Mirişli Elşən
Gəncə şəhəri, tarixçi
I Yazı
Azərbaycan, nə İran, nə də rus tarixçiliyi Məhəmməd Kazım Şəriətmədarinin haqqında ciddi bir söz deyib. Burada “nə İran” deyilməsi aydındır,çünki ölkədəki siyasi quruluş Şəriətmədarinin adının belə çəkilməsini qadağan edib.”Nə rus “ ifadəsi gerçəyə uyğundur,rus (sovet) tarixçiliyində 1978-1979-cu illər İran inqilabından saysız kitablar yazılıb yayılsa da,bunlarda bir qayda olaraq Güney Azərbaycanın inqilabda oynadığı son dərəcə mühüm rolundan və inqilabdan sonra milli hüquqlar uğrunda mübarizəsindən, Şəriətmədaridən, demək olar, bir söz deyilməyib.Ancaq İrandakı kürdlərin inqilabdan sonrakı milli hqquqlar uğrunda mübarizəsindən , sovet şərqşünaslığında geniş işıqlandırılıb.Uzun müddət Azərbaycan türklərinin başçılıq etdiyi sovet iranşünaslığında yaranmış antiazərbaycan mühitindəki bu hal bizi təəccübləndirməməlidir. O ki qaldı Azərbaycan tarixçiliyinə,burada durum bütünlüklə başqadır. Respublikada 1976-1991-ci illərdə EA Şərqşünaslıq İnstitutunda” Güney Azərbaycan tarixi şöbəsi” fəaliyyət göstərib.Təəssüf ki, fəaliyyətinin daha geniş miqyasda aparılmasına imkanlar yaradılması əvəzinə,çağdaş İran,Güney Azərbaycan tarixi üzrə ixtisaslı kadrlar yetişdirmiş şöbə 1992-ci ilin əvvəlində bağlanıb,15 illik fəaliyyəti dövründə EA “Xəbərləri”ndə,xüsusi bülletenlərində və şöbənin hazırladığı “Cənubi Azərbaycanın tarixi məsələləri” kitabında (Bakı 1989 və 1991-ci il nəşrləri) dərc olunmuş məqalələrdə Güney Azərbaycanın 1978-1979-cu illər İran inqilabında yerinə ayətullah-əl-uzma (ən böyük ayətullah) Şəriətmədarinin siyasi fəaliyyətinə ayrıca toxunulub.Bu dəqiqləşməni hər şeydən qabaq İranda 1978-1979-cu illər inqilabının necə adlandırılmasından başlamaq istərdim.Şəriətmədari İranın Azərbaycan və türk vilayətlərinin muxtariyyəti uğrunda mübarizə aparan hərəkatın lideri idi.
Hərəkatı İranda (Qərbdə də) “islam inqilabı” adlandırırlar. Sovet tarixçiləri isə bunu antişah,anti-imperialist inqilab kimi səciyyələndirir, yalnız ideoloji formasına görə “islam inqilabı” anlayışını şərti olaraq .(dırnaqda) qəbul edirlər.İnqilabda azadlıq istəyi ilə yanaşı,hər sinif və təbəqənin,hər sosial qurumun, o sıradan hər millətin öz məqsəd və tələbləri qarşıda dururdu.İnqilabın başlanması və inkişafında çeşidli siyasi qüvvələr (o sıradan milli cəbhəçilər,fədailər və mücahidlər) aparıcı rol oynayırdı.İnqilaba rəhbərlikdə isə qeyri-müəyyənlik və səbatsızlıq vardı.Nəticədə hərəkatın sonuna doğru inqilabda rəhbərlik bu durumdan yararlanan islam təməlçilərinin əlinə keçdi.Onlar fanatik qüvvələrə arxalanaraq,geniş kütlənin dindarlığından və siyasi savadsızlığından yararlanaraq inqilaba get-gedə islam donu geydirdilər. İlk dəfə “Allahu Əkbər Xomeyni rəhbər” sədaları inqilabın sonunda-1979-cu il fevralın 1-də Xomeyni Fransa hökuməti tərəfindən Tehrana göndərildikdən sonra kütlələrə geniş şəkildə aşılandı və hakim oldu. İnqilabın mahiyyətcə İranda yaşayan bütün xalqların şahlığa, onun yeritdiyi ədalətsiz sosial-iqtisadi siyasətə,milli zülm siyasətinə və şübhəsiz Qərbin (başda ABŞ olmaqla) iqtisadi,hərbi-siyasi nüfuzuna qarşı yönəlmiş hərəkat idi.İnqilabın qələbəsindən sonra dövlət quruluşu İran İslam respublikası (İİR) şəklində referenduma hazırlanarkən milli demokratik qüvvələr ayrı-ayrı millətlərin yüksək muxtariyyətinə təminat verəcək federasiyalı respublika formasını da irəli sürdülər.
Tarixdə hansı adla yaşayacağından asılı olmayaraq biz Azərbaycan türkləri üçün Şimalda da böyük ümidlərlə izlədiyimiz o hərəkat Pəhləvi xanədanının (1925-1979) yarım əsirlik zülmünü hamıdan çox çəkmiş qardaş-bacılarımızın bütün İran xalqları ilə birlikdə antişah,antiimperialist və milli muxtariyyət uğrunda başladığı,başa çatdırdığı milli-demokratik inqilab idi.
İnqilabda Azərbaycanın və Şəriətmədarinin yeri probleminə gəldikdə isə, deməliyəm ki, 1978-1979- cu illər İran inqilabının başlanması, inkişafı və qələbə ilə nəticələnməsində Güney Azərbaycan, xüsusilə Təbriz şəhəri və təbrizlilər,eləcə də Tehranda yaşayan çoxmilyonlu Azərbaycan türkləri başlıca,bir çox hallarda həlledici rol oybnayıblar.
1978-ci il yanvarın 9-da ölkənin ən iri din mərkəzlərindəm sayılan Güney Azərbaycanın Qum şəhərində Azərbaycan türkəri olan tələbələr müxtəlif qüvvələrə qarşı cəza tədbirlərinə, polis özbaşınalığına, konstitusiya qaydalarının pozulmasına etiraz olaraq dinc nümayişə çıxdılar.Bir neçə min nəfərlik nümayişi polis dağıtdı,çoxlu ölən oldu. qanlı olayı kəskinliklə pisləyən Şəriətmədarinin çıxışı bütün İranda böyük əks-səda doğurdu.O, üzünü təbrizlilərə tutaraq Qum olayının 40-cı günü dinc nümayişə çağırdı.Fevralın 18-də Təbrizdə keçirilmiş dinc nümayiş Qumdakı din başçılarının,o sıradan onların başında duran ayətullah əl-uzma Məhəmməd Kazım Şəriətmədarinin də gözləmədiyi halda hakimiyyətə qarşı güclü üsyana çevrildi.
Azərbaycan türklərinin milli-demokratik mübarizəsində önəmli yer tutan bu üsyan iki gün çəkmiş,yalnız İranın başqa bölgəsindən gətirilən əlavə nizami hərbi dəstələrin gücü ilə qəddarcasına yatırılmış, minlərlə ölən,yaralanan olmuşdu. Tarixə “ 29 Bəhmən üsyanı” adı ilə düşmüş bu çıxış Pəhləvi xanədanlığının fəqərə sütununa öldürücü zərbə vurmuş, yetişən inqilabın müjdəçisi olmuşdu .Xaricdə Parisdə olan ayətullah Xomeyni Azərbaycan əhalisinə məktubunda“üsyan zamanı” şaha ölüm tələb edən,bu əzəmətli çıxışı ilə şahın ağzına möhkəm yumruq vuran Azərbaycan xalqına,Təbrizin əziz mücahid əhalisinə yaşasın”deyə müraciət etmişdi (bax: “Cumhuriye-eslami” qəzeti,18.02.1996) .Beləliklə,inqilabın gələcək başçısı Güney Azərbaycan türklərindən yararlanmaq üçün onların rolunu dəyərləndirməkdə xəsislik etməmişdi. Ancaq inqilabın qələbəsindən sonra (11.02.1979) milli istəklərini irəli sürən təbrizlilər dəfələrlə gülləbəran edildilər.Bu sıradan Azərbaycan türklərinin dindar çoxluğunun “mərcaye-təqlidi”-din başçısı saydığı ayətullah-əl uzma Məhəmməd Kazım Şəriətmədari qarayaxmalara,mənəvi basqılara uğrayaraq ölümə sürükləndi.Azərbaycan türkünün haqlı tələbləri az deyildi və Şəriətmədari bunların çoxuna xeyir-dua verirdi.İnqilabın gedişində,qələbədən sonra azərbaycanlıların çeşidli siyasi təşkilatları, mədəni-ictimai qurumları Azərbaycan türklərinin siyasi- milli,sosial-mədəni tələblərinin müdafiəçisi kimi çıxış edirdilər.
Azərbaycan türklərinin siyasi təşkilatları arasında 1979-cu il fevralın sonunda yaranmış Müsəlman Xalq Partiyasının( İran müsəlman xalqının respublika partiyası) ayrıca yeri var. Bu partiya (orqanı “Xalqe-müsəlman” qəzeti) Xomeyni qələbə qabağı İrana gələnədək ölkədə ən böyük din başçılarından (ayətullah-əl-uzmalarından) olan, inqilabın qələbəsindən sonra sıxışdırılan,heç bir siyasi məsələnin həllinə cəlb edilməyən,ancaq ölkədəki Azərbaycan türkləri arasında daha nüfuzlu din başçısı sayılan Qumdakı Şəriətmədari tərəfdarlarının təşkilatı idi.1979-cu ilin sonlarınadək bu partiya Xomeyni tərəfdarlarının həmin il fevralın 20-də yaratdığı,indi hakim partiya olan İslam Respublika Partiyası (“Hezbe-cemhuriye –islami”) ilə qarşı-qarşıya dura bilən çoxsaylı və nüfuzlu müxalif partiyalardan biri idi.Partiya inqilabın qələbəsindən sonra İİR konstitusiyasının qəbul olunması prosesində Əsas Qanun müzakirəyə verilmiş ilk və nisbətən demokratik variantının tərəfdarı kimi çıxış emiş (ondan qabaq isə Şəriətmədari köhnə- şahlıq dövrü konstitusiyasının islah edilməklə saxlanılması tərəfdarı idi), ruhanilərin siyasi işlərdə və hakimiyyətdə iştirakına qarşı olmuşdu.Partiya İslam Respublika Partiyasının yaradılmasına cavab olaraq qurulmuşdu.
Sosial tərkibinə görə çoxçeşidli olan partiya üzvləri öz tərəfdarları sırasında Azərbaycann türkü olan ruhanilərlərlə yanaşı,geniş kütlələrdən-Güney Azərbaycan şəhərləri,İranın Tehran,Qum və Azərbaycan türkləri yaşayan başqa şəhərlərindəki işsizlərdən,fəhlələrdən, sənətkarlardan və tələbələrdən tutmuş iri bujuaziya nümayəndələrinədək var idi.Partiyanın Güney Azərbaycan kəndliləri arasında nüfuzu güclü idi.İranın Güney əyalətlərindəki farsda yaşayan qaşqay qəbilə başçıları arasında da partiyanın tərəfdarları az deyildi.Ziyalılardan başqa,demək olar, bütün sosial qüvvələri əhatə edən partiya üzvlərinin sayı iki milyondan üç milyonadək təxmin edilirdi.Azərbaycan liberal burjuaziyası,xüsusilə ticarət burjuaziyası nümayəndələri partiyanı maddi cəhətdən səxavətlə təmin edirdilər. Partiyanın məfkurəvi başçısı,özü böyük kapital yiyəçisi olan Şəriətmədarinin bir çox sənaye ocaqlarında payı var idi.
Beləliklə bütün İranda yayılmış partiyanın başqanlığı Tehranda idi. Partiyanın radikallığı ilə seçilən Güney Azərbaycan bölmələri milli tələblərin hazırlanmasında,irəli sürülməsində ayrıca rol oynayırdı. Partiyanın tərkibində Azərbaycan müsəlman xalq mübarizləri qrupu (“Qoruhe-mobarezane-xəlqe-mosəlmane Azərbaycan”) kimi işləyən bu təşkilat Təbrizdə işə başlaması (1979-cu ilin aprelində) ilə bağlı yaydığı manifestdə başlıca tələblərini bildirmişdi.Şəriətmədarinin “yaxşı məramnamə” kimi dəyərləndirdiyi o bəyannamədə təşkilat Xomeynin rəhbərliyini qəbul etməklə,imperializmə qarşı hər hansı şəkildə mübarizəni öz fəaliyyətinin ana xətti kimi vermiş,eyni zamanda milli tələbləri bildirmişdi.
Azərbaycan təşkilatının şüarları partiyaya cəlb olunmuş bütün ictimai qüvvələrin marağından doğurdu.Partiyanın məfkurəvi başçıları-başda Şəriətmədari olmaqla Qumda yaşayan Azərbaycan türkü olan ruhanilər istər inqilab dövründə (29 bəhmən üsyanı), istərsə də inqilabdan sonra Azərbaycan türklərinin Təbriz, Tehran və Qumdakı çoxlu dinc çıxışlarının yönəldilməsində böyük rol oynayıblar.Ancaq kompromisə üstünlük verən bu başçılar üsyan və silahlı çıxışların qarşısını almağa çalışmış,bütün radikal çıxışlar onların istəyinə qarşı baş vermişdi. MüsəlmanXalq Partiyası rəhbərliyinin onun dinçi başçılarının məhdudiyyəti,keçmişdə və indidə səbatsızlığı və qeyri-inqilabiliyi bəllidir.Şəriətmədari vaxtilə Güney Azərbaycanda 1945-1946-cı illər milli-demokratik hərəkatın yatırılmasını alqışlayanlardan olmuş,60-70-ci illərdə şaha,onun bəzi islahatlarına qarşı kəskin mövqe tutsa da,sonra antimonarxist və antiimperialist inqilabın gedişində müxtəlif qüvvələr sırasında olsa da,sonuncularla şah hakimiyyəti nümayəndələri arasındakı danışıqlarda şahlığın məhdud edilməklə qalmasını irəli sürmüşdü. Ancaq radikallar şahın və şahlığın götürülməsini istəyirdilər.Bunlara baxmayaraq,partiyanın,Şəriətmədarinin özünün geniş kütlə içərisində, başlıcası,Azərbaycan türkləri arasında çox tanınmış olmasına görə sol siyasi təşkilatlar da onlara tərəfdar çıxırdı.
Müsəlman Xalq Partiyasının milli məsələnin həllinə münasibəti bizim üçün çox cəlbedicidir.Bu məsələ bir qədər yayğın da olsa,partiyanın Azərbaycan təşkilatının qeyd olunan manifest bəyannaməsində əksini tapıb .İran inqilabının qələbəsindən sonrakı günlərdə,başlıcası mart ayında ölkənin idarə olunması forması ilə bağlı Xomeyni və başqa siyasi qüvvələr arasında mübahisə davam etdikdə Şəriətmədari “İslam Respublikası” formasına qarşı çıxmışdı.Referendumda qoyulacaq sualı Xomeyni “siz monarxiya əvvəzinə İslam Respublikası istəyirsinizmi” şəklində təklif və tələb edirkən Şəriətmədari bir neçə dövlət quruluşu forması (o sıradan,federasiyalı islam Respublikası) göstərməklə sualın “siz İran üçün hansı dövlət quruluşunu istərdiniz” şəklində verilməsi üzərində dururdu.Deməli Şəriətmədarinin təklifi ümumxalq səsverməsində bu önəmli problemin həll üçün daha demokratik imkanlar açırdı.Bu mövqeyi də Şəriətmədarinin liberal və demokrat kimi ad qazanmasının əsassız əsassız olmadığını göstərirdi. Martın 31-də keçirilmiş referenduma Xomeyninin təklifi çıxarılmış, aprelin 1-də İran İslam Respublikası kimi tanınmışdı.
Ardı var