Yunanıstanın “Documento” qəzeti İsraildən planlaşdırılan “Axilles Qalxanı” hava və raketdən müdafiə sisteminin satın alınmasında əsas tərəflərdən biri olan Israel Aerospace Industries (IAI) ilə Yunanıstandakı qanunsuz telefon dinləmə qalmaqalının mərkəzində dayanan Predator casus proqramını hazırlayan Cytrox şirkəti arasındakı keçmiş əlaqələrə diqqət çəkib.
Turkustan.az xəbər verir ki, qəzet “Türkiyə üçün yox, Rusiya üçün bir Qalxan” başlıqlı məqaləsində “Axilles Qalxanı” layihəsini İsrail şirkətlərinin fəaliyyəti, sistemin mənbə koduna nəzarət və Yunanıstanın İsrail texnologiyalarından asılılığı baxımından təhlil edib.
Məqalədə bildirilir ki, IAI 2017-ci ildə Predator casus proqramını hazırlayan Cytrox şirkətinin 31 faiz səhmini əldə edib və onun direktorlar şurasında nümayəndəlik hüququ qazanıb.
Qəzet qeyd edib ki, Cytrox daha sonra keçmiş İsrail kəşfiyyat zabiti Tal Dilianla əlaqəli Intellexa şəbəkəsinin tərkibinə daxil olub. Predator casus proqramı isə Yunanıstanda siyasətçilərin və jurnalistlərin telefonlarının qanunsuz izlənilməsi ilə bağlı qalmaqalın mərkəzində dayanıb.
“Documento” həmçinin Türkiyə ilə İsrail arasında mövcud gərginliyin daimi xarakter daşımaya biləcəyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az