Yunanıstanın irəli sürdüyü tələblər səbəbindən Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbulu çətinləşdiyi bir vaxtda Avropa İttifaqı sanksiyaların təsdiqi mexanizmini dəyişməyi nəzərdən keçirir.
Turkustan.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Nəşrin yazdığına görə, Aİ rəsmiləri üzv ölkələrin veto imkanlarını məhdudlaşdırmaq məqsədilə daha hədəflənmiş maliyyə məhdudiyyətlərinin daha sürətli təsdiqlənməsi üçün yeni mexanizmlər üzərində işləyirlər.
Məlumatda bildirilir ki, Afina bir neçə həftədir Rusiyanın maliyyə sistemi və neft ixracından əldə etdiyi gəlirləri hədəf alan sanksiyalar paketinə razılıq vermək üçün Yunanıstanın Dynagas şirkətinə məxsus gəmilər üçün güzəştlər tələb edir.
Financial Times-a danışan üç avropalı rəsminin sözlərinə görə, Aİ paytaxtları sanksiya danışıqlarında getdikcə daha çox müşahidə olunan bu cür təzyiq taktikasının qarşısını almaq üçün yeni yanaşmalar hazırlayır. Məqsəd ayrı-ayrı ölkələrin milli biznes maraqlarını əsas gətirərək ümumi sanksiya qərarlarını ləngitməsinin qarşısını almaqdır.
Aytən Yaşar/ Turkustan.az