“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir


Əkbər QOŞALI

Milli mətbuatımızın 150+1-ci ilindəyik. Düşüncələr bizi sarıb-sarmalayır. 151 il öncənin gerçəklikləri və “Əkinçi” ilə yola çıxan babalarımızın duyğu, düşüncə, fikir, nitq, hərəkət, xarakter və taleləri!.. Ruhlarına min alqış!
Bəli, doğrudan da bir qəzet ancaq və ya bilavasitə qəzet olmaqdan ötüb, toxum olur, məktəb olur, yol olur, müstəqil dövlətçiliyə aydınlıq pəncərə açır, gələcəyə qapı aralayır.
Bir ulusun dilinə səpilən, düşüncəsinə hopan, milli yaddaşını oyadan, gələcəyini yetişdirən, adı gözəl, işi gözəl Həsən Bəy Zərdabinin “Əkinçi”sinin toxumları kimi…

1875-ci ilin 22 iyulunda gün üzü görən “Əkinçi” də bax belə əkinçiliklə, toxumçuluqla, becərməklə, bir sözlə, ulu mədəniyyətlə məşğul idi. O toxumun məhsulu təkcə Azərbaycan jurnalistikası olmadı; milli oyanışımız, maarifçilik tariximiz, istiqlal düşüncəmiz, dövlətçilik şüurumuz və nəhayət, qalib Azərbaycanın informasiya məkanı da o toxumlardan göyərib, boy atıb, yetişib bar verib.

Bu gün həmin toxumun 151-ci il baharını qarşılayırıq.
Özü də bunu 31 ildir müstəqil, 6 ildir qalib ölkənin vətəndaşları kimi yaşayırıq.

Əkinçi torpağı şumlayır, sağlam toxumlar səpirdi.
Zərdabi də, sözün ən olumlu anlamı ilə desək, sözü şumlayır, milli fikir yayırdı.
Əkinçi torpağın havasını dəyişdiyi kimi, “Əkinçi” də ulusun düşüncə havasını dəyişirdi. Cəhalətin bərkiməyə başladığı yerləri yumşaldır, maarif toxumunu səpir, milli dili mətbuat dili səviyyəsinə qaldırırdı.
Bugünkü Azərbaycan mediası həmin zəhmətin davamıdır. Lakin bir mühüm fərqlə…
O dönəmdə milli mətbuat daha çox dövlət arzusu uğrunda yazır-yaradırdı.
Bu gün isə dövləti olan ulusun inkişafı adına yazır.
O zaman istiqlal ideyası müdafiə olunurdu.
Bu gün istiqlalın nəticələri, Zəfərin məsuliyyəti və gələcəyin hədəfləri haqqında yazılır.
Bax, bunların, sadəcə zaman fərqi olmadığını yaxşı bilirik.
Söhbət, milli mətbuatın missiyasının yeni mərhələsindən gedir.
Azərbaycan jurnalistikasının son 30 ili bütövlükdə dövlətçilik tariximizin ayrılmaz hissəsidir.

Birinci Qarabağ müharibəsinin ağrılarını yaşayan mətbuat…
Qaçqın düşərgələrindən reportaj hazırlayan jurnalist…
Azərbaycan həqiqətlərini dünyanın müxtəlif tribunalarına çatdırmağa çalışan publisist…
İnformasiya blokadasını yarmağa çalışan redaksiyalar…
44 günlük Vətən müharibəsində cəbhə xəttində çalışan reportyorlar…
Antiterror tədbirlərindən sonra artıq bütöv Azərbaycanın tarixini yazan media… – Bunların hamısı eyni salnamənin müxtəlif səhifələridir.
Bəli, Azərbaycan mediası təkcə xəbərləri çatdırmadı. O, milli dirənişin mənəvi cəbhəsini qurdu; informasiya müharibəsində dövlətimizin mövqeyini müdafiə etdi; düşmən dezinformasiyasına cavab verdi, milli həmrəyliyi gücləndirdi.
Bu gün həmin yolun bəlli bir zirvəsində dayanaraq deyə bilirik:
Azərbaycan mətbuatı artıq işğal altındakı torpaqlar haqqında yazmır, azad edilmiş torpaqlarda qurulan həyat haqqında yazır.
Bu, tariximizin ən böyük informasiya dəyişikliklərindən biridir.

Əlbəttə, Zəfər yeni məsuliyyətlər də gətirib.
Əgər dünən əsas vəzifə həqiqəti dünyaya çatdırmaq idisə, bu gün həmin həqiqətin keyfiyyətini qorumaqdır.
Süni intellektin, rəqəmsal platformların, sosial şəbəkələrin və alqoritmlərin idarə etdiyi informasiya məkanında peşəkar jurnalistika öncəkindən daha böyük önəm daşıyır. Çünki informasiya bolluğu həqiqət bolluğu anlamını daşımır; əksinə, bəzən həqiqət məhz informasiya gurultusu içərisində itib gedir...
Belə bir ortamda jurnalistin əsas peşə bacarığı xəbər yazmaqdan daha çox xəbəri seçmək, yoxlamaq, məsuliyyətlə təqdim etmək bacarığına çevrilir.
Gələcəyin jurnalisti ilk xəbəri verən yox, ən doğru xəbəri verən olacaq.

Milli mətbuatın qarşısında daha bir önəmli vəzifə dayanır.
Azərbaycan artıq bölgəsəl dövlət olmaqdan çıxaraq, qlobal layihələrin iştirakçısı, Türk dünyasının aparıcı ölkələrindən biri, Güney Qafqazın əsas siyasi aktorudur. Belə olan halda Azərbaycan mediası da milli sınırlarla yetinə bilməz.
Türk dünyasının ortaq informasiya məkanını qurmaq, davamlı etmək və yüksək inkişafa çatdırmaq qəlbimizin, qələmimizin işi olmalı…
Azərbaycan həqiqətlərinin müxtəlif dillərdə sistemli tanıdılması bugün də vacibdir…
Yararlı beynəlxalq media işbirliyi olmazsa olmazlardandır…
Rəqəmsal diplomatiya da unudulmamalıdır…
Süni intellekt dönəmində milli informasiya təhlükəsizliyi xüsusi məsələdir…
Bax, bütün bunlar yaxın onilliyin əsas istiqamətləridir.
Azərbaycan artıq qlobal media gündəliyinin formalaşmasına töhfə verən ölkələr sırasındadır. – Şuşada keçirilən Qlobal Media Forumları da bunu göstərir.
Bəli,
“Əkinçi”nin toxumları indi söz tarlasından daha çox, milli şüurun bağ-bağatında boy atır.
Torpağımız havalanıb,
sularımız öz axarına qayıdıb,
ağaclarımız yenidən yaşıllaşıb,
Qarabağın küləyi artıq azad nəfəs, milli ruh gətirir.
Belə bir zamanda milli mətbuatın da nəfəsi təzələnməlidir. –
Daha böyük məsuliyyətlə…
Daha yüksək peşəkarlıqla…
Daha geniş dünyagörüşü ilə…
Daha dərin milli yaddaşla…

Çünki qalib dövlətin mediası yalnız hadisələri izləməklə yetinə bilməz; o, həm də gələcəyin mənəvi memarlarından biridir.

151 il öncə səpilmiş toxumun – dövlətçilik anlamında götürsək – bu gün böyük çinar ağacına çevrilməsi təsadüfi deyil.
Bu ağacın kökü Zərdabidə, Zərdabinin könlünün su içdiyi mədəni irsdə, güc aldığı şanlı tarixdədir.
Uca çinarın budaqları Azərbaycanın bütün bölgələrinə, bütöv Azərbaycana uzanır.
Türk dünyasına və daha geniş coğrafiyalara kölgəsi düşən qoca çinara sahib olmaq, onu qorumaq, onun kölgəsində xumarlanmayıb, ortaq gələcək quruculuğuna fikir töhfələri vermək nə xoş!
Milli Mətbuat Günümüz qutlu olsun!

Qələmi vicdanından, sözü Vətənindən, peşəkarlığı həqiqətdən güc alan bütün media nümayəndələrinə yeni uğurlar, tükənməz yaradıcılıq enerjisi və bayraq ucalığı diləyirəm!


MANŞET XƏBƏRLƏRİ