Almaniya ilə Rusiya arasında diplomatik gərginlik Leypsiq hava limanında partlayıcı maddələrlə yüklənmiş dronla bağlı təxribat cəhdindən sonra daha da dərinləşib.
Turkustan.az xəbər verir ki, Berlin hökuməti hadisəyə görə Rusiyanı məsul tutaraq iki ölkə arasında diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarına gəlib.
Almaniya Rusiyanın Bonndakı Baş Konsulluğunu və Berlindəki Rus Evini bağlayacağını açıqlayıb. Qərar çərçivəsində həmin diplomatik nümayəndəliklərdə çalışan 150 rusiyalı diplomat və onların ailə üzvlərindən ölkəni tərk etmələri tələb olunub.
Moskva isə Berlinin Rusiyaya qarşı ittihamlarını sübutsuz adlandırıb. Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın qərarını iki ölkə arasında qalan son mədəni əlaqələri də aradan qaldırmaq cəhdi kimi qiymətləndirib və Berlinin digər Avropa İttifaqı ölkələrinə də oxşar addımlar atmaq üçün təzyiq göstərdiyini bildirib.
Berlinin qərarına cavab olaraq Rusiya Sankt-Peterburqdakı Almaniya Konsulluğunu və ölkədə fəaliyyət göstərən Höte İnstitutunu bağlamaq qərarına gəlib.
Beləliklə, Almaniyanın Rusiyada diplomatik fəaliyyəti əsasən Moskvadakı səfirliyi və konsulluq xidmətləri ilə məhdudlaşacaq.
Qeyd edək ki, avqustun 4-də Leypsiq hava limanında partlayıcı maddələrlə yüklənmiş dronun aşkarlanması ilə bağlı aparılan araşdırmadan sonra Almaniya sentyabrın 1-də rəsmi olaraq Rusiyanı hadisəyə görə məsul tutub.
Aytən Yaşar/ Turkustan.az