Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmündən apellyasiya protesti verəcək.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Bakı Hərbi Məhkəməsinin 18 avqust 2026-cı il tarixli hökmü ilə Həsənov Rasim Əlövsət oğlu Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış ibtidai istintaqın nəticələrinə əsasən Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 313 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
"Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror çıxış zamanı Rasim Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Həsənov Rasim Əlövsət oğlunun əməlləri CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilərək 7 000 manat məbləğində cərimə cəzası təyin edilib, onun həbsdə olduğu müddət nəzərə alınmaqla cərimənin məbləği 5 000 manata endirilib.
Hökm dövlət ittihamçısına təqdim edildikdən sonra apellyasiya protestinin verilməsi məsələsi həll ediləcək", - məlumatda deyilir.
***
13:10
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Turkustan.az APA-ya istinadla bildirir ki, Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Rasim Həsənovun ittiham olunduğu maddələr 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəyə tövsif olunub.
Ona 15 min manat cərimə cəzası tətbiq olunub və məhkəmə zalından azadlığa buraxılıb.
Məlumata görə, ibtidai istintaqla Rasim Həsənovun 2021-2025-ci illərdə sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rasim Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.