İşçilərin əməkhaqqından tutulan vergilər və məbləğləri – SİYAHI


Əmək müqaviləsi ilə çalışan hər bir işçi ayın sonunda hesabına köçürülən məbləğin necə formalaşdığını bilməlidir. Lakin təcrübədə bir çox işçi əmək müqvailəsində göstərilən əməkhaqqı ilə faktiki aldığı məbləğ arasındakı fərqi, əməkhaqqıdan hansı ödənişlərin tutulduğunu, ödənişlərin hara yönəldiyini bilmir.

Turkustan.az
xəbər verir ki, qanunvericiliyə əsasən, işçinin əməkhaqqından əsas məcburi tutulmalara gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı daxildir.

Bununla belə, bu ödənişlərin hamısı eyni qaydada işçinin maaşından tutulmur. Bəzi ödənişlər həm işçi, həm də işəgötürən tərəfindən ayrıca ödənilir.

DSMF

İşçinin maaşından tutulan əsas məbləğlərdən biri məcburi dövlət sosial sığorta haqqıdır. Məcburi dövlət sosial sığorta haqqı-sığortalamaya görə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu orqanlarına ödənilən pul vəsaitidir. Məcburi dövlət sosial sığorta haqqının ödəyiciləri sığortaedənlər və sığortaolunanlardır.

Məcburi dövlət sosial sığortası

Məcburi dövlət sosial sığortası “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi bütün kateqoriyalı işçilərin, o cümlədən ştatda olan, ştatdankənar, mövsümi və ya müvəqqəti xarakterli, habelə əvəzçiliklə işləyən və yaxud qısa müddətli, işləri görən, fərdi əmək müqaviləsi (kontraktı), fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olanlar (mülki-hüquqi xarakterli müqavilələrə əsasən), həmçinin ev təsərrüfatından müvafiq müqavilə əsasında işləyən işçilərin əmək ödənişinə və gəlirlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məzənnələr üzrə hesablanır. Bu vəsait sosial sığorta sisteminin maliyyələşməsində istifadə olunur və gələcəkdə pensiya və digər sosial təminatlarla bağlı əhəmiyyət daşıyır.

İşsizlikdən sığorta

Digər tutulma işsizlikdən sığorta haqqıdır. İşçinin maaşından bu məqsədlə 0,5 faiz tutulur. Eyni zamanda işəgötürən də öz hesabına 0,5 faiz ödəyir.

İcbari tibbi sığorta

Bu sığorta növü də əməkhaqqı hesablanarkən nəzərə alınan ödənişlərdəndir. Bu ildən qeyri-neft-qaz və qeyri-dövlət sektorunda çalışanlar üçün bu sahədə yeni dərəcələr tətbiq edilir. 2 500 manatadək gəlir üzrə işçidən 2 faiz, 2 500 manatdan yuxarı hissə üzrə isə 0,5 faiz tutulur. İşəgötürən də öz payını ödəyir.

Gəlir vergisi

Gəlir vergisinin hesablanması isə işçinin gəlirinin məbləğindən, çalışdığı sektordan və tətbiq olunan güzəştlərdən asılıdır. 2026-cı ildən qeyri-neft-qaz və qeyri-dövlət sektorunda yeni gəlir vergisi dərəcələri qüvvəyə minib.

2 500 manatadək gəlir üçün 3 faiz dərəcə tətbiq edilir, daha yüksək gəlirlər üçün isə pilləli dərəcələr nəzərdə tutulur:

2 500 manatadək — 3%

2 500–8 000 manat — 75 manat + 2 500 manatdan yuxarı hissənin 10%

8 000 manatdan yuxarı — 625 manat + 8 000 manatdan yuxarı hissənin 14%.

Bəs əmək müqaviləsində işçinin aylıq əməkhaqqı 1 000 manat göstərilibsə, o, nə qədər, hansı məbləğdə əməkhaqqı alacaq?

Maaşın hesablanması zamanı qanunvericilikdə nəzərdə tutulan tutulmalar tətbiq olunur. 1000 manat əməkhaqqıdan 86 manat sosial sığorta, 5 manat işsizlikdən sığorta, 20 manat icbari tibbi sığorta və güzəşt və sektor nəzərə alınmaqla gəlir vergisi hesablanır. Əgər güzəşt yoxdursa, əməkhaqqının vergiyə cəlb edilən hissəsi 800 manatdır və gəlir vergisi 24 manat təşkil edəcək. Belə olduqda yekun ödəniləcək məbləğ 865 manat edir.

Qeyd edək ki, həmkar təşkilatlara və siyasi partiyalara üzv olduqda da əməkhaqqından müəyyən vəsait tutula bilər. Bu isə məcburi yox, könüllü xarakter daşıyır./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ