ABŞ Dövlət Departamenti Qəzza üçün hazırlanmış 21 maddəlik sülh planının tam şəkildə həyata keçirilməsinə sadiq qaldığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Departament həmçinin Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin maliyyələşdirilməsi ilə bağlı Konqresə məlumat verildiyini bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot “New York Times” qəzetinə müsahibəsində İsrail rəsmilərinin ziddiyyətli açıqlamalarına baxmayaraq, Vaşinqtonun Qəzzada sülh planının həyata keçirilməsini dəstəklədiyini vurğulayıb.
“Biz Prezident Donald Trampın tarixi 21 maddəlik sülh planının tam şəkildə həyata keçirilməsinə sadiqik”, – Piqot bildirib.
O qeyd edib ki, Beynəlxalq Sabitləşdirmə Qüvvələri Qəzzada təhlükəsizliyin və sabitliyin təmin olunması baxımından planın əsas komponentlərindən biridir. Piqot əlavə edib ki, ABŞ bu istiqamətdə zəruri addımları atmağa davam edir.
Aytən Yaşar/ Turkustan.az