Çin Cənubi Çin dənizindəki mübahisəli Parasel adalarında yerləşən Antilop rifində süni adanın tikintisinin ilk mərhələsini başa çatdırıb.
Turkustan.az xəbər verir ki, bu inkişaf Pekinin ərazidə hərbi obyekt yarada biləcəyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
“Reuters”in məlumatına görə, iyulun 19-da Vantor tərəfindən çəkilən kommersiya peyk görüntüləri Antilop rifində aparılan işlərin son mərhələsini göstərib. Altı aydan çox davam edən intensiv tikinti işlərindən sonra dib qazma gəmiləri və barjaların ərazidən uzaqlaşdığı müşahidə olunub.
Dəniz dibindən çıxarılan qum hesabına yaradılan quru sahəsinin uzunluğu təxminən 6 kilometr, ərazisi isə 1 458 akr təşkil edir. Asiya Dəniz Şəffaflığı Təşəbbüsünün (AMTI) məlumatına görə, bu göstərici Antilop rifini Çinin Cənubi Çin dənizində yaratdığı ən böyük süni quru sahəsinə çevirir. O, 1 379 akr ərazisi olan Mischief rifini geridə qoyub.
Ekspertlər hesab edirlər ki, strateji mövqedə yerləşən ərazidə gələcəkdə hərbi obyektlərin yaradılması Çinin regiondakı hərbi imkanlarını genişləndirə bilər. Bu ehtimal xüsusilə Tayvan ətrafında mümkün gərginlik ssenariləri fonunda ABŞ üçün diqqətçəkən məsələ kimi qiymətləndirilir.
Aytən Yaşar/ Turkustan.az