ABŞ Administrasiyası Tehranın uranın zənginləşdirilməsi proqramını tamamilə ləğv edəcəyi halda, İranı nüvə yanacağı ilə təchiz etməyə hazır olduğunu bəyan edib.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt "Bloomberg" agentliyinə verdiyi müsahibədə məlumat verib.
"Biz İrana nüvə yanacağını xaricdən çatdıra bilərik. Onlar yenidən beynəlxalq ictimaiyyətə qoşularaq, öz xalqına sülh və rifah gətirə bilərlər", - deyə Rayt qeyd edib.
Nazirin sözlərinə görə, Birləşmiş Ştatlar uran tədarükü üzrə öz zəncirini, demək olar ki, tam hazırlayıb. Rayt bildirib ki, Energetika Nazirliyi uran istehsalı və tərəfdaşlıq əməkdaşlığı sahəsində uzunmüddətli razılaşmaların hazırlanmasını yekunlaşdırır.
"Biz danışıqlar aparmağa üstünlük veririk. Ya da onlar öz gizli, məxfi və ört-basdır edilən nüvə silahı yaratmaq proqramını davam etdirərək Amerika hərbçiləri ilə üz-üzə gələ bilərlər. Bu isə onların nüvə silahı inkişaf etdirməyəcəklərinə zəmanət verir", - deyə Rayt əlavə edib.
O, həmçinin neft bazarı iştirakçılarını Hörmüz boğazındakı vəziyyətlə bağlı həddindən artıq nikbinlikdən çəkinməyə çağırıb. Onun fikrincə, yaxın gələcəkdə İranla münasibətlərdə diplomatik irəliləyiş gözləməyə dəyməz.
Hazırda boğazdan gündəlik təxminən 10 milyon barel neft və neft məhsulları daşınır ki, bu da alternativ boru kəmərləri nəzərə alınmaqla, böhrandan əvvəlki həcmlərin yalnız üçdə ikisini təşkil edir. Nazir vurğulayıb ki, qlobal enerji bazarının hazırkı vəziyyəti son dərəcə qeyri-sabit və mürəkkəb olaraq qalır./oxu.az