Bal xərçəng üçün təhlükəlidir? - Elmi həqiqət açıqlandı


Son illər ölkəmizdə onkoloji xəstələrin sayında artım müşahidə olunur.

Turkustan.az xəbər verir ki, bu artım qidalanma ilə bağlı məsələni də aktuallaşdırır.

Belə ki, xərçəng xəstəliyində qidalanma tərzinin çox əhəmiyyətli rolu var. Mütəxəssislərə görə, onkoloji xəstələr tərəvəz və meyvələrin qəbuluna önəm verməlidir. Gündə ən azı 3-5 porsiya meyvə-tərəvəz yeyilməlidir. Eyni zamanda təbii qidalara üstünlük verilməlidir. Belə qidalardan biri də baldır.

Bəs görəsən, onkoloji xəstələr baldan istifadə edə bilərlərmi?

Pərvanə Rüstəmova: Balın xərçəng hüceyrələrini xüsusi olaraq “qidalandırdığı” sübut edilməyib

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan tibbi onkoloq və immunoterapiya mütəxəssisi Pərvanə Rüstəmova onkoloji xəstəliklərdə balın təsirlərinin tibbi tərəflərini şərh edib. Onun sözlərinə görə, “bal xərçəngi qidalandırır” və ya “bal xərçəngi sağaldır” kimi fikirlər elmi sübutlardan daha çox miflərə əsaslanır:

“Qidalanma ilə bağlı yanlış məlumatlar onkoloji xəstələr arasında ən çox rast gəlinən problemlərdən biridir. Müasir onkologiyada hər hansı qida məhsulunun xərçəngi müalicə etdiyini və ya şiş hüceyrələrinin böyüməsini birbaşa sürətləndirdiyini təsdiq edən yüksək keyfiyyətli klinik sübut mövcud deyil. Eyni yanaşma bala da aiddir. Bal əsasən qlükoza və fruktozadan ibarətdir. Xərçəng hüceyrələrinin qlükozadan istifadə etməsi onların metabolik xüsusiyyətidir. Lakin bu, yalnız bala aid deyil. Çörək, düyü, kartof, meyvə və digər karbohidrat mənbələri də həzm olunduqdan sonra qlükozaya çevrilir. Bu səbəbdən yalnız balın xərçəng hüceyrələrini “qidalandırdığı” fikrinin elmi əsası yoxdur”.

Balın xərçəngi müalicə etmədiyini bildirən P.Rüstəmovanın dediyinə görə, laboratoriya şəraitində (in vitro) aparılan bəzi tədqiqatlarda balın antioksidant, iltihabəleyhinə və antimikrob xüsusiyyətləri göstərilib. Lakin bu nəticələr insanlarda aparılmış randomizə olunmuş klinik tədqiqatlarla təsdiqlənməyib. Buna görə beynəlxalq onkologiya cəmiyyətlərinin heç biri balı xərçəngin müalicəsi üçün tövsiyə etmir.

“Balın onkologiyada sübut olunmuş yeri var. Lakin bu, çox məhdud sahəni əhatə edir. MASCC/ISOO (Multinational Association of Supportive Care in Cancer / International Society of Oral Oncology) klinik tövsiyələrinə əsasən, baş-boyun nahiyəsinin şüa müalicəsi alan bəzi xəstələrdə balın yerli və oral istifadəsi oral mukozitin profilaktikasında faydalı ola bilər. Bu tövsiyə yalnız həmin xəstə qrupuna aiddir və balın antixərçəng təsiri ilə əlaqəli deyil. (PubMed⁠)”, - deyə müsahibimiz izah edib.

Onkoloq mövcud elmi sübutlara əsaslanaraq vurğulayıb ki, bal xərçəngin müalicə vasitəsi deyil:

“Bundan başqa, balın xərçəng hüceyrələrini xüsusi olaraq “qidalandırdığı” sübut edilməyib. Bal əsas onkoloji müalicəni əvəz edə bilməz. Oral mukoziti olan seçilmiş xəstələrdə həkim nəzarəti altında istifadə oluna bilər. Şəkərli diabet və ya digər metabolik xəstəlikləri olan pasiyentlərdə balın istifadəsi fərdi qaydada qiymətləndirilməlidir”.

Pərvanə Rüstəmova onu da qeyd edib ki, onkologiyada qidalanma ilə bağlı qərarlar sosial media məlumatlarına deyil, sübuta əsaslanan beynəlxalq klinik tövsiyələrə əsaslanmalıdır.

Elvin Bayramlı: Arı məhsulları içərisində onkoloji xəstələrə əsas faydalı olan propolisdir

Arıçılar Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Elvin Bayramlı isə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bal karbohidrat və şəkər ehtiyacını qarşılayır. Onun sözlərinə görə, onkoloji xəstələr şəkəri bal ilə əvəz edə bilərlər:

"Çünki süni şəkərdənsə, bal daha faydalıdır və orqanizmin karbohidrat tələbatını ödəyir. Sadəcə çalışmaq lazımdır ki, bal təbii və dərmansız olsun. Süni şəkərdən istifadə olunmasın, təmiz çiçəklərdən yığılsın və istehsal müddətində dərman maddələri tətbiq edilməsin. Həkim nə qədər ölçü deyibsə, baldan o qədər istifadə etmək olar. Balın çeşidinin isə fərqi yoxdur. Onkoloji xəstələrdə qidalanma planı, o cümlədən bal və ya digər şəkər əvəzedicilərinin istifadəsi və porsiyası mütləq müalicə edən onkoloqun və ya dietoloqun nəzarəti altında müəyyən olunmalıdır".

Müsahibimiz bildirib ki, arı məhsulları içərisində onkoloji xəstələrə əsas faydalı olan propolisdir.

"Arı məhsulları immuniteti gücləndirir, xəstələrin xəstəliyə qarşı mübarizə müqavimətini artırır. Bir çox onkoloji xəstələr üçün propolisin faydası var. Bəzi xəstələr həkimin yazdığı reseptlərə, dediklərinə əməl etmək şərtilə, propolis qəbul edə bilərlər və faydasını görəcəklər. Lakin arı südü ilə bağlı ehtiyatlı olmaq lazımdır. Çünki arı südü hüceyrəni oyadır. Ona görə də arı südü onkoloji xəstələrdə xərçəng hüceyrələrini oyada bilər. Bu baxımdan arı südündən ehtiyatla istifadə etmk tövsiyə olunur", - deyə müsahibimiz vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ