Hicablı qızla bağlı skandal paylaşım: Üzeyiri hansı cəza gözləyir?


Sosial şəbəkələrdə özünü yazıçı və psixoloq kimi təqdim edən Üzeyir Abasın paylaşımı geniş müzakirələrə və narazılığa səbəb olub. Belə ki, o, hicablı bir qızla yanaşı olduğu fotonu paylaşaraq həmin paylaşımda mübahisəli və qeyri-etik ifadələr işlədib. Sosial şəbəkə istifadəçilərinin bir qismi fotonun süni intellekt vasitəsilə hazırlandığını iddia etsə də, Üzeyir Abas sonradan yaydığı video müraciətdə fotonun qızın razılığı ilə çəkildiyini bildirib.

Baş verənlər fonunda ictimaiyyətin bir hissəsi Üzeyir Abasın qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunmasını tələb edir. Bəs belə bir halda hüquqi məsuliyyət yarana bilərmi? Qanunvericilik bu kimi halları necə tənzimləyir?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, Üzeyir Abas məsuliyyətə cəlb oluna bilər:

“Sosial şəbəkədə dindar qadının şəklinin təhqiredici formada paylaşılması hüquqi məsuliyyət yarada bilər. Belə halda söhbət təkcə dini inancların deyil, eyni zamanda konkret şəxsin şərəf və ləyaqətinin təhqir edilməsindən gedir. Əgər zərərçəkən şəxs məhkəməyə şikayətlə müraciət edərsə və təhqir faktı təsdiqini taparsa, həmin əmələ görə cinayət məsuliyyəti yarana bilər”.

mehman
Mehman Muradlı

M.Muradlı hesab edir ki, bu cür şikayət məhkəmə tərəfindən icraata qəbul edilə bilər:

“Məsuliyyət tədbirlərinə gəldikdə isə, qanunvericilikdə cərimə ilə yanaşı, azadlıqdan məhrum etmə də daxil olmaqla müxtəlif cəza növləri nəzərdə tutulur. Konkret cəzanın hansı olacağı isə işin halları, təqdim olunan sübutlar və məhkəmənin hüquqi qiymətləndirməsindən asılıdır”.


MANŞET XƏBƏRLƏRİ