Sədr xalası oğlunu direktor, yeznəsini müavin təyin edib?


Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev öz qohumlarına vəzifə verib.

Turkustan.az Tribunainfo.az-a istinadla xəbər verir ki, fond rəhbəri xalası oğlu Mail Məmmədovu DSMF-yə icraçı direktor, bacısının həyat yoldaşı Şahin Əliyevi isə özünə müavin təyin edib.

Onların peşəkar təcrübəsinin olub-olmadığı, əvvəlki iş yeri və vəzifələri barədə də məlumat yoxdur. Bu şəxslərin əvvəllər Dövlət Sosial Müdafiə Fondunda işləyib-işləmədikləri barədə də heç bir məlumata rast gəlinmir.

Bu təyinatların hansı formada, hansı meyarlara və göstəricilərə əsasən aparıldığını dəqiqləşdirmək üçün DSMF-yə sorğu göndərilsə də, cavab almaq mümkün olmayıb.

Qeyd edək ki, məmurların öz yaxınlarına vəzifə verməsi qanunla qadağandır.

***

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyevin guya yaxın qohumlarına vəzifə verməsinə dair yayılan xəbər yalandır.

Bu barədə DSMF məlumat yayıb.

Bildirilib ki, heç bir fakta əsaslanmadan bir saytın dərc etdiyi, sonradan bəzi saytların da ona istinadən, dəqiqləşdirmə aparmadan yaydığı bu məlumatda DSMF-nin icraçı direktorunun Fond sədrinin xalası oğlu, sədr müavinin isə sədrin yeznəsi olması barədə yer alan iddia tam əsassızdır.

Belə ki, Fondun icraçı direktoru təyin olunan Mail Məmmədovun anası Dadaşova Yaqut Dadaşxan qızı, Fondun sədri Zəka Mirzəyevin anası isə Sadıqova Pərvuzə Ağasəlim qızıdır.

Fondun sədr müavini təyin olunan Şahin Əliyevin qaynatası Yaşılxan Əliyev, Zəka Mirzəyevin atası isə Aqil Mirzəyevdir.

Göründüyü kimi, hər hansı sözügedən qohumluq əlaqələrindən söhbət gedə bilməz.

Təyin olunan hər iki şəxs uzun illərdir ki, DSMF-nin struktur bölmələrində çalışırlar və sosial müdafiə sahəsində peşəkar təcrübələri ilə seçilirlər.

Qeyd edilən yalan xəbəri yaymış media subyektlərindən media qanunvericiliyinə uyğun olaraq, bu təkzib məlumatını dərc etməyi xahiş edirik.


MANŞET XƏBƏRLƏRİ