Bakının ən işlək və turistlərin də sıx üz tutduğu məkanlarından biri olan Nizami küçəsində son günlər fərqli bir mənzərə diqqət çəkir. “Torqovı” kimi tanınan "qaynar" küçədə fəaliyyətə başlayan “Çılğın dondurmaçı” adlı köşk təkcə satdığı dondurma ilə deyil, satıcısının müştərilərlə yaratdığı qeyri-adi ünsiyyətlə də maraq doğurur.
Modern.az əməkdaşının müşahidələrinə görə, Türkiyədən olan satıcı dondurma alan qadınları rəqsə dəvət edir. Müştərilərdən bəziləri də bu təklifi məmuniyyətlə qəbul edərək onunla birlikdə oynayır, müxtəlif hərəkətlər edir və ətrafdakı insanların diqqətini çəkirlər. Rəqs edən xanımlar arasında turistlər də var, amma daha çoxu Bakıda yaşayanlardı...
Burada diqqətçəkən məqam odur ki, söhbət rəqsə məcburiyyətdən getmir. Rəqs edənlər bunu öz istəkləri ilə edirlər. Yəni ortada kiminsə zorla rəqs etdirilməsi deyil, satıcının yaratdığı əyləncəli atmosferə xanım müştərilərin könüllü qoşulması var.
Ancaq olay da məhz bundan sonra başlayır.
Çünki həmin anları izləyən insanların reaksiyası heç də eyni deyil.
Bəziləri baş verənlərə adi küçə əyləncəsi kimi baxır. Onların fikrincə, insan öz istəyi ilə rəqs edirsə və heç kimə mane olmursa, bunda qeyri-adi nə var? Üstəlik, şəhərin mərkəzində turistlərin və müxtəlif yaş qruplarından insanların olduğu bir məkanda bu cür əyləncələrə kifayət qədər normal yanaşanlar da tapılır.
Başqaları isə tamam fərqli düşünür.
Bu qəbildən olanların fikrincə, ictimai məkanda, xüsusilə də Bakının mərkəzində bədənin ayrı-ayrı hissələrinin nümayiş etdirilməsi, göbək rəqsləri və bəzi ehtiraslı hərəkətlər Azərbaycan cəmiyyətinin qəbul etdiyi davranış normaları ilə uyğun gəlmir. Bu insanlar məsələyə sadəcə “əyləncə” kimi baxmır, onu milli mentalitet və ictimai əxlaq müstəvisində qiymətləndirirlər.
Beləliklə, “Çılğın dondurmaçı” ətrafında əslində daha böyük bir mübahisə yaranır: İctimai məkanda əyləncənin sərhədi haradadır?
Bir tərəf deyir ki, “İnsan öz istəyilə rəqs edirsə, problem nədir?”
Digər tərəf isə soruşur: “Bəs ictimai məkanın öz qaydaları və cəmiyyətin qəbul etdiyi müəyyən davranış çərçivəsi yoxdurmu?”
Məsələnin başqa bir maraqlı tərəfi də odur ki, həmin görüntülər sosial şəbəkələrdə yayıldıqca, hadisə artıq köşkün qarşısında baş verən adi bir əyləncə olmaqdan çıxır. Bir neçə dəqiqəlik küçə performansı telefon kameralarına düşür, sosial şəbəkələrə daşınır və daha geniş auditoriyanın müzakirəsinə çevrilir.
Bu isə müasir şəhər həyatının yeni reallıqlarından biridir: küçədə etdiyiniz hərəkət artıq yalnız orada olanların problemi deyil.
Bir vaxtlar “Torqovı”da baş verən bir hadisəni oradan keçən 20-30 nəfər görürdüsə, bu gün həmin görüntü bir neçə saat ərzində minlərlə insanın qarşısına çıxa bilər.
“Çılğın dondurmaçı”nın yaratdığı atmosferi kimisi rəngli Bakı küçə həyatının bir parçası, kimisi isə ictimai məkanda yolverilməz davranış kimi qiymətləndirir.
Amma bütün bu mübahisələrin fonunda bir sual açıq qalır:
“Torqovı”da dondurma alıb küçənin ortasında belə rəqs etmək sadəcə əyləncədir, yoxsa milli mentalitet və ictimai davranış normaları ilə müəyyən sərhədlər gözlənilməlidir?
Cavab, görünür, dondurmadan daha çox insanın dünyagörüşündən asılıdır. Bəs siz nə düşünürsünüz?