ABŞ-də növbəti Prezident seçkilərinə iki ildən bir qədər artıq vaxt qalmasına rəğmən, artıq bir çoxları həmin yarışa qoşulacaqlarını bəyan etməyə başlayıblar.
Qəribəsi odur ki, bu istəyini bəyan edənlər arasında hazırkı Prezident Donald Tramp son zamanlar daha çox canfəşanlıq edir. Tramp bu günlərdə ABŞ prezidenti kimi dördüncü dəfə namizəd olmaq niyyətini elan edib.
Amma ABŞ Konstitusiyası bir şəxsin iki dəfədən artıq Prezident olmasını qadağan edir.
Bununla belə, iddialara görə, Trampın istəyinin gerçəkləşməsinin başqa yolları da var. Bəzi ekspertlərin fikrincə, növbəti seçkilərdə Tramp namizədliyini verməyə, Prezident və vitse-prezident partiyasından başqaları ola bilər. Tramp isə partiyasının çoxluq qazanması ilə qanunverici orqanın rəhbərliyinə gətirilə və sonradan Prezident və ardınca vitse-prezidentin istefası ilə dövlət başçısı vəzifəsini icra edə bilər.
Amma əsas məsələ odur ki, ABŞ kimi bir ölkədə bunu etmək mümkündürmü?
Beynəlxalq münasibətlər üzrə ekspert, AMİP sədrinin müavini Elşən Mustafayev Bakupost.az-a bildirib ki, ABŞ-də Donald Trampın 2028-ci ildə Nümayəndələr Palatasının sədri olaraq sonradan üçüncü müddətə Prezident kürsüsündə əyləşməsi proseduru nəzəri cəhətdən mümkündür.

Bununla belə, müsahibimizin sözlərinə görə, onun praktik baxımdan həyata keçməsi imkanları mümkünsüzdür:
“Çünki Amerika siyasi sistemində indiyə qədər belə bir hadisə baş verməyib. Bu ancaq həmin şəxsin Amerika dövləti üçün böyük işlər görməsi və cəmiyyətin mühüm hissəsi tərəfindən sevilən, qəbul olunan birisi olması fonunda mümkün ola bilər. Sorğular isə göstərir ki, Trampın Amerika cəmiyyətindəki nüfuzu yuxarıda qeyd edilən səviyyəyə yaxın belə deyil. Bu isə Trampın başqa yollardan istifadə etməklə üçüncü dəfə Prezident olmaq istəyini imkansız edir”
Ekspertə görə, prosesə həmçinin, aralıq seçkilərinin nəticələri də təsir göstərə bilər:
“Gələcək Konqres və Senatda sədrlikdən söhbət gedirsə, ilk növbədə partiya olaraq Trampın komandası həmin qanunverici orqanlarda çoxluq əldə etməlidir”.
Həmsöhbətimiz deyilənlərə rəğmən, Trampın növbəti Prezidentlik müddətində ümumiyyətlə maraqlı olmadığı qənaətindədir:
“Daha doğrusu istəyər. Amma bilir ki, bu mümkünsüzdür. Bir nəfərə görə, Amerika cəmiyyəti buna getməz. Teodor Ruzvelt dövründə müharibə ilə bağlı olaraq məcburən onun 4 dəfə seçilməsinə imkan verildi. İndiki halda isə hərbi vəziyyət yaranarsa, seçkilər təxirə salınar və Prezidentin səlahiyyət müddəti artırıla bilər. Amma bu günki vəziyyətdə bu mümkün deyil”.
E. Mustafayev hesab edir ki, Amerika cəmiyyəti də buna hazır deyil:
“Nəinki hazır deyil, belə yanaşmanı əksəriyyət ümumiyyətlə eşitmək belə istəmir”.