Vens: İrana qarşı ən təsirli silah iqtisadi təzyiqdir


ABŞ vitse-prezidenti Cey Di Vens İranla müharibənin “yeni mərhələyə” keçdiyini və Vaşinqtonun hazırda Tehrana qarşı ən təsirli vasitəsinin iqtisadi təzyiq olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Vens podkast proqramında İranla bağlı vəziyyəti şərh edib. O, Hörmüz boğazının Tehran üçün mühüm təsir vasitəsi olduğunu qeyd edərək, ABŞ-ın ticarət gəmilərinə hücumlar fonunda enerji qiymətlərini aşağı salmağa çalışdığını bildirib.

Vitse-prezidentin sözlərinə görə, ABŞ həm enerji qiymətlərini azaltmaq, həm də İranı ticarət gəmilərinə hücumlara görə cəzalandırmaqla Tehrana iqtisadi təzyiqi artırmağı hədəfləyir.

“Biz yeni bir mərhələyə qədəm qoymuşuq. Hazırda ən təsirli vasitəmiz İrana tətbiq edə biləcəyimiz iqtisadi təzyiqdir”, – Vens deyib.

O əlavə edib ki, iqtisadi təzyiq İranın ABŞ ilə mümkün razılaşmalarla bağlı mövqeyinə də təsir göstərə bilər. Vensin açıqlamaları ABŞ administrasiyasının İrana qarşı iqtisadi təzyiqi gücləndirdiyi bir vaxta təsadüf edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ