Saksoniya-Anhalt əyalətindəki seçkilərdə tarixi nəticə göstərən ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası kansler Fridrix Merzə qarşı cinayət şikayəti verib.
Turkustan.az xəbər verir ki, buna səbəb Merzin AfD-nin “remiqrasiya” siyasətini “etnik təmizləmə” adlandırması olub.
Böhran Merzin çərşənbə günü Bundestaqdakı çıxışından sonra dərinləşib. Kansler AfD-nin miqrantların mənşə ölkələrinə geri göndərilməsi siyasətini tənqid edərək “remiqrasiyanın” etnik mənşə və dəri rənginə əsaslanan etnik təmizləmənin başqa adı olduğunu bildirib.
AfD parlament qrupunun lideri Ştefan Brandner Merzin bu açıqlama ilə “həddi aşdığını” deyib. Onun sözlərinə görə, AfD-nin etnik təmizləməni, yəni insanların qovulmasını və öldürülməsini müdafiə etdiyi barədə iddia hüquqi araşdırma tələb edir.
Almaniya Konstitusiyasının 46-cı maddəsi deputatları Bundestaqdakı çıxışlarına görə məhkəmə təqibindən qoruyur. Lakin böhtan xarakterli ifadələr bu toxunulmazlıqdan istisna edilir.
Aytən Yaşar/ Turkustan.az