Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və TƏBİB-in dəstəyi, Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə “Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihənin icrası uğurla davam edir.
QHT.az xəbər verir ki, hemofiliya və digər qanın laxtalanma pozuntularının keyfiyyətli müalicəsində həkimlərlə yanaşı, orta tibb işçilərinin də rolu əvəzsizdir. Pasiyentin xəstəliyinin gedişatının izlənilməsi, vaxtında və düzgün müdaxilə olunması, həmçinin müalicə həkimi ilə pasiyent arasında effektiv əlaqənin qurulmasında məhz tibb bacıları mühüm körpü rolunu oynayır.
Bu məqsədlə Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası tərəfindən peşəkar tibb mütəxəssislərinin iştirakı ilə regionlarda çalışan həkim və xüsusilə orta tibb işçiləri üçün elmi seminarlar keçirilir.
18.08.2026-cı il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və TƏBİB-in dəstəyi, Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə Quba Rayon Mərkəzi Xəstəxanasında “Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” mövzusunda seminar təşkil edildi.
Seminarın açılışında Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Dr. Azər Zeynalov Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası ilə birgə əməkdaşlığın nümunəvi fəaliyyəti barədə ətraflı məlumat verdi və görülən işlərin vacibliyini vurğuladı.
Daha sonra Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri Ayaz Hüseynov “Beynəlxalq təcrübəyə əsaslanan evdə müalicənin tətbiqi və faydası”, Respublika Klinik Xəstəxanasının həkim-hematoloqu Dr. Ələmdar Cəfərzadə “Hemofiliyanın multidisiplinar müalicə modeli”, Sumqayıt Hospitalının baş tibb bacısı Mirvarid Siracova “Hemofiliyanın müalicəsində tibb bacısının rolu”, MediClub Təcili Təxirəsalınmaz Tibbi Yardım həkimi, terapevt Dr. Mətin Mahmudov isə “Xarici və daxili qanaxmalar zamanı təcili tibbi yardım” mövzularında çıxış etdilər. Seminarın sonunda qanaxmaların qarşısının alınmasına dair praktiki nümayişlər keçirildi və sual-cavab sessiyası baş tutdu.
Seminarlar mərhələsi yekunlaşdıqdan sonra Bakı şəhərində geniş tərkibli hesabat konfransı keçiriləcək. Konfrans çərçivəsində hemofiliyanın müalicəsində aktual mövzular diqqət mərkəzində saxlanılaraq xüsusi təkliflər paketi hazırlanacaq və aidiyyəti dövlət səhiyyə qurumlarına təqdim ediləcək.
Layihənin əsas məqsədi hemofiliya xəstəliyinin ev şəraitində müalicə və profilaktika modelini təşviq etmək, bununla da uşaqların fiziki məhdudiyyət və əlillik qazanmadan, sağlam şəkildə böyümələrinə nail olmaqdır.






