Şah İsmayıl Xətai haqqında davam edən müzakirələrə tənqdçi, publisist Azər Turan da qoşulub.
Turkustan.az xəbər verir ki, o, “Ədəbiyyat” qəzetində “Şah İsmayıl Xətai: İmtina etmək, yoxsa tarixi gizlin və gerçəklərinə baxmaq” adlı məqaləsində Səfəvilərin adına yazılan bir çox adət-ənənənin əslində, onlarla əlaqəsinin olmadığını iddia edib.
Bu, adətlərdən biri də Məhərrəmlik təziyələrində baş yarmaq ənənəsidir.
Müəllif qeyd edib:
“Məhərrəmlik təziyələrində başyarmaq ənənəsini də səfəvilərlə bağlayırlar. Guya bu adət Azərbaycana İrandan, özü də məhz səfəvilər dövründə gəlib. Yanlış yanaşmadır. Təhrifdir və bunu təsdiq edəcək hər hansı bir qaynaq yoxdur. Söhbət aşura təziyədarlığından getmir, bu mərasimlərdə başyarmaq kimi bidət, ziyanlı adətdən gedir. Baş yarmаq bidəti İrandan bura deyil, burdan, Qarabağdan İrana sirayət edib. Məhərrəmlik ayinlərində - Aşura günü baş yarmaq kimi əməllərin məhz Azərbaycana, daha doğrusu, Qarabağa bağlı siyasi qaynağı var. İdeya Qarabağ xanının vəziri Molla Pənah Vaqifə məxsusdur. Bu, ən azı, 1770-ci illərə təsadüf edir. “Şəbəgirdanlıq”ın tarixini tədqiq edən Yusif Vəzir Çəmənzəminli bu günə qədər populyar olmayan, təəssüf ki, heç bir kitabına da daxil edilməyən “Şəbəgirdanlıq” məqaləsində yazırdı ki, “Bizlərdə Aşura büsatını... şairimiz Molla Pənah Vaqifə isnad edirlər. Ələmdarların Qarabağda məşhur olduğunu və oradan da bir çox yerlərə sirayət etdiyini nəzərə alsaq, Molla Pənah Vaqifə isnad olunanların bir qədər doğru olduğu meydana çıxar...”.
Azər Turan qeyd edib ki, başyarmaq, zəncir vurmaq adəti əllişcə olan bir fanatizmin deyil, konkret bir siyasi situasiyanın yadigarıdır:
“Zatən xalq arasında da belə bir rəvayət var: “Bir gün İbrahim xan Şuşa şəhərində bir neçə adamı ölümə məhkum edir. Müqəssirlərin bağışlanması haqqında xanın eşikağası Molla Pənaha müraciət edirlər. Şair müqəssirlərin qohumlarına ağ kəfənlər geyib başlarını xəncər ilə yara-yara xanın dərbarına (sarayına) gəlmələrini tövsiyə edir. O biri sabah ağköynəklilərin zikri xanı yuxudan oyadır, xan balkona çıxır və həyətdəki fəcib mənzərəni gördükdə Molla Pənahdan izahat tələb edir. Şair tarixi vəqəni anlatdıqda xan qəşş eləyir və sonra dustaqların azad olunmasını əmr eləyir”. O zamandan başlayaraq “ağköynək dəstəsi” Aşura günləri xan sarayına gəlib zikr deyə-deyə başlarını yararlar. Dustaqları bu vasitə ilə bağışlatmaq sonralar da Qarabağda bir adət olmuşdu...
Sonralar bu adət tarixi qaynağını itirərək davam etdirildi. Deməli, başyarmaq, zəncir vurmaq adəti əllişcə olan bir fanatizmin deyil, konkret bir siyasi situasiyanın yadigarıdır və bunun Kərbəla hadisəsi ilə, yaxud səfəvilərlə heç bir əlaqəsi yoxdur. Yəni bunlar ki, əhli-beyt yolunda, hətta canlarına da qəsd edirlər, İbrahim xan onları necə əfv etməsin?! Ağköynəklər haqqında, baş yarmağın səbəbi barədə yeganə qaynaq Çəmənzəminlinin yazdığıdır və bundan da başqa hansısa mənbəyə təsadüf olunmur”./“Yeni Sabah”