ELMAN NƏSİROV: Azərbaycanın beynəlxalq nüfuzu və regional liderliyi ardıcıl siyasətin nəticəsidir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun əsas istiqamətlərindən biri ikitərəfli münasibətlərin inkişafıdır. Məhz bu siyasət nəticəsində ölkəmiz regionda mühüm enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və iştirakçısı olub.

Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Bakı–Tbilisi–Qars dəmir yolu kimi strateji layihələrin reallaşması Azərbaycanın qonşu dövlətlərlə yüksək səviyyəli münasibətlərinin nəticəsidir. Onun sözlərinə görə, Azərbaycan artıq regional inkişaf mərhələsini geridə qoyaraq beynəlxalq aləmdə orta güc kimi qəbul edilir.

Elman Nəsirov vurğulayıb ki, ölkəmiz regionda sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verir. Azərbaycan Vətən müharibəsində qələbə qazanaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, eyni zamanda Ermənistanla sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Deputatın sözlərinə görə, sülh müqaviləsinin baza prinsiplərinin müəllifi də məhz Azərbaycandır.

O bildirib ki, Azərbaycan və Ermənistan arasında etimad mühitinin formalaşdırılması istiqamətində müxtəlif addımlar atılır. Bu addımların əsas məqsədi sülh müqaviləsinin imzalanması üçün əlverişli şərait yaratmaqdır. Deputat hesab edir ki, bu istiqamətdə qalan əsas məsələ Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasıdır.

Deputat enerji təhlükəsizliyi məsələsinə də toxunaraq qeyd edib ki, Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayır. Onun sözlərinə görə, hazırda Azərbaycan 16 ölkəyə qaz ixrac edir ki, onların da əksəriyyəti Avropa dövlətləridir.

Elman Nəsirov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, ölkə daxilində ciddi təhlükə mənbələri yoxdur, mövcud risklər əsasən regionda baş verən geosiyasi proseslərlə bağlıdır. Bu baxımdan milli həmrəyliyin, sabitliyin və vətəndaş birliyinin qorunması xüsusi əhəmiyyət daşıyır.

Deputat gənclər siyasəti mövzusuna da toxunaraq bildirib ki, Azərbaycan dövlətinin gələcəyi məhz vətənpərvər, savadlı və milli dəyərlərə bağlı gənclərlə bağlıdır. O qeyd edib ki, dövlət tərəfindən gənclərin təhsil alması, peşəkar kadr kimi formalaşması və beynəlxalq təcrübə qazanması üçün geniş imkanlar yaradılıb.

E.Nəsirovun sözlərinə görə, İkinci Qarabağ müharibəsində Azərbaycan gənclərinin nümayiş etdirdiyi qəhrəmanlıq onların dövlətə və Vətənə bağlılığının ən parlaq göstəricisidir.

Deputat Azərbaycanın beynəlxalq nüfuzunun son illər daha da artdığını vurğulayaraq bildirib ki, ölkəmiz beynəlxalq terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin təmin olunmasında və qlobal təşəbbüslərin irəli sürülməsində fəal rol oynayır. O, xüsusilə Qoşulmama Hərəkatına uğurlu sədrliyi və pandemiya dövründə beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.

Azərbaycan mediasının fəaliyyətinə də toxunan deputat bildirib ki, informasiya əsrində medianın üzərinə böyük məsuliyyət düşür. Onun sözlərinə görə, media operativ, obyektiv və qərəzsiz fəaliyyət göstərməli, dezinformasiyaya qarşı mübarizədə fəal olmalıdır.

“Bu gün Azərbaycan mediası yeni inkişaf mərhələsinə qədəm qoyub. Müasir çağırışlar şəraitində media çevik, innovativ və peşəkar fəaliyyət nümayiş etdirməlidir”, – deyə E.Nəsirov əlavə edib.

Deputat işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərini də yüksək qiymətləndirib. O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı layihələr icra olunur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı sürətlə davam edir.

“Elə bu gün bütün dünyanın gözü qarşısında Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, inkişaf edir. Bu proses Azərbaycanın iqtisadi gücünün, siyasi iradəsinin və strateji baxışının göstəricisidir”, – deyə deputat vurğulayıb.

Şəlalə Camal


MANŞET XƏBƏRLƏRİ