Bakıda “Türk xalqlarının mədəni irs sərgisi” çərçivəsində “İpək tək səma” Kukla Biennalisinin açılış mərasimi keçiriləcək


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyi tərəfindən “Türk xalqlarının mədəni irs sərgisi” layihəsinin icrasına başlanılıb.

QHT.az xəbər verir ki, layihə çərçivəsində 4-6 sentyabr 2026-cı il tarixində Nizami Kino Mərkəzində “İpək tək səma” müəllif kukla biennalisi keçiriləcək.

“İpək tək səma” müəllif kukla biennalisi türk xalqlarının ortaq mədəni dəyərlərini, milli-mənəvi irsini, estetik dünyagörüşünü və sənətkarlıq ənənələrini kukla sənəti vasitəsilə geniş ictimaiyyətə təqdim edəcək. Biennali eyni zamanda müxtəlif ölkələrdən olan sənətkarların bir araya gəlməsi, təcrübə mübadiləsi aparması və ortaq mədəni irsin beynəlxalq səviyyədə tanıdılması üçün mühüm platforma rolunu oynayacaq.

Sərgidə Azərbaycanla yanaşı, Türk Dövlətləri Təşkilatına üzv olan Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan olan sənətkarların müəllif kuklalarının nümayişi nəzərdə tutulur.

Tədbirin açılış mərasimində dövlət qurumlarının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, sənətkarlar, yaradıcı şəxslər və media təmsilçilərinin iştirakı nəzərdə tutulur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türk İrsi Fondu layihənin əsas tərəfdaşları kimi öz dəstəklərini göstərir.

Qeyd edək ki, layihənin davamlılığının təmin olunması məqsədilə “Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyi tərəfindən “İpək tək səma” Kukla Biennalisinin iki ildən bir keçirilməsi nəzərdə tutulur. Təşkilat bu təşəbbüsün gələcək illərdə ənənəvi mədəniyyət tədbiri kimi formalaşmasını və türk dünyasının ortaq sənət irsini davamlı şəkildə təbliğ edən beynəlxalq platformaya çevrilməsini hədəfləyir.

Qeyd edək ki, 4 sentyabr 2026-cı il tarixində keçiriləcək açılış mərasiminə giriş dəvətnamə əsasında həyata keçiriləcək. Sərgi 5–6 sentyabr tarixlərində ziyarətçilər üçün açıq olacaq və giriş sərbəstdir.

Əlavə məlumat və qeydiyyat üçün: [email protected]


MANŞET XƏBƏRLƏRİ