Litvada hava məkanında dron olduğu ehtimal edilən naməlum obyektin aşkarlanmasından sonra sarı səviyyəli hava həyəcanı elan edilib.
Turkustan.az xəbər verir ki, Litva Milli Böhranların İdarə Edilməsi Mərkəzi sentyabrın 13-də hadisə ilə bağlı Vilnüs, Trakay və Elektrenay rayonlarının sakinlərini məlumatlandırıb.
Sakinlərə vəziyyətlə bağlı yenilikləri izləmək və hava hücumu xəbərdarlığı zamanı gedə biləcəkləri ən yaxın sığınacağı əvvəlcədən müəyyənləşdirmək tövsiyə olunub.
Məlumata görə, NATO qırıcıları havaya qaldırılıb, Vilnüs hava limanının fəaliyyəti isə müvəqqəti dayandırılıb.
Litva Hərbi Hava Qüvvələri səhər saatlarında Varena yaxınlığında Rusiya Federasiyasının Kalininqrad vilayətinə doğru hərəkət edən naməlum obyekt aşkarlayıb. İlkin ehtimala görə, obyekt Belarus ərazisindən Litvaya daxil olub.
Saat 04:25-də obyekt Litva hava məkanını tərk edərək Kalininqrad vilayətinə keçib. Radar məlumatları əsasında vəziyyət dərhal qiymətləndirilsə də, obyektin növünü dəqiq müəyyənləşdirmək mümkün olmayıb.
Bildirilib ki, obyektin hərəkət istiqaməti və digər mövcud məlumatlar onun Litva sakinləri və ya digər obyektlər üçün birbaşa təhlükə yaratdığını göstərməyib.
Aytən Yaşar/ Turkustan.az