Rusiya–Ukrayna müharibəsi son həftələrdə yeni intensivlik mərhələsinə keçib. Tərəflər cəbhə xəttində və arxa cəbhədə hücumların miqyasını genişləndirir, uzun mənzilli raketlər və pilotsuz uçuş aparatlarından daha fəal istifadə edirlər.
Rusiyanın Kiyevə endirdiyi zərbələr nəticəsində mülki itkilərin artması, Ukraynanın isə Rusiyanın enerji, logistika və hərbi obyektlərini hədəfə alması müharibənin xarakterinin dəyişdiyini göstərir. Bir sıra hərbi analitiklər hesab edirlər ki, hər iki tərəf qarşıdakı aylarda strateji üstünlük qazanmaq üçün həlledici əməliyyatlara hazırlaşır. Bu isə münaqişənin daha genişmiqyaslı və ağır nəticələr doğura biləcək yeni mərhələyə daxil olduğu ilə bağlı narahatlıqları gücləndirir.
Bəs bu qarşılıqlı hücumlar müharibənin taleyini dəyişəcəkmi? Qarşıdakı aylarda həqiqətən də həlledici döyüşlər gözlənilirmi?
Turkustan.az mövzu ilə bağlı politoloq Aydın Tağıyevin fikirlərini öyrəndi.
Aydın Tağıyev
Ukraynanın son hücumları Rusiyanın enerji və hərbi infrastrukturu üzərində ciddi təsir göstərir, bu isə münaqişənin yeni – daha həlledici mərhələyə keçdiyini göstərir. Rusiya rəhbərliyi də qarşıdakı dövrdə “həlledici döyüşlər” barədə xəbərdarlıq edir, lakin bu mərhələnin nəticəsi həm hərbi, həm də iqtisadi güc balansından asılı olacaq.
Görnən odur ki, bəli Ukrayna iyun ayında Rusiyanın 11 neft emalı zavodunu və 8 müdafiə sənayesi müəssisəsini vurub. Bu zərbələr Moskvadan tutmuş Ural bölgəsinə qədər uzanır və Rusiyanın “arxa cəbhə” anlayışını dağıdır.
Fikrimcə Kreml hücumları “terror aktları” adlandırır və “həlledici döyüşlər”in yaxınlaşdığını bildirir. Bu, həm daxili ictimaiyyəti səfərbər etmək, həm də Qərbə “biz hələ güclüyük” mesajı vermək məqsədi daşıyır.
Burda Ukrayna tərfdən hücumlar nəticəsində ciddi iqtisadi nəticələr ola bilər. Neft və qaz satışları Rusiyanın əsas maliyyə mənbəyidir. Bu sahəyə zərbələr Kreml üçün həm iqtisadi, həm də siyasi böhran yaradır.
Yekunda onu deyə bilərm ki, Müharibə artıq enerji infrastrukturu və iqtisadi gücün hədəfə alınması mərhələsinə keçib. Bu, klassik cəbhə döyüşlərindən daha çox strateji resurs müharibəsidir. Ukraynanın hücumları Rusiyanın daxili sabitliyini sarsıdır, Kreml isə cavab olaraq “həlledici döyüşlər” ritorikasını gücləndirir. Beləliklə, qarşıdakı aylar münaqişənin həqiqətən həlledici mərhələyə girib-girmədiyini göstərəcək nəticə həm hərbi meydanda, həm də iqtisadi müstəvidə müəyyən olunacaq.
Aytən Yaşar/ Turkustan.az