Bermud Üçbucağında sirli “batmış şəhər” iddiası yenidən gündəmə gəlib.
Turkustan.az xəbər verir ki, okean xəritələşdirmə məlumatlarını araşdıran tədqiqatçılar Kuba və Haiti yaxınlığında dənizin dibində qeyri-adi həndəsi formalar aşkar ediblər.
Özünü UFO tədqiqatçısı kimi təqdim edən Skott C. Uorinq bu formaların qədim və nəhəng şəhərin qalıqları ola biləcəyini iddia edib. O, məlumatları bütün okean dibinin xəritələşdirilməsini hədəfləyən “Seabed 2030” layihəsinin açıq xəritələrini araşdırarkən aşkar etdiyini bildirib.
Xəritələrdə okean dibi boyunca uzanan zəif, paralel və bir-birini kəsən xətlər görünür. Uorinqin hesablamalarına görə, ərazi bir istiqamətdə təxminən 11-12 kilometr, digər istiqamətdə isə 5 kilometr uzunluğundadır.
Tədqiqatçı paylaşdığı videoda ərazidə çoxsaylı həndəsi formaların olduğunu və bunların “ağıllı varlıq tərəfindən yaradılmış qədim şəhərə” aid ola biləcəyini söyləyib.
Lakin bu iddianı təsdiqləyən elmi sübut yoxdur. Ərazidə arxeoloqlar və dəniz alimləri tərəfindən aparılmış birbaşa araşdırma da mövcud deyil. Buna görə də xəritədəki xətlərin insan tərəfindən yaradılmış tikililərin qalıqları olduğu hələ təsdiqlənməyib.

Aytən Yaşar/ Turkustan.az