Əkbər QOŞALI
Şuşamızın – Mədəniyyət paytaxtımızın yenə qaynar, qonaq-qaralı günləridir. Bir tədbir başa çatır, digəri başlayır; bir qonaq yola düşür, o biri gəlir. Bəzən isə bir neçə beynəlxalq tədbir eyni vaxtda keçirilir. Şuşanın səsi artıq öz sınırlarını çoxdan aşıb.
Şəhərin səsi dağdan düzə, Qarabağa, Qarabağdan Azərbaycana, Azərbaycandan Türk dünyasına və dünyaya yayılır!.. Ölkədən ölkəyə, çağdan çağa yayılır Şuşanın səsi…
Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa artıq Türk dünyasının ortaq yaddaşından, ortaq gələcəyindən və ortaq söz haqqından danışır.
IV Şuşa Qlobal Media Forumuna bu yöndən baxdıqda, onun adi beynəlxalq tədbirdən daha böyük anlam qazandığı görünür. Forumun “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusu yalnız jurnalistika ilə bağlı peşəkar müzakirə olmaqda qalmır; bu mövzu Türk dünyası üçün də həyati önəm daşıyır. Çünki ortaq gələcəyin qurulması yalnız yolların, dəmir yollarının, limanların birləşdirilməsi ilə mümkün qılınmır; ürəklər, yaddaşlar və informasiya məkanları da birləşməlidir.
Onda gəlin Türk dünyasının yol xəritəsi və söz xəritəsinə bir baxış bucağı açaq.
Son illər Türk dünyasında tarixən görünməmiş ya da çox az görünmüş yaxınlaşma baş verir. Türk Dövlətləri Təşkilatı artıq siyasi məsləhətləşmə, iqtisadi inteqrasiya, yük daşıma bağlantıları, enerji təhlükəsizliyi və mədəni işbirliyi platformu kimi formalaşır. Yəni törən xarakterli birlik deyil.
Bu quruculuğun bir də media ölçüsü vardır.
Biz Bakıdan Türküstana, Şuşadan Səmərqəndə, Ankaradan Astanaya gedən yolları düşünürük. Bəs ortaq informasiya yolu necə olmalıdır?
Orta Dəhliz nə qədər stratejidirsə, ortaq informasiya dəhlizi də bir o qədər stratejidir. – Əgər Orta Dəhliz malların hərəkət yoludursa, ortaq informasiya dəhlizi düşüncələrin hərəkət yoludur. XXI yüzildə bunlardan biri olmadan o biri tam işlək ola bilməz.
Zəngəzur dəhlizi Azərbaycanın əsas bölümünü Naxçıvanla, daha geniş anlamda isə Türkiyə və Türk dünyası ilə birləşdirəcək önəmli layihə kimi təqdim olunur. Prezident İlham Əliyev IV Forumda da bu yolun önəminə xüsusi vurğu etdi. Burada məsələ yalnız coğrafi bağlantıdan ibarət deyil. Bu yol Türk dünyasının müxtəlif qolları arasında iqtisadi, siyasi və mənəvi məsafələri də qısaltmaq gücündədir.
Əlbəttə, yol özü-özlüyündə birlik yaratmır. Yolu anlamlaşdıran – onu mənaya çevirən ortaq iradədir. Dəhlizi taleyə çevirən ortaq baxışdır. Coğrafiyanı, belə deyək, vətənlər birliyinə çevirən isə ortaq tarix şüurudur.
Götürək, Türkiyə-Azərbaycan birliyini; bu sarsılmsz birlik bir modeldən bir məktəbə çevrilməyi haqq edir.
Bəli, Türkiyə ilə Azərbaycan arasında qurulmuş münasibətlər Türk dünyasının inteqrasiya modelinin ən yetkin örnəyidir. “Bir millət, iki dövlət” düsturu duyğusal ifadə olmaqdan çoxdan çıxıb; o, artıq hərbi-siyasi müttəfiqliyin, iqtisadi tərəfdaşlığın, enerji təhlükəsizliyinin və diplomatik həmrəyliyin işlək modelidir.
Əvəzsiz “Şuşa Bəyannaməsi” bu münasibətləri müttəfiqlik səviyyəsində hüquqi-siyasi çərçivəyə saldı. İndi isə qarşıda duran əsas məsələ mövcud təcrübənin Türk dünyasının ümumi inteqrasiya fəlsəfəsinə çevrilməsidir.
Bax, bu baxımdan Şuşa Qlobal Media Forumu ayrıca önəm daşıyır. Çünki türk dövlətləri arasında yaxınlaşmanı hökumətlərlə yanaşı, media da daşımalıdır. Bir-birimizin xəbərlərini xarici informasiya mərkəzlərindən öyrənmək dönəmi arxada qalmalıdır. Ankara Bakını, Bakı Daşkəndi, Daşkənd Bişkeki, Bişkek Astananı, Almata Lefkoşanı, Lefkoşa Aşqabatı, Aşqabat İstanbulu birbaşa eşitməlidir.
Ortaq media məkanı başqa ölkələrə qarşı qapanmaq anlamına gəlmir, əlbəttə. – Əksinə, bu, dünyaya öz sözümüzlə açılmaqdır.
Türk dünyası niyə başqasının sözündə, cümləsində qalmalıdır?
Uzun onilliklər boyu Türk dünyası başqa siyasi mərkəzlərin hazırladığı anlayışlarla təqdim olunub. Bəzən bizi “postsovet məkanı”, bəzən “Yaxın Şərqin çevrəsi”, bəzən də ayrı-ayrı regional altkateqoriyalar içində təsnif ediblər.
Halbuki Türk dünyasının öz tarixi coğrafiyası, öz mədəni məntiqi, öz siyasi çəkisi vardır.
Biz yalnız “keçmiş sovet respublikaları” olaraq qala bilmərik.
Biz yalnız enerji göndərənlər (ixracatçıları) deyilik.
Biz yalnız tranzit ölkələri kimi də tanınmaq istəmirik.
Biz ortaq yaddaşa, böyük insan potensialına, geniş coğrafiyaya, zəngin təbii sərvətlərə və yeni siyasi iradəyə malik geosivilizasiya məkanıyıq.
Bu geosivilizasiyanın dünya qarşısında özünü təqdim etməsi üçün ortaq informasiya dili lazımdır. – Bu, bütün türk xalqlarının eyni dildə danışması anlamına gəlmir. – Söhbət ortaq siyasi anlayışlardan, terminlərdən, hədəflərdən və informasiya refleksindən gedir.
Budur, bizim Mədəniyyət paytaxtımız Şuşa – Türk dünyasının mənəvi mərkəzlərindən birinə çevrilib.
Şuşanın Türk dünyası üçün ayrıca anlam dərinliyi, mahiyyət ucalığı vardır. Şuşa Azərbaycanın musiqi, söz və mədəniyyət beşiyi olmaq etibarıyla, işğaldan qurtuluşun, milli iradənin və tarixi ədalətin bərpasının rəmzidir.
Türk dünyası Şuşada öz taleyindən də bir parça görür.
Çünki Türk dünyasının bir çox bölgəsi işğal, sürgün, dil basqısı, mədəni yaddaşın silinməsi, qondarma sınırlar və ideoloji assimilyasiya təcrübəsi yaşayıb. Şuşanın qurtuluşu buna görə Azərbaycanın Zəfəri olmaqdan başqa, tarixi yaddaşın geri dönüşü kimi qəbul olunur.
Şuşanın artıq yalnız milli həqiqətin səsləndirildiyi yer oımadığı bəllidir; o, qlobal gündəliyin müzakirə olunduğu siyasi-intellektual tribunaya evyiyəliyi edir. – IV Forumda Azərbaycan Prezidentinin dünyanın müxtəlif qitələrindən gəlmiş jurnalistlərin suallarına açıq formatda cavab verməsi bunu əyani şəkildə göstərdi. Öncəki forumlarda dezinformasiya, süni intellekt və media dayanıqlılığı önə çıxmışdısa, builki Forum həqiqətlə sülh, informasiya ilə etimad arasındakı bağı əsas mövzuya çevirdi.
Biz belə hesab edirik, Türk Dövlətləri Təşkilatı gələcək mərhələdə ortaq media siyasətinə daha sistemli yanaşmalıdır. Burada söhbət vahid təbliğat mərkəzindən getmir. Demokratik, çevik, peşəkar və çoxsəsli media işbirliyindən söhbət gedir.
Ortaq xəbər bankı, jurnalist mübadiləsi, Türk dünyası üzrə araşdırma mərkəzləri, süni intellekt və media savadlılığı proqramları, ortaq terminoloji baza, gənc jurnalistlər şəbəkəsi və s. yaradıla bilər.
Örnəyi, niyə Şuşada Türk Dünyası Media Akademiyası təsis olunmasın?
Niyə hər il türk dövlətlərinin gənc jurnalistləri Şuşada toplaşıb ortaq tarix, çağdaş media texnologiyaları və informasiya təhlükəsizliyi üzrə yay məktəbində iştirak etməsin?
Niyə Türk dünyasının həqiqətlərini böyük dünya dillərində təqdim edən ortaq rəqəmsal platform qurulmasın?
Bax, bunlar artıq xəyal deyil. Bunlar siyasi iradə və institusional işbirliyi olduğu halda həyata keçirilə biləcək layihələrdir.
Biz Türk yüzilliyinin informasiya ölçüsünü götürməliyik.
XXI yüzilin Türk dünyası üçün yeni imkanlar açdığı tez-tez söylənilir. Ancaq yeni yüzillik yalnız siyasi açıqlamalarla gəlməyəcək. – O, elm, iqtisadiyyat, texnologiya, mədəniyyət və media vasitəsilə qurulacaq.
Türk yüzilliyi olacaqsa, onun ortaq sözü də olmalıdır.
Ortaq sözü olmayan birlik gec-tez başqasının cümləsinə çevrilməzmi?..
Gələcəyin yolu yalnız xəritədən keçmir, şüurdan da keçir. O yol yalnız dəhlizlərdən keçmir, o, informasiya damarlarından da keçir. – Bax, Şuşa Forumu bizə bunu xatırladır.
Dünən Türk dünyası bir-birini daha çox tarix kitablarından tanıyırdı. Bu gün Zirvə görüşlərində, iqtisadi layihələrdə, ortaq tədbirlərdə sıx-sıx görüşür. Sabah isə ortaq informasiya məkanında öz gələcəyini birlikdə yazacaq. Bu böyük gələcəyin mənəvi ünvanlarından biri isə, heç şübhəsiz, Şuşadır – bizim Mədəniyyət paytaxtımız, Türk dünyasının yüksələn söz paytaxtı!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!