəhram Çubin”-də vardır. Eyni ideyanı ərəblər, almanlar, hindlər, yaponlar arasında da görmək mümkündür.[6]

Hilmi Ziya Ülkenin fikrincə,Hind-Avropa fəlsəfəsindən fərqli olaraq Türk hikmətində insan, zidd prinsiplərin ahənginə uyğun yaşadığı müddətcə inşirah (Serenite) içərisindədir: “Çünki orada “arzu” imha edilən bir qüvvət, bir növü şeytan və ya Dəccal deyil; fəqət bizi hər an məfkurənin sükun və mükəmməliyyətinə doğru bir az yüksəldən bir qanaddır. Və yenə orada “məfkurə” bizim əsla ulaşamayacağımız və hər atılışda qırılıb düşəcəyimiz yetişilməz bir aləm; yaxud da bütün ömrümüzcə həsrət içində yalnız serabını gördüyümüz çox uzaqlara atılmış bir xəyal deyildir. Fəqət o bizim arzularımıza hər an bir az daha çox atılmaq və yaxınlaşmaq şövqünü verən və başımızı hər qaldırışda sevimli üzünü doya doya seyr etdiyimiz “Göy Tanrı”dır. Bunun üçündür ki, Türk hikməti nə Yunan hikməti kimi qədərçi, nə də İran hikməti kimi xəyalçıdır. Ona mütləq bir ad vermək lazımdırsa deyə biləriz ki, Türk hikməti həqiqətçi və tərəqqiçidir”.[7]

Hind-Avropa mənşəli Yunan hikməti varlıqçı və qədərçi fata­list­dir; insanın müqəddər bir təbiət nizamı əlində oyuncaq olduğuna, insan iradəsiylə bu nizama heç bir qatılıb əksilməyəcəyinə qanedir. Demurq şəkilsiz bir hərcü mərcdən ibarət olan Xaosa ahənk və nizam vermiş; onu Kosmos halına gətirmişdir. Insanın fəziləti bu müqəddər nizama uyğun yaşamaqdır. İnsanın arzuları o nizamı pozacaq şəkildə olduğu zaman Demurq-Varlıq onları susduracaqdır. Varlıq qarşısında nəfsini öldürəcək; bununla da külli təbiətin bur parçası halına gələcəkdir. Yunan fəlsəfəsində “insan” “varlığ”a tabe olub onun ətrafında dövr etməkdədir. Sokratın “özünü dərk et” və “şüura dönüş”ü bu hikmətdən heç bir şey dəyişdirməmişdir. Ülken yazır: “Yunan və İran hikməti realist insan dünyagörüşünü ifadə etməkdən uzaqdır. Hər ikisində də, insanın təbiət içindəki həqiqi mövqeyinə nəzərən görülmüş bir hərəkət düsturu bulunamaz. Çünki biri insanı varlığa əsir etmiş, digəri varlığı insana bağlamaq surətiylə onun aləm içindəki mövqeyini mübaliğə və ifrat ilə görmüşdür”.[8]

Yunan hikmətinin qədərçi olmasına səbəb ilk zaman mədə­niyyətindəki aşılmaz kast (təbəqələşmə) rejimidir. İran hikmətinin xəyalçı olmasını isə uzun əsrlərboyu türklər, ərəblər, yenindən türklər tərəfindən istila olmasında aramaq lazımdır. Türk hikmətinə görə, dünyadakı təbii nizamı davam etdirmək və məsud olmaq üçün bilgili, cəsarətli, qənaətkar olmaq lazımdır: Yuxarıda göy batar, aşağıda yer dəlinərsə bu nizam və insanların bütün hakimanə tədbirlər özlüyündən pozulacaqdır. Fəqət o davam etdikcə, bu nizamı sürdürə bilmək üçün mütləqə bu üç fəzilət bulunmalıdır. [9]

Beləliklə, Türk Ata ya da Oğuz Atanın bir ya da ayrı-ayrı insan olaraq ilk bilgə Atalarımızdan biri olması haqqında dəqiq bilgi yoxdur. Ancaq bir çox bilgilər bizə deməyə əsas verir ki, Oğuz Ata və Türk Ata müxtəlif dövrlərdə yaşamış ayrı-ayrı müdrik atalarımız ya da bilgələrimiz olmuşdur. Eyni zamanda, hər iki bilgəmiz Tanrıçılıq təlimində mühüm rol oynamış atalarımız olub, ancaq müəyyən dərəcədə fərqli baxışlar sistemi olmuşdur. Məhz bu səbəbdəndir ki, Türk Atanın Tanrıçılıq təlimi sonralar onun adıyla bağlı olaraq “Türk törəsi”, Oğuz Atanın Tanrıçılıq təlimi isə “Gök”, “Gök Tanrı” təlimi kimi adlanmışdır. Təsadüfi deyil ki, bu anlamda “Tanrı” sözü “Türk”, “Oğuz” sözü isə “Gök” qavramları ilə eyniləşdirilir. Maraqlıdır ki, 6-7-ci əsrlərdən etibarən oğuzlar və türklərin eyni birliyə daxil olması nəticəsində dini-fəlsəfi sistemdə “Gök Tanrıçılıq”, sosial-siyasi sistemdə isə “Türk budunu” anlayışları öz yerini tapmış, hətta bu birliyin əsasında “Gök Türk” Xaqanlığı təsis olunmuşdur. Görünür, buna səbəb Oğuz Ata və Türk Atanın aşağı-yuxarı eyni dini-fəlsəfi təlim və törədən çxış etməsi idi ki, onların davamçıları Tanrıçılığın və Türklüyün vəhdətindən başqa bir yol görməmişlər.

Ümumiyyətlə, fikrimizcə, Türk xalqlarının fəlsəfi fikir tarixində mühüm yeri Tanrıçılıq tutmuş, bu dini-fəlsəfi təlimin əsas nümayəndələri Türk Ata, Oğuz Ata, Qorqud Ata, Maq Ata (Qam-Ğam Ata), Xızır Ata və başqaları olmuşlar. Sadəcə, həmin bilgə atalarımızın Tanrıçılıqla bağlı baxışlar sistemi nüvə baxımından eyni ya da bənzər olsa da, ancaq fərqliliklər də olmuşdur. Ona görə də Oğuz Atanın dünyagörşü ilə Türk Atanın dünyagörüşü (eləcə də digərləri) arasında yalnız bənzərlikləri deyil fərqlilikləri də görüb tədqiq etmək zəruridir. Bu bənzərliyi Qorqud Ata ilə Qam Ata arasında da aparan tədqiqatçılar vardır. Başqa sözlə, bəzi tədqiqatçılar da Qorqud Ata ilə Qam Atanın eyni bilgə atamızın olduğuna inandıqları halda, fərqli düşünənlər də az deyildir.

[1] Rəşidəddin, F. Oğuznamə. Bakı: Azərbaycan Milli Ensiklopediyası NPB, 2003, s.18

[2] Əndəlib, Nurməhəmməd. Oğuznamə. Bakı, “Ulu”, 2010, s.44

[3] Həbibbəyli İsa. “Kitabi-Dədə Qorqud”: yazılı epos və ya epopeya. Bakı, Elm, 2020, s.97

[4] Ülken Hilmi Ziya. Türk tefekkür tarihi. Istanbul, Yapı Kredi Yayınları, 2013, s.71-72

[5] Ülken Hilmi Ziya. Türk tefekkür tarihi. Istanbul, Yapı Kredi Yayınları, 2013, s.48

[6] Ülken Hilmi Ziya. Türk tefekkür tarihi. Istanbul, Yapı Kredi Yayınları, 2013, s.53

[7] Ülken Hilmi Ziya. Türk tefekkür tarihi. Istanbul, Yapı Kredi Yayınları, 2013, s.54

[8] Ülken Hilmi Ziya. Türk tefekkür tarihi. Istanbul, Yapı Kredi Yayınları, 2013, s.49

[9] Ülken Hilmi Ziya. Türk tefekkür tarihi. Istanbul, Yapı Kredi Yayınları, 2013, s.55


MANŞET XƏBƏRLƏRİ