İsrailin “Maariv” nəşri “Türkiyə səviyyəni yüksəldir. Növbəti hədəf 384 min kilometr uzaqdadır” başlıqlı məqaləsində Ankaranın kosmik proqramını diqqət mərkəzinə alıb.
Turkustan.az xəbər verir ki, nəşr Türkiyənin kosmos sahəsindəki fəaliyyətlərinin təməlinin 1990-cı illərdə qoyulduğunu, 2003-cü ildə “BILSAT-1”, 2011-ci ildə isə Türkiyənin ilk yerli müşahidə peyki “RASAT”-ın orbitə göndərildiyini xatırladıb.
2018-ci ildə Türkiyə Kosmik Agentliyinin yaradılması ilə bu fəaliyyətlərin vahid milli proqram çərçivəsində birləşdirildiyi qeyd olunub. Məqalədə Alper Gezeravcının 2024-cü ilin yanvarında kosmosa çıxan ilk türk olması da Türkiyənin kosmik proqramının mühüm mərhələlərindən biri kimi təqdim edilib.
“Türkiyənin gözü Aydadır”
Bildirilib ki, Türkiyənin qarşısındakı əsas hədəflərdən biri isə “AYAP-1” missiyasıdır. Layihə çərçivəsində Türkiyənin hazırladığı kosmik aparatın Ayın təxminən 100 kilometr yüksəklikdəki orbitinə çatdırılması və daha sonra Ay səthinə sərt enişi planlaşdırılır. İlk buraxılışın 2026-cı ildə həyata keçirilməsi nəzərdə tutulsa da, missiyanın 2027-ci ilə təxirə salındığı qeyd olunub.
“Əsas hədəf daha böyükdür”
İsrail nəşri Türkiyənin Ay proqramının “AYAP-1”-lə məhdudlaşmadığını vurğulayıb. Növbəti mərhələdə “AYAP-2” missiyası çərçivəsində Türkiyənin öz istehsalı olan buraxılış vasitəsi və mühərriklərdən istifadə etməklə Aya yumşaq eniş həyata keçirməsi və yerli kosmik aparatı Ay səthinə endirməsi hədəflənir. “Maariv” bununla Türkiyənin peyk texnologiyalarından insanlı kosmik uçuşlara, oradan isə Ay missiyalarına doğru irəlilədiyini və kosmik proqramında yeni mərhələyə qədəm qoyduğunu qeyd edib./publika.az