Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 107-ci ildönümü ərəfəsində Modern.az Məmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə ilə həmsöhbət olub.
O, atasının - Məmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadənin sürgün illərində başına gələnlərdən, İranda hərbi xidmət dövründə yaşadığı müəmmalı hadisələrdən və atası ilə gizli görüş təklifindən imtina etməyindən danışıb.
Rais Rəsulzadə atasının sürgün həyatı, bacısı qızı Firuzənin uşaq evindən necə tapılması və Rəsulzadənin ölüm xəbərinə necə reaksiya verdiyi barədə də xatirələrini bölüşüb.
Müsahibədən bir hissəni təqdim edirik:
“Atam babamla görüşməkdən imtina etdi”
“Atam əsgərlikdə İranda olub. Onun da qəribə əhvalatı var. Repressiya olunanları əsgərliyə aparmırlar. Aparsalar da, ancaq cəza batalyonuna aparırdılar, ya da ağır işlərlə məşğul olurdular. Atamı da Qazaxıstanın Çin sərhədinə ən yaxın ərazidə yerləşən mədənə göndərmişdilər. 1943-cü ildə - müharibə gedən vaxt atamı çağırırlar hərbi hissəyə. Atamın fəhlə paltarını hərbi forma ilə əvəzləyirlər, pul verirlər və deyirlər ki, getməlisən Məşhədə - İrana. Gözləri kəlləsinə çıxır ki, bu necə ola bilər?
Atam İranda meşənin içində artilerya qoşunlarında xidmət göstərir. Həmin vaxt Tehran Konfransı ərəfəsi idi. Atam da tarda çox yaxşı ifa edirdi, rəssamlığı vardı. Orada da bu işlərlə məşğul idi. Hərdən icazə verirdilər şəhərə çıxsın. Bizlə söhbət edəndə deyirdi ki, şəhərə çıxanda bir də gördüm, bizim məhəllənin uşaqlarından var. Bakıda yaşayan, daha sonra sürgün edilən qonşularımız idi. Atama demişdilər ki, Azər, səni evimizə dəvət edirik. Atam icazə alır, icazə verirlər. Tarın götürüb gedir. Stol açırlar, söhbət edirlər. Deyirdi ki, çıxdım siqaret çəkməyə biri mənə yaxınlaşdı ki, sən Məmməd Əmin Rəsulzadənin oğlusan? Deyir tutuldum, baxdım ki, nədir? Dedilər, onu səninlə görüşdürmək istəyirik.
Atam da bundan şübhələnib. Deyir fikirləşdim ki, bu necə olan bir şeydir, məni cəza batalyonundan götürüb bura gətirib, atamla görüşdürəcəklər? Görüşmək istəmədiyini deyib. Sonra kimsə Məhəmməd Əminə çatdırıb ki, belə təklif edilib oğluna, amma o razı olmayıb. Babam da deyib düz iş görüb, ehtiyatlı davranıb".
"Atam Firuzəyə pasport düzəltdirmək üçün Stalinin portiretin çəkib"
"Oradan qayıdır Bakıya, daha sonra gəlir biz qaldığımız yerə. Bakıya gələndə Gülsümgilin evinə gəlir ki, xalası oğlanların görsün. Deyir içəri girib, təzə oturmuşduq ki, qapı döyülməyə başladı. Orada da qapı külək vurun kimi taqqıldayırdı, amma gördülər ki, pasportları yoxlamaq üçün gəliblər. Atam da rəsmi icazəsiz, yolüstü gəlmişdi. Arxa qapıdan tələsik çıxır. Həmişə nəzarətdə olub. Sonra xəbər tutdu ki, bacısı qızı Firuzə uşaq evindədir. Gedib o uşaq evini axtarıb tapır. Firuzə də bu haqda danışır. Deyir, dayım gəlmişdi baxırdı üzümə, onu tanıya bilməyib atam, amma Firuzə atamı tanıyıb, qaça-qaça üstünə gəlib. Atam sonra Firuzəni bizə gətirdi. Stalinin portretini çəkmək qarşılığında ona pasport da düzəltdirib".
“Məhəmməd Əmin Rəsulzadənin ölüm xəbərini eşidəndə atam evdə gizlin ağladı”
Atam Rəsulzadənin vəfatı haqqında danışır ki, Qazaxıstanda sürgündə olduğu vaxt bazar kimi yer var idi. Meydanda rəsm çəkən vaxtları gözünə Qafqaz tipində biri sataşır. Görüb ki, yaxınlaşmır, gəlmir, amma ona baxır, hara gedirəm ora gəlir. Ağlında şübhə olub ki, bunu güdürlər. Sonda dözə bilməyib, gedib deyib ki, nə var, məni güdürsən? O da deyib, hə. Atam da deyib ki, indi işim var, işim bitəndən sonra gələrsən, görüşərik. Stol açıb, yemək yeybilər. Atam deyib, keçək mətləbə. O da heç nə deməyib, sağollaşıb gedib. Yəni bizim harada olduğumuzu bilirdilər izləyirdilər. Bir müddət keçəndən sonra – 1955-ci ildə atamı çağırırlar. Deyirlər ki, atan rəhmətə gedib. Atam bu xəbərdən sonra deyib ki, yəqin bundan sonra bizi rahat buraxarsınız. Onlar da deyib yox, biz sizi ora göndərə bilərik, amma müəyyən şərtlərlə. Atam buna razılaşmayıb, dəfnə getməyib, deyib şərtlərinizi yerinə yetirmək istəmirəm, getməyib. Amma oradan gələndən sonra evdə gizlin ağlayırdı. Elçin Əfəndiyev də danışırdı ki, Rəsulzadənin ölüm xəbərin eşidəndə onu tanıyanlar gizlin yas saxlayırdı, onlar da atam kimi gizlin ağlayırdılar".
Müsahibənin tam versiyası yaxın vaxtlarda yayımlanacaq