Ukrayna kəşfiyyatı: Rusiya 600 min nəfəri səfərbər etməyə hazırlaşır


Rusiya 2026–2027-ci illərdə əlavə səfərbərlik dalğası keçirməyə və ümumilikdə 600 min nəfəri hərbi xidmətə cəlb etməyə hazırlaşır.

Turkustan.az xəbər verir ki, Ukrayna Prezidentinin mətbuat xidmətinin məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Xarici Kəşfiyyat Xidmətinin məlumatlarına əsaslanan hesabatda bildirilib.

Hesabatda qeyd olunur ki, Rusiya Baş Qərargahı bu və gələn il ərzində 600 min nəfərin əlavə səfərbər edilməsi ilə bağlı plan hazırlayıb. Plana əsasən, 2026-cı ildə 300 min, 2027-ci ildə isə daha 300 min nəfərin hərbi xidmətə cəlb edilməsi nəzərdə tutulur.

Məlumata görə, yeni cəlb olunan şəxslərin ilk növbədə Ukraynaya qarşı döyüşən birləşmələrin və hərbi hissələrin, həmçinin hazırda formalaşdırılan Rusiya hərbi bölmələrinin şəxsi heyətlə komplektləşdirilməsinə yönəldilməsi planlaşdırılır.

Ukrayna kəşfiyyatı iddia edir ki, Rusiya rəhbərliyi əlavə səfərbərlik planını cəbhədə şəxsi heyət itkilərinin artması, müharibədə təşəbbüsün itirilməsi və regionlarda müqavilə əsasında hərbi xidmətə cəlb olunanların sayının azalması ilə əlaqələndirir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ