Tərtərdə stress və travmanın təsirlərinin idarə olunmasına həsr olunmuş təlim keçirilib


18.08.2026-cı il tarixində Tərtər rayonunda mina və partlamamış hərbi sursatlardan (PHS) zərərçəkmiş şəxslərin psixoloji dayanıqlığının gücləndirilməsi istiqamətində növbəti psixososial dəstək təlimi keçirilib.

QHT.az xəbər verir ki, “Şəfa Psixoloji Sosial Yardım” İctimai Birliyinin həyata keçirdiyi “Mina və partlamamış hərbi sursatlardan (PHS) zərərçəkmiş şəxslərin psixososial reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına dəstək” layihəsi çərçivəsində təşkil olunan ikinci təlim “Stress, travma və psixoloji gərginliyin idarə olunması” mövzusuna həsr edilib.

Təlimin Tərtərdə keçirilməsi xüsusi məna daşıyır. Uzun illər müharibənin ağır nəticələri ilə üz-üzə qalan Tərtər əhalisi həm intensiv atəşə tutulma, həm də mina və partlamamış hərbi sursat təhlükəsi ilə bağlı müxtəlif travmatik təcrübələr yaşayıb. Bu hadisələrin insanların psixoloji vəziyyətinə təsiri bəzən hadisədən uzun müddət sonra da özünü göstərə bilir.

Təlim zamanı iştirakçılara travmatik hadisələrdən sonra yaranan stress və psixoloji gərginliyin insanın düşüncə və davranışlarına, ailə münasibətlərinə və gündəlik fəaliyyətinə təsirləri barədə məlumat verilib. Qorxu, narahatlıq, əsəbilik, yuxu problemləri, diqqət dağınıqlığı və digər emosional reaksiyaların travmadan sonra müşahidə oluna biləcəyi izah edilib.

Mövzunun mənimsənilməsini asanlaşdırmaq məqsədilə nəzəri məlumatlarla yanaşı, praktiki məşqlərə də geniş yer verilib. İştirakçılar gərgin vəziyyətlərdə özlərini sakitləşdirmək, emosiyaları idarə etmək, diqqəti hazırkı ana yönəltmək və gündəlik həyatda psixoloji gərginliyi azaltmaq üçün istifadə oluna biləcək sadə üsulları tətbiq ediblər.

Qrup müzakirələri zamanı iştirakçılar öz təcrübələrindən çıxış edərək stress yaradan vəziyyətlərə münasibətlərini bölüşüb, çətin anlarda insanın davranışlarının psixoloji vəziyyətə necə təsir göstərə biləcəyi barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı vurğulanıb ki, travmatik hadisəni tamamilə unutmaq həmişə mümkün olmasa da, onun insanın sonrakı həyatına təsirini daha sağlam şəkildə idarə etmək mümkündür. Bunun üçün insanın öz hiss və emosiyalarını tanıması, onları sağlam şəkildə ifadə etməsi, yaxınlarının dəstəyindən yararlanması və zərurət yarandıqda mütəxəssis yardımına müraciət etməsi mühüm əhəmiyyət daşıyır.

Təlim iştirakçıların fəal iştirakı, səmimi fikir mübadiləsi və qarşılıqlı dəstək şəraitində keçirilib. Sonda iştirakçılar əldə etdikləri bilik və bacarıqların gündəlik həyatlarında faydalı olacağını qeyd edib, mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilir.

Layihə çərçivəsində mina və PHS-dən zərərçəkmiş şəxslərin psixoloji dayanıqlığının artırılması, sosial həyata uyğunlaşmasının asanlaşdırılması və cəmiyyətə reinteqrasiyasına dəstək məqsədilə psixososial xidmət və təlimlər davam etdiriləcək.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ