15 il sonra məzar açıldı, şok gerçək üzə çıxdı: Kaşif Kozinoğlunun bədəni ÇÜRÜMƏYİB


Silivri həbsxanasında vəfat edən MİT-in Asiya Bölgəsi üzrə keçmiş baş müşaviri, “Xəyalət” ləqəbli Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində məzarın açılması (eksqumasiya) prosesi həyata keçirilib.

Türkiyənin ədliyyə naziri Akın Gürlekin “Heç bir açılmamış iş qaranlıqda qalmayacaq” tapşırığından sonra Silivri Respublika Baş Prokurorunun müavini Əbubəkir Efenin rəhbərliyi ilə yenidən başlanan istintaq çərçivəsində Ümraniyə Kocatepe qəbiristanlığındakı məzar Respublika prokurorunun nəzarəti altında açılıb.

Prosesə 3 məhkəmə-tibb eksperti, 1 kimyaçı və 1 yarılma texnikindən ibarət 5 nəfərlik xüsusi heyət cəlb olunub. Aradan 15 il keçməsinə baxmayaraq, Kozinoğlunun cəsədinin bütövlüyünün pozulmadığı, kəfənin və bəzi yumşaq toxumaların çürümədən qaldığı müəyyən edilib.

Heyət sümüklərlə yanaşı orqan, yumşaq toxuma, kəfən və məzar torpağından nümunələr götürərək qoruma altına alıb.

Nümunələr ölüm hadisəsində üçüncü şəxslərin müdaxiləsinin (sui-qəsd ehtimalının) olub-olmadığını araşdırmaq üçün Məhkəmə-Tibb Ekspertizası Qurumunun 1-ci İxtisas Şurasına təhvil verilib.

Məhkəmə-tibb mütəxəssisi, professor Nevzat Alkan əldə edilən yumşaq toxumaların istintaqın gedişatını dəyişə biləcəyini qeyd edib:

“Yumşaq toxumanın əldə edilməsi çox qiymətlidir. Organizmə daxil olan maddələr sümük strukturuna asanlıqla nüfuz etmir. Lakin daxili orqanlarda bu maddələri müəyyən etmək daha rahatdır. Aparılacaq mikroskopik və toksikoloji analizlər daha əsaslandırılmış qiymətləndirmə aparmağa imkan verəcək”.

İstintaq sənədləri və təhlükəsizlik kameralarının görüntüləri Kozinoğlunun ölümünə qədərki vaxtda bir sıra ciddi nöqsanları üzə çıxarıb:

İş materiallarında yer alan iddiaya görə, Kozinoğlunun kamerasına xüsusi olaraq təyin edilmiş FETÖ üzvü olduğu bildirilən mühafizəçi Ferhat Veysi Gül təcili yardım düyməsinə basıldıqdan sonra müdaxilə etmək əvəzinə radionun səsini son həddə qaldıraraq kömək çağırışlarının eşidilməsinə mane olub.

Kameradan edilən ilk təcili çağırışla tibb işçilərinin Kozinoğluna çatması arasında 29 dəqiqə 36 saniyəlik vaxt keçdiyi müəyyən edilib. Həbsxana kompleksində 24 saat hazır vəziyyətdə olmalı olan təcili yardım briqadasının isə xidmət yerini tərk edərək Silivri mərkəzinə yeməyə getdiyi qeydlərdə əksini tapıb.

Mühafizəçilər növbətçi həkimə məlumat verdiklərini iddia etsələr də, növbətçi həkim Turqay Tamer hadisədən xəbərdar edilmədiyini bildirib.

15 iyul çevriliş cəhdindən 17 gün sonra Fransaya qaçdığı bildirilən Ferhat Veysi Gül barəsində beynəlxalq axtarış qərarı çıxarılıb. İstintaq materiallarında yer alan bu məlumatların ölümün sadə səhlənkarlıq nəticəsində baş vermədiyi və planlaşdırılmış sabotaj zəncirinin bir hissəsi ola biləcəyi ilə bağlı şübhələri gücləndirdiyi bildirilir.

İddialarla bağlı yekun qiymətləndirmənin məhkəmə-tibbi araşdırmalar və hüquqi proses başa çatdıqdan sonra aparılacağı qeyd edilir.

Kozinoğlu xəstəxanaya aparıldıqdan dərhal sonra hadisə yeri araşdırılmadan kamerada təmizlik işləri aparılıb. Kamera yoldaşları - təqaüdçü polkovnik Hasan Atilla Uğur və keçmiş dəniz kapitanı Hasan Ataman Yıldırımın otaqdan qəhvə fincanı və qəzetləri çıxardıqları iddia edilir.

Bundan başqa, toxuma nümunələri Məhkəmə-Tibb Ekspertizası Qurumuna çatdırıldıqdan 10 gün sonra Ankara həbsxanasından qaçan bir oğrunun quruma daxil olması dəlillərin məhv edilməsi ehtimalı ilə bağlı şübhələri artırıb.

Dövrün prokuroru Ali İşgören (iş üzrə təqibə xitam verən) və hakim Züleyha İşgörenin də FETÖ üzvlüyü səbəbilə peşədən xaric edildiyi və mühakimə olunduqları məlum olub.

Hazırda prokurorluq təhlükəsizlik kameralarının görüntülərini, 112 təcili yardım danışıqlarını, xəstəxana sənədlərini və ekspertiza nümunələrini kompleks şəkildə yenidən araşdırır. Yekun qiymətləndirmə məhkəmə-tibbi araşdırmalar başa çatdıqdan sonra veriləcək./Musavat.com


MANŞET XƏBƏRLƏRİ